İllər öncə qəzetlər nədən yazırdı?

 

Milli Kitabxananın dövri mətbuat arxivindən (16)

 

Ötən əsrin ikinci yarısında Azərbaycan mətbuatı tarixində “Bakı” qəzetinin xüsusi yeri vardı. Paytaxtda, eləcə də Bakının qəsəbə və kəndlərində sosial-iqtisadi, ictimai həyatı, yenilikləri geniş işıqlandıran qəzetin səhifələrində dövrün mədəni mənzərəsinə də xüsusi yer ayrılırdı. Yığcam, eyni zamanda mümkün qədər dolğun informasiyalar, qısa (ayaqüstü) müsahibə və reportajlar qəzetin formatına da tam uyğun idi.

Mətbuat xronikasında bu dəfə 56 il əvvələ qayıdaraq “Bakı” qəzetinin 1968-ci ilin may ayı üzrə nömrələrindən seçmələri diqqətə çatdırırıq.

Seçmələrdə qəzetdəki orfoqrafiya saxlanılıb.

***

Kitab-şəkil sərgisi

M.F.Axundov adına respublika kitabxanası yarıməsrlik yubileyini qeyd edən şanlı sovet sərhədçilərinə (28 may SSRİ-də “Sərhədçilər günü” idi – red.) kitab-şəkil sərgisini həsr etmişdir. Sərginin stendlərində “V.İ.Lenin. Sovet Ordusu haqqında” məcmuəsi, Leninin “Özünüzü casuslardan qoruyun!” məqaləsi, “Sov.İKP XXIII qurultayının materialları” məcmuəsi və başqa sənədlər nümayiş etdirilir.

“Narahat xidmət”, “Lenin qvardiyasının döyüşçüləri” məcmuələrində, polkovnik V.Platonovun “Bu əhvalat burda olmuşdur” mövzusunda xatirələrində və digər kitablarda yaşıl papaqlı əsgərlərin dəyanətindən, mərdlik və qəhrəmanlığından bəhs olunur.

“Bülbül” ekrana çıxır

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Bülbül” adlı yeni qısametrajlı filmin çəkilişi qurtarmışdır. Ssenarı müəllifi musiqişünas Kərim Kərimov, rejissor Musa Bağırov, operator Əlibala Ələkbərovdur.

Bülbülün anadan olmasının 70 illiyinə həsr edilmiş filmdə məşhur müğənninin uşaqlıq dövrü, İtaliyada təhsil aldığı illər, yaradıcılıq fəaliyyəti öz əksini tapmışdır.

Xalq şairi Süleyman Rüstəmin, SSRİ xalq artisti Qara Qarayevin, SSRİ Böyük Teatrının baş rejissoru, SSRİ xalq artisti İ.Tumanovun, SSRİ xalq artisti İ.Kozlovskinin Bülbül haqqında xatirələri filmə daxil edilmişdir.

“Bakı” qəzeti, 28 may 1968-ci il

***

Zaqafqaziya ədəbi tənqidçilərinin məclisində

Bu gün Zaqafqaziya respublikaları ədəbi tənqidçilərinin müşavirəsinin (29–31 may tarixlərində keçirilib – red.) ikinci günüdür. Onun iştirakçıları sovet yaradıcı ziyalılarının – tənqidçilərinin və ədəbiyyatşünasların mübariz dəstəsinin yüksək vəzifəsi haqqında, zəhmətkeşlərin kommunist tərbiyəsi uğrunda mübarizədə onların yeri haqqında qızğın və maraqlı söhbətlər aparırlar.

Müşavirədə Azərbaycan ədəbi tənqidinin inkişafı haqqında S.Əsədullayevin, müasir tənqidin metodologiyası haqqında S.Sarinyanın və ədəbi tənqidin ideya və estetik meyarının vəhdəti haqqında B.Jkentinin məruzələri dinlənmişdir.

Müzakirələrdə Moskva Dövlət Universitetinin professoru Əziz Şərif, Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi B.Nəbiyev, Moskva ədəbiyyatşünasları Q.Brovman, L.Yakimenko və başqaları çıxış etmişlər.

Müzakirə öz işini davam etdirir.

Kinematoqrafçıların plenumunda

Bu gün Moskvada SSRİ Kinematoqrafçılar İttifaqının plenumu işə başlamışdır. O, kino sənətində bədii surətlərin yaradılması məsələsinə həsr olunmuşdur.

Plenumda Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, SSRİ xalq artisti Adil İsgəndərov, əməkdar incəsənət xadimləri, kino rejissorları Həsən Seyidbəyli, Tofiq Tağızadə, ssenarist Rüstəm İbrahimbəyov iştirak edirlər.

“Bakı” qəzeti, 30 may 1968-ci il

 

Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.6.