Mədəni-ədəbi
irsimizin Mümtazı
Bu il görkəmli ədəbiyyatşünas,
şair, ədəbiyyat tariximizdə xidmətləri olmuş
fədakar ziyalı Salman Mümtazın (1884–1941) anadan
olmasının 140 illiyidir. Salman Mümtaz klassik ədiblərimizin
əlyazmalarını toplayıb, zəngin bir irsin
günümüzə gəlib çıxması
üçün böyük zəhmətə qatlanıb. “Azərbaycan
ədəbiyyatının qaynaqları” kitabını
yazıb.
Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində Salman Mümtaz ekspozisiyasının
açılış mərasimi olub.
Muzeyin direktoru akademik Rafael Hüseynov tədbirdə
çıxış edərək Salman Mümtazın milli ədəbiyyatımızın
tanınmasında göstərdiyi xidmətlərdən
danışıb. Qeyd edib ki, Salman Mümtaz ömrünü
Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq
poeziyası və folklor nümunələrinin toplanmasına və
nəşrinə sərf edib.
Alim bildirib ki, 1937-ci ilin qanlı repressiya
burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu
“Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində
buraxdığı “ideoloji səhvlərini” əsas göstərərək
pantürkizm və millətçilikdə ittiham edirdilər.
“Xalq düşməni” damğası vurulan Salman Mümtaz
tutduğu vəzifələrdən azad edildi və
Bakıdakı evində siyasi düşmən kimi həbs
olunaraq, ağır işgəncələrə məruz
qaldı. Həbs olunan zaman topladığı 270-ə
yaxın əlyazma məhv edildi.
Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum
edilərək Rusiyanın Oryol vilayətinə sürgün
olundu və həmin bölgənin yaxınlığında
Medvedski meşəsində güllələndi.
Rafael Hüseynov deyib: “Salman Mümtazın
Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin
ortalarında, tələbəlik dövrümdə əvvəldən-sonadək
araşdırmışdım. Onun şəxsi
kitabxanasında olmuş, evinə gedib-gələn alimlərin,
ədiblərin şəhadətinə əsasən tərtib
edilmiş 258 addan ibarət siyahını da o vaxt ilk dəfə
görmüşdüm”.
Alim bildirib ki, Azərbaycanın repressiyaya məruz
qalan şair və yazıçıları xalqımız tərəfindən
ehtiramla yad edilir və ediləcək.
Tədbirdə tədqiqatçı-alim Şəlalə
Hümbətova, S.Mümtaz adına Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Könül Nəsibova
Salman Mümtaz yaradıcılığı haqqında məlumat
veriblər.
Salman Mümtazın nəvəsi şərqşünas-alim
Urxun Qalabəyli babasının xatirəsinə göstərilən
diqqətə görə minnətdarlığını
bildirib.
***
Qeyd edək ki, görkəmli alimin 140 illiyi ilə
bağlı Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanası “Türk dünyasının Mümtaz oğlu”
adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın
Mümtazı” adlı videomaterial hazırlayıb.
Kitabxanadan bildirilib ki, materiallarda şairin gənclik
illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin”
jurnalı, Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutu və Azərbaycan Dövlət Muzeyində xidmətləri,
Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan
ədəbiyyatının görkəmli simaları ilə
birgə fəaliyyəti haqqında məlumat verilir.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.6.