Ölkəmiz VI Dünya Etnosport Mədəniyyət
Festivalında təmsil olunacaq
İstanbulda 6–9 iyun tarixlərində keçiriləcək
VI Dünya Etnosport Mədəniyyət Festivalında Azərbaycan
da təmsil olunacaq. Bu barədə ölkəmizin Türkiyədəki
səfirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) məlumat
verilib.
Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil
olunan tədbirdə qurulacaq Azərbaycan çadırında
ölkəmizin milli-mədəni dəyərləri, eləcə
də milli musiqi və rəqsləri nümayiş olunacaq.
Çadırda müxtəlif bölgələrimizə aid
xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks
etdirən ev əşyaları, milli geyimlər
iştirakçılara təqdim olunacaq. Qonaqlar Azərbaycan
xalçasının toxunma prosesi, miniatür rəsmlərin
yaradılması və ağac üzərində oyma sənətinə
dair iş prosesini yaxından izləmək imkanı əldə
edəcəklər.
Tədbirin bədii hissəsində AMM-in nəzdində
fəaliyyət göstərən “Xəzər” rəqs
ansamblının, azərbaycanlı gənc ritm
ustalarının, Ağdam rayon Gülablı kənd Uşaq
musiqi məktəbinin müəllimi, xanəndə Habil Məmmədovun
və şagirdlərinin çıxışları nəzərdə
tutulub. Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı
ilə Qarabağ atlarının keçidi də olacaq.
İstanbulun keçmiş Atatürk hava
limanının ərazisində təşkil olunacaq tədbirdə
dünyanın 30-dan çox ölkəsinin iştirakı
gözlənilir.
Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya
Etnosport Konfederasiyası tərəfindən təşkil
olunan festivalda indiyədək 50-dən artıq ölkə təmsil
olunub. Festivalda iştirakçı ölkələrin milli-mənəvi
dəyərlərinin tanıdılması ilə
yanaşı, oxatma, yağlı güləş, at yarışları
daxil olmaqla müxtəlif ənənəvi idman növləri
üzrə yarışlar da keçirilir.
Dünya Etnosport Konfederasiyasına Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal
Ərdoğan rəhbərlik edir.