“Animafilm”in yolu Lənkərandan
keçib
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan
Animasiya Assosiasiyasının təşkilatçılığı
ilə “Animafilm” festivalı regionlarda” layihəsi 16-17 may tarixlərində
Lənkəranda gerçəkləşib.
Animasiya kinosunun təbliği məqsədilə
keçirilən tədbir zamanı Lənkəran şəhər
Mədəniyyət Mərkəzində iki gün ərzində
29 film nümayiş edirilib.
Hər nümayişdən sonra
tamaşaçılarla geniş müzakirələr təşkil
olunub. Müzakirələrdə “Animafilm” festivalının
kreativ direktoru Nəzrin Ağamalıyeva, rejissor Elçin Hami
Axundov, Lənkəran Dövlət Dram Teatrının
aktyorları Allahverən Babayev, Əbülfəz Axundov və
başqaları fikirlərini bölüşüblər.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid
Ağamalıyev, Lənkəran Şəhər İcra
Hakimiyyəti başçısının müavini Ülviyyə
Əliyeva, Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar
Qılıncov və Lənkəran şəhər Mədəniyyət
Mərkəzinin direktoru Anar Kəkəyev layihə haqqında
danışıblar.
Festivalda tamaşaçıların səsvermə (bəyənmə)
sayına görə “Pıspısa xanım və Siçan bəy”
(rejissor Məsud Pənahi, Ağanağı Axundov – Azərbaycan),
“Hər bir yerdə” (“Everywhere”, rejissor Step Cheung, Kai Chung Ng –
Çin) və “Müharibənin sonu” (“The End of War”, rejissor
Lei Chen – Çin) filmləri qalib olub.
Festival çərçivəsində sənədli
animasiya vörkşopu da keçirilib. Rejissorlar Nəzrin
Ağamalıyeva və Elçin Hami Axundov
iştirakçılara sənədli animasiya ilə
bağlı məlumat veriblər.
Qeyd edək ki, “Animafilm” festivalı regionlarda” layihəsi
çərçivəsində 2021-ci ildə Şəkidə,
2023-cü ildə isə Naxçıvanda tədbirlər keçirilib.
Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.4.