“Violində səslənən
musiqi ilə sanki nağıllar aləminə qərq
olurdum...”
Bu günlərdə (9 may) həmyerlimiz, İzmir Opera
və Balet Teatrı Simfonik Orkestrinin konsertmeysteri, violin
ifaçısı Rövşən Müzəffərov
doğma Vətənində konsert proqramı ilə
çıxış etdi. Azərbaycan Milli
Konservatoriyasının baş müəllimi, pianoçu Arzu
Səfərova ilə çıxış edən violin
ifaçısı bu dəfə də musiqisevərlərin
alqışlarını aldı. Azərbaycan bəstəkarlarının
məşhur əsərlərinə müraciət olunduğu
konsertdən sonra Rövşən Müzəffərovla
söhbət etdik.
– Rövşən bəy, Bakıda dəfələrlə
çıxış etmisiniz. Bu konsertlə bağlı təəssüratınız
necədir?
– Mütəmadi olaraq doğma Bakıya gəlib
müxtəlif konsert proqramı ilə çıxış
edirəm. Üzeyir bəyin ocağı sayılan Bakı
Musiqi Akademiyasının böyük zalında, Beynəlxalq
Muğam Mərkəzində, Kamera və Orqan Musiqisi
Zalında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında
ifa etmişəm. Vətənimdə çıxış edərkən
böyük bir məsuliyyət hiss etdiyimdən təbii olaraq
həyəcanlanıram. Bu konsertlər mənim
düşüncəmə görə, bir növ həmvətənlərimin
qarşısında sənət hesabatım kimi qəbul
edilir. Çünki klassik musiqini sevənlər hər dəfə
xaricdə yaşayan sənətçi həmvətənlilərindən
yeni nəfəs, yüksək peşəkarlıq,
tamaşaçılara bədii-estetik zövqlə ərməğan
edilən töhfələr gözləyir. İzləyicilərin
əksəriyyəti professional səviyyəli incəsənət
xadimləri və tələbələr olur. Bu amillər və
Vətənimə olan sevgim qarşıma qoyduğum
missiyanın öhdəsindən gəlmək
üçün məni gücləndirir, ilhamlandırır.
– İllər öncə də bir konsertinizdə Arzu
Səfərova ilə eyni səhnəni
bölüşmüşdünüz.
– Həm Bakıda, həm də İzmirdə dəfələrlə
Milli Konservatoriyanın baş müəllimi Arzu Səfərova
ilə çıxış etmişəm. Arzu xanım
tanınmış pianoçu Elmira Nəzirovanın sənət
ənənələrinin davamçısıdır. Sənətin
spesifik xüsusiyyətlərini dərindən və peşəkarcasına
mənimsəyən Arzu xanım böyük uğurlara imza
atan musiqiçilərimizdəndir. O, gənc istedadlı
ifaçıların böyük səhnələrdə
püxtələşərək tanınmasında
mühüm rol oynayır. Məhz belə keyfiyyətli
ifaçılıq xüsusiyyətlərinə qadir olan
professional konsertmeysterlə eyni səhnəni bölüşərkən
ifaçıda əminlik, rahatlıq, komfort yaranır və
konsert yüksək səviyyədə tamaşaçılara
təqdim edilir. Məhz bu meyarlara əsaslanaraq konsertlər
zamanı ona müraciət edirəm.
– Bildiyim qədər, konsert coğrafiyanız
genişdir...
– Solo, həm də ansambl ifaçısı olaraq Azərbaycan
və Türkiyə ilə yanaşı, Orta Asiyanın bir
sıra respublikaları, eləcə də Rusiya, Yaponiya,
Belçika, Hollandiya, Fransa, Şimali Kipr, İngiltərə
və digər ölkələrdə çıxış
etmişəm.
– Xalq musiqisi sədaları altında
böyümüsünüz. Atanız tanınmış tarzəndir.
Bəs nə əcəb violin alətini seçdiniz?
– Tar ustadı Elxan Müzəffərovun ailəsində
dünyaya göz açmışam. Atam bir çox peşəkar
tar ifaçılarına dərs deyib. Təqaüdə qədər
Musiqi Kollecində, Milli Konservatoriyada müəllim kimi fəaliyyət
göstərib. Uşaqlıqdan evimizdə xalq musiqisi,
muğamlar səsləndirilib. Hətta bir sıra
tanınmış sənətkarlar evimizdə qonaq olublar.
Onlar müxtəlif xalq çalğı alətlərində
ifa edərdilər. Bütün bunlar yaddaşımda dərin
iz qoyub. Violini seçməyimə gəlincə, televiziyada hər
dəfə konsertlərdə violin görəndə, onda səsləndirilən
əsərləri dinləyəndə sanki nağıllar aləminə
qərq olurdum. Bəllidir ki, violin və violin ailəsinə mənsub
olan alətlər insan səsini təqlid edir. Sözlər səslər
vasitəsilə ifadə olunur. Həm də violin orkestrin
priması hesab edilir. Atamla bu alətə olan sevgimi, alətin
tembr xüsusiyyətlərinə vurğunluğumu
dostcasına bölüşdüm. Məhz atamın
xeyir-duası ilə Musiqi Kollecində violin dərsi keçən
çox istedadlı pedaqoq Tacəddin Manafovun yanına gəldik.
Tacəddin müəllimin mənə bəxş etdiyi biliklər
sayəsində təhsilimi Azərbaycan Dövlət
Konservatoriyasında (indiki BMA) Xalq artisti Sərvər Qəniyevin
sinfində davam etdirdim.
– Azərbaycan və Türkiyənin konsert müəssisələri
arasında əlaqələrin inkişafı
üçün nələr etmək lazımdır?
– Azərbaycan-Türkiyə arasında olan sıx mədəni
əlaqələrin daha da inkişafı naminə son səfərimdə
müxtəlif layihələr barədə planlarımı
görüşlər zamanı qarşı tərəfə
təqdim etmişəm. Əgər bu layihələr həyata
keçsə, düşünürəm ki, hər iki
dövlət üçün çox faydalı olar.
– Hazırda hansı yeni layihələr üzərində
işləyirsiniz?
– Düzü, əvvəlcədən hazır olmayan,
həyata keçməyən, danışıq üzərində
qurulan, rəsmiləşməmiş planları şərh
etməyi xoşlamıram. Layihə və konsertlər dəqiqləşəndən
sonra mütləq sizi məlumatlandıraram.
– Oxucularımıza nə sözünüz var?
– Sənət kredomun inkişaf edərək yüksəlişində
ustadım Xalq artisti, professor Sərvər Qəniyevin
mühüm rolu var. Bəllidir ki, böyük sənətkarımız
ömrünün çox hissəsini mühacirətdə
yaşasa da, qəlbi daim vətən sevgisi ilə
döyünüb. Mən də sanki ustadımın taleyini
yaşayıram. Sərvər müəllim yetirmələri
üçün hər mənada bariz nümunədir. Sərvər
Qəniyev də, mən də, hər hansı bir dövlətdə
solo konsert proqramı ilə çıxış edərkən
mütləq Azərbaycan bəstəkarlıq məktəbi
nümayəndələrinin əsərlərinə müraciət
etmişik. Əsas məqsədimiz xalqımızın zəngin
mənəvi, mədəni sərvətini təbliğ edərək
izləyiciləri maarifləndirməkdən ibarətdir.
Son zamanlar dövlətimiz tərəfindən Vətəndən
uzaqlarda yaşayan soydaşlarımızın, xüsusilə,
incəsənət xadimlərinin respublikamıza dəvət
edilməsi məni bir azərbaycanlı olaraq çox
sevindirir. Bu sənətkarlar konsertlərdə, ustad dərslərində,
dövlət tədbirlərində çıxış edərək
bilik və sənət təcrübələrini
tamaşaçılarla, gənc musiqiçilərlə
bölüşürlər. Bu hal akademik və klassik musiqi səviyyəsinin
daha da yüksəlməsinə təkan verir. Buna görə
də ölkəmizin rəhbərliyinə minnətdarlığımı
bildirirəm.
Milli və klassik ifaçılıq sənəti
nümayəndələrinə, ələlxüsus da gənclərə
yeni-yeni uğurlar diləyirəm. Mən də imkan daxilində
doğma Vətənimdə rəngarəng konsert
proqramlarımız davam etdirməyə
çalışacağam.
Lalə Azəri
Mədəniyyət.-2024.-
24 may, ¹39.- S.5.