Azərbaycan və Kərkük ədəbi irsinin tədqiqatçısı

 

Mayın 22-də AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan və Kərkük ədəbiyyatı və folklorunun görkəmli tədqiqatçısı Əta Tərzibaşının 100 illiyinə həsr edilmiş “Əta Tərzibaşı və Türkman ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

İkigünlük konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqində Əta Tərzibaşının ümumtürk folkloru və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib. Qeyd edib ki, görkəmli tədqiqatçının Məhəmməd Füzuli haqqında araşdırmaları dünya füzulişünaslıq elmi və Azərbaycan folkloru üçün etibarlı və qiymətli mənbə olmaqla yanaşı, həm də ədəbiyyatımız üçün bələdçi rolunu oynayır.

AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov alimin Füzuli yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar barədə məlumat verib. Diqqətə çatdırıb ki, Folklor İnstitutunun “Dədə Qorqud” elmi-ədəbi toplusunun bir buraxılışı Əta Tərzibaşının Füzuli haqqında araşdırmalarına həsr olunub.

Konfransda məruzələr dinlənilib. Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçi “Əta Tərzibaşının məqalələrinin dəyərləndirilməsi üzərinə bir araşdırma”, professor Qəzənfər Paşayev “İraq-türkman ləhcəsinin tədqiqində Əta Tərzibaşı mərhələsi”, “Türkmaneli” ədəbiyyat və sənət dərgisinin redaktoru Necat Kevseroğlu “Əta Tərzibaşının həyatı və əsərləri”, professor Ömər Türkmənoğlu “Əta Tərzibaşının İraq-türkman musiqisinə töhfələri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini əyani və onlayn formatda keçirilən panel iclaslarla davam etdirib. Əta Tərzibaşının zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını ehtiva edən müxtəlif məruzələr dinlənilib və çıxışlar ətrafında ayrıca müzakirələr aparılıb.

Elmi konfrans mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında işini davam etdirib.

 

Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.7.