13 rəssamın
yaşıl dünya naminə qrup sərgisi
Mayın 21-də Azərbaycan Rəssamlar
İttifaqının (ARİ) Vəcihə Səmədova
adına sərgi salonunda Mədəniyyət Nazirliyi, Dövlət
Rəsm Qalereyası, Rəssamlar İttifaqının dəstəyi
ilə “Portal 13” adlı sərginin
açılışı olub.
“Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində təşkil olunan sərginin
açılışında çıxış edən
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil
Mustafa, ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov,
millət vəkilləri İlham Məmmədov, Ülviyyə
Həmzəyeva, Əməkdar incəsənət xadimi Ziyadxan
Əliyev, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Qalib Qasımov, “Karvan Art Qrup”un yaradıcısı Cavid
Məmmədov, Tacikistan Rəssamlar İttifaqının sədri
Nərgiz Həmidova sərgi ilə bağlı fikirlərini
bölüşüblər.
Bildirilib ki, sərginin əsas məqsədi ölkəmizdə
incəsənət sahəsində çalışıb fərqli
dəyərlərə sahib olan, özünəməxsus
düşüncə tərzinə malik insanları müəyyən
ideya ətrafında birləşdirməkdən ibarətdir.
Qeyd olunub ki, sərginin “qapı” və “giriş” mənasını
verən adı (portal) nümayiş olunan əsərlərin
tamaşaçıları başqa aləmə
aparacağına işarədir. Sərgidə Əməkdar rəssam
Ülviyyə Həmzəyeva, Cavid Məmmədov, Rauf
Şamilzadə, Aynurə Mustafayeva, İntiqam Ağayev,
Hüseyn Kəngərli, Murad Zeynalov, Vüsalə Şərifova,
Röya Həsənova, Ülvi Yadigarlı, Vəfa Vəliyeva
və qrupun ən gənc üzvü Günay Bəylərovanın
işləri tamaşaçılara təqdim edilir.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Mayın 25-dək davam edəcək sərginin kuratoru
sənətşünas Xanım Rzayevadır.
Lalə