Möhtəşəm
romanlar elə möhtəşəm nağıllardır...
İlyas Əfəndiyev-110
İlyas Əfəndiyev (1914–1996) keçmiş sovet məkanında
dövrünün ən görkəmli
yazıçılarından biri kimi tanınır və
oxunurdu. Böyük ədəbiyyata doğru 1930-cu illərdə
addım atmağa başlayan gələcək müəllif zəngin
bir ömür yaşayaraq, əslində, qəlbən
barışmadığı sovet quruluşunun süqutunu da,
Azərbaycanın müstəqilliyini də gördü.
İ.Əfəndiyev çəkisində və əlvanlığında
bir yazıçının sənin müasirin olduğunu
düşünmək özü elə xoşbəxtlik idi.
Dövrün hadisələrini bizimlə birgə
yaşaması və əsərlərində əks etdirməsi
onu oxucu üçün daha maraqlı edirdi.
Nasirin sonuncu – “Geriyə baxma, qoca” romanından
başqa, dörd əvvəlki romanı əmək
mövzusunda yazılmışdır. Lakin bunlar quru bir
istehsalat romanları deyildir. Daha doğrusu, burada hadisələr,
münasibətlər, sevgi, həyəcan, ayrılıq – nə
varsa, hamısı həmin o arxada görünən əmək
mövzusunun fonunda baş verir.
“Söyüdlü arx” yazıçının ilk
romanı olub, nəsrimizdə “lirik-psixoloji təmayülün
başlanğıcı” sayılır. Həmin romandan
çox “sətirlər axıb”... Bu sətirlər
“Körpüsalanlar”a, “Dağlar arxasında üç dost”a,
“Sarıköynəklə Valehin nağılı”na
çevrilib. Lakin bu gün də “İ.Əfəndiyevin ən
sevilən romanı hansıdır” deyə soruşsalar,
“Söyüdlü arx”, yenə də, “Söyüdlü arx”
deyərəm...
Yazıçılığı bir az sehrbazlıqla
müqayisə edirlər. Düşünürəm ki, bu
müqayisə yerindədir. “Bir az kimya, bir az magiya, bir az
mühəndis işi... Heç nədən canlı obraz
yaratmaq. Sonra da ona həyat üfləmək. Danışmaq
öyrətmək... Xarici görünüş, səs
seçmək”. Sehrbazlıq deyilmi? Əlavə etməyə
bir şey qalmır.
“Söyüdlü arx” hisslər, duyğular
romanıdır. Çünki İ.Əfəndiyev özü
“hisslər, duyğular bolluğu ilə yazıb-yaradan”
yazıçı idi, “lirika həqiqi sənətin
qanadıdır, ruhudur” deyirdi. Romanda hisslərin dərinliyi,
Nuriyyənin səmimiyyəti oxucunu heyran edir. Taleyi ilə
barışan, bütün dünyası kəndin Mədəniyyət
evinə sıxışan bu istedadlı aktrisa mehrini Güney
qışlağa, onun sakinlərinə salır. Bununla həm
də özünü xilas etməyə, dinclik tapmağa can
atır. Nuriyyənin yenilikçi, maraqlı əmək fəaliyyəti,
gətirdiyi ab-hava uzaq Güney qışlaqda böyük canlanma
yaradır. Lakin romanın uğur qazanmasının əsas səbəbi
bu deyil, qəhrəmanın şəxsi həyatının
fonunda yaşadığı dram idi. Hər qadın öz
gözəlliyinin, istedadının bədəlini bir cür
ödəyir. Nuriyyə Murada göz yaşları içərisində məktub
yazaraq onu rədd edir. Bu, sözün əsl mənasında, mənəvi
qurban idi. Gənc bir qadının hisslərinin,
duyğularının qurbanı... Ləyaqətə bələnmiş
qurban... Bununla da, Nuriyyə oxucuların, cəmiyyətin
gözündə ideal qadın obrazı səviyyəsinə
yüksəlir. Milliyyətindən asılı olmayaraq (bunu
yazıçıya gələn oxucu məktubları deyir), əsəri
oxuyan hər qız-qadın Nuriyyəni özünün rəfiqəsi
bilir, “onunla qabaq-qabağa oturub uzun-uzadı söhbət etmək”,
dərdləşmək istəyir.
“Söyüdlü arx” oxucunun istədiyi kimi yox,
yazıçının uyğun bildiyi kimi bitir. “Fortuna
ümidsizləri seçir”, – deyirlər... Əli yerdən-göydən,
gənc leytenantından üzülən Nuriyyənin
üzünə heç gözləmədiyi yerdən tale
gülür. Təsadüf elə gətirir ki, Güney
qışlağın Mədəniyyət evinin müdiri Dram
teatrının aparıcı aktyorları ilə bir səhnəni
bölüşməli olurlar. “Bu mənim həyatımda
fırtınalı, qeyri-adi bir gecə idi. Necə
oynadığımı bilmirdim. Lakin hiss edirdim ki,
bütün zaldakılar nəfəslərini çəkmədən
məni dinləyir”.
Finalda Nuriyyə Ofelyanı, Dezdemonanı, Gültəkini
oynamaq üçün triumfla – böyük səhnəyə,
Bakıya dəvət alır. Nuriyyə bunu taleyin hədiyyəsi
kimi qəbul edir. O, bir aktrisa kimi kəşf olunsa da,
Muradın sevgisini itirməli olur. Necə deyərlər,
axtarmaqla deyil, dünyada gözəl və üzücü nə
varsa, təsadüfən baş verir. İ.Əfəndiyev
realizmi burada da öz sözünü deyir... “Həyatdan hər
şeyi götürməyə çalışma,
daşıya bilməzsən...”.
***
“Söyüdlü arx” və “Dağlar arxasında
üç dost” romanlarında keçən əsrin
ortaları Azərbaycan kəndi təsvir edilir. Müharibədən
sonra böyük aqrar ölkənin ucqar kəndləri:
Güney qışlaq, Quzey qışlaq və Qartallı dərə.
Kəndlərimizin bugünkü mənzərəsindən fərqli
olaraq, oralarda həyat qaynayır. Heç kim şəhərə
köçməyi düşünmür, əksinə, şəhərlilər
təyinatla rayona işləməyə gedir. Şəhərlə
kəndin fərqinin itdiyi bu
günümüzdə isə kəndlərdə evlər
boş qalıb...
Səlimə bir az Nuriyyəyə bənzəyir. Oxucu
onunla tanışlıqdan da xeyli məmnundur. O da Nuriyyətək
Almazın davamçılarındandır. Onun kimi kəndə
işləməyə gəlir, kolxoz sədrinin evində qonaq
qalır, sonra ayrı evə köçür... Zəhmətkeşdir,
xalqa, millətə canla-başla xidmət onun həyat
kredosudur. “Dünyada yalnız bir fərəh var: yaratmaq, həmişə
yaratmaq...”. Oxucunun nəzərində Səlimə heç də
zootexnikə oxşamır. Oxucu bu əziyyətli, çirkli
peşəni cavan, zərif, ziyalı qadına
yaraşdırmır. Səlimənin “mal-qara ilə məşğul
olmağı, qara palçığa bata-bata tövlələri
gəzməyi” onun romantik xarakteri ilə uyuşmur və bu
gözgörəsi uyumsuzluq ilk baxışda oxucuya ən
azından təəccüblü gəlir. İ.Əfəndiyev
burda da səni qabaqlayır, qəhrəmanı haqqında
formalaşan imici Şahların dili ilə təsdiq edir: “Sizə
yaraşır gözəl geyinmək... Lojalarda oturub teatrlara
tamaşa etmək...”.
Lakin Səlimənin daxili senzurası Nuriyyəninki
kimi sərt deyil. Bu da obrazın taleyini müəyyən edir.
Nə var qəlbin üstünə atırlar, onu günahkar
çıxarırlar. Lakin hər şey düşüncədən
gəlir. Onu isə nəzarətdə saxlamaq mümkün
deyil. Düşüncəndə nədirsə, böyük
ehtimalla həyatında da odur.
***
“Körpüsalanlar”la 60-cı illərin ədəbi
prosesində bir “qızdırma” yaşandı. İlk
baxışda mövzu quruculuq, sosial inkişaf olsa da, bu
mürəkkəb, travmalarla dolu bir ailə dramıdır.
Dünya ədəbiyyatında çox müraciət edilən
məhəbbət üçbucağı İ.Əfəndiyevin
romanlarında, xüsusilə “Körpüsalanlar”da daha dərindən
yaşanır. Belə süjet əsəri maraqlı və
oxunaqlı edir. Üstəgəl, İ.Əfəndiyevin
orijinal təhkiyəsi və musiqili dili oxucunu alıb
aparır... Bu üç oğlan-bir qız tək
“Zoğallı körpü”nü salmırlar, aralarında
ondan da möhkəm mənəvi körpü yaradırlar. Səriyyə
necə istəyir, nəyi düzgün bilir, elə də
yaşayır, hərəkət edir. Kim nə deyər, niyə
deyər, onun üçün fərq eləmir.
Özünün haqlı olduğuna inanır,
özünü elə aparır ki, “elə bil indicə
ayrı bir planetdən” gəlib. Cütlük arasında ruh
yaxınlığı yoxdur, bir yerdə yürümələri
də mümkün deyil, mənəvi cəhətdən
bir-birini məhv edərlər. Necə deyərlər, hər
kəsin öz həqiqəti var, hər birinə
ayrı-ayrı situasiyalarda haqq vermək olar. Səriyyəyə
münasibət birmənalı olmasa da, obrazın
haqqını vermək lazımdır. O, bizim ədəbiyyatda
yeni, əvvəllər görünməyən bir obrazdır.
Bəlkə də, o, cəsarəti, protesti ilə
yazıçının digər sevimli “qızlarından”
artıq şəxsiyyətdir.
***“Sarıköynəklə Valehin nağılı”
yazıçı üçün də, oxucu
üçün də yeni bir təqdimatdır. Elə qəhrəmanlardan
başlayaq; sürücü Valeh və krançı
Sarıköynək. Burada gördüyümüz xoşbəxt
cütlüklə ədibin başqa romanlarında
qarşılaşmırıq. Zaman keçdikcə
İ.Əfəndiyevin “nağıl aləmi sərt bir
reallığa çevrilir”. Necə ki, “yazıçı
asan bir yüngüllüklə elə istehsalatın
içindəncə əmək mövzusundan nağıl
qanadlarına sıçraya da bilirdi” (AMEA-nın müxbir
üzvü Tehran Əlişanoğlu).
Süjetdən, personajlardan dolayı əsərin dili
də fərqlidir.
“Sarıköynəklə Valehin nağılı” və
“Geriyə baxma, qoca” – mövzusundan başqa, həm də,
hadisələrin davamlılığı ilə
yazıçının əvvəlki romanlarından
seçilir. Məsələn, “Söyüdlü arx”,
“Körpüsalanlar”da hadisələr bir-iki il civarı əhatə
edirsə, “qoca”nın nağılları Qarabağ xanzadələrindən
başlayıb 1920-ci ilə qədər yol gəlir.
V.Q.Belinskiyə görə, bədii əsərin
adı ”həmişə əhəmiyyətlidir,
çünki o, həmişə əsərin ideyasını
təmsil edən baş qəhrəmana, ya da bilavasitə bu
ideyanın özünə işarədir”. Əsərin
başlığı yazıçının oxucusuna dediyi
ilk sözüdür. “Geriyə baxma, qoca” müraciəti əsərin
təlqin etmək istədiyi fikri,
çağırışı ifadə edir: “Geriyə baxma,
qoca! Sən çətin bir həyat yolu keçmisən;
geriyə baxıb olub-keçənləri xatırlayaraq qəmlənməyə
dəyməz! Keçmişin qüssəli xatirələri
ilə dərdlərini təzələmə: həyat gələcəkdədir!”.
Professor Pənah Xəlilov əsərin
çağırışını belə şərh edir:
“Bu yeniyetmənin (balaca Muradın – D.A.) bütün meyli gələcəyədir.
Müəllif öz nəslindəki qocaların da ancaq gələcəyə
baxmasını istəyir!”
“Geriyə baxma, qoca”…
Geridə nə qaldı ki?!
Nə vardı, o yandaydı,
Bəridə nə qaldı ki?!
(Məmməd Aslan)
“Geriyə baxma, qoca” romanı XIX əsrin ikinci
yarısında və XX əsrin əvvəllərində Azərbaycan
kəndinin məişətinin, ictimai taleyinin çox real və
zəngin təsviri ilə diqqəti cəlb edir. Romandakı
adi, zahirən məişət xarakteri daşıyan təsvirlər
çox mühüm ictimai mətləblərdən xəbər
verir. “Müsavat”dan danışılır, Məhəmməd
Əminin adı çəkilir. Professor Şirindil
Alışanlı yazırdı: “Xalqın tarixi taleyi
baxımından ən mühüm siyasi və mənəvi dəyərlərin,
hadisələrin, qələbə və faciələrin
böyük vətəndaşlıq yanğısı ilə
bədii təhlilini İlyas Əfəndiyevin müraciət
etdiyi bədii janrların hər birində görürük”.
Ona görə də “Geriyə baxma, qoca” tarixi-məişət
romanı adlandırılmışdı.
Qocanın rəvayətləri nağıl ruhludur,
“Möhnət qocanın nağılları” adı altında
təqdim olunur. Yazıçının təhkiyəçiliyi
“etibar etdiyi” balaca Muradın söhbətləri isə
müxtəlif səpkili rəvayətləri əhatə edib
onun dünyabaxışı zəminində izlənilir.
Müəllif epoxanı qəhrəmanın “içindən”
çıxararaq “balaca Muradın gözləri ilə
dünyanın ziddiyyətlərlə, keşməkeşlərlə
dolu nöqtələrini ustalıqla qələmə
alır”. Murad bütün əhvalat və epizodların
bilavasitə şahididir. Lakin o, laməkan, zamansız təqdim olunmur. Qoca
Möhnət onun görmədiyi, bilmədiyi hadisələri
danışmaqla balaca təhkiyəçinin köməyinə
çatır, onlar ikilikdə romanda bütövlük
yaratmağa, hadisələr zəncirinin
qarşısını almağa müvəffəq olurlar.
Final təsvir edilmədiyi üçün “Geriyə
baxma, qoca” romanının bitib-bitməməsi mübahisəli
görünə bilər. Balaca Muradın şirin hekayəti
sanki birdən-birə yarımçıq kəsilir. Ancaq bu
zahiri yarımçıqlıqdır. Murad danışmaq istədiyi
dövrü tamamilə əhatə etmişdir. Müəllif
oxucuya çatdırmaq istədiyi tarixi dövrü məhz bu
nöqtədə bitmiş hesab edir. Lakin dünya ədəbiyyatında
finala yetişməyən məşhur əsərlər də
tanıyırıq. Bu da tanınmış ədəbi
priyomdur. Oxucu özünü yazıçı qismində
görür, fantaziyasını işə salıb romanı
istədiyi kimi qurtarır.
İ.Əfəndiyev təhkiyə ustasıdır, qəhrəmanlarını
öz dili ilə danışdırır, “lirik etiraf
üslubunu sevirdi”. Yaxşı təhkiyə həm də əsərin
dilini müəyyən edir. Məsələn, “Geriyə baxma,
qoca”nın xatirat üslubu onun dilinə təsirsiz
qalmamışdır. Əsərin dili mərhəmət, kədər,
iztirab, qüssə, inam, məhəbbət oyadan həyəcanlı,
həzin, lirik-romantik bir dildir. “Onun surətlərini ətli-qanlı,
canlı göstərən, əsərlərini daha da sevdirən
onun axıcı, rəvan, musiqili bədii dilidir” (professor Qulu
Xəlilov).
İ.Əfəndiyev öz romanlarında üslub təkrarına
yol vermir, hər əsərində novator yazıçı
kimi çıxış edir. Məsələn,
“Körpüsalanlar”, “Dağlar arxasında üç dost”,
“Sarıköynəklə Valehin nağılı”
romanlarında bir neçə təhkiyəçi priyomundan
müvəffəqiyyətlə istifadə olunmuşdur. Təhkiyəçilər
hadisələrin ən fəal
iştirakçılarıdır, onlar baş verən eyni
hadisəyə, eyni epizoda növbə ilə öz münasibətlərini
şərh edirlər; birinin hər hansı hərəkəti
digərinin nöqteyi-nəzərindən qiymətləndirilir.
***
Qarabağın tarixi, orada “oynanılan” hadisələr
yazıçının əsərlərində öz panoram
əksini tapmışdı. “Geriyə baxma, qoca”da oxuyuruq:
“Cıdır düzünün bir tərəfi şəhər,
o biri tərəfi “Xəzinə qayası” deyilən dərin
uçurum idi. Uçurumun dibilə Daşaltıçay
axırdı. Cıdır düzündən
üzüaşağı baxanda çayın
qırağındakı adamlar güclə seçilirdi.
Çaydan o tərəfdə – ta uzaqlarda
gümüşü duman içində görünən
Ziyarət, Kirs dağlarına qədər qalın meşələr
uzanıb gedirdi”.
Bundan əvvəl də müəllif Qarabağ təbiətini,
onun toponimlərini “Mahnı dağlarda qaldı” əsərində
təsvir etmişdi. Xüsusən Topxana meşəsini... “Səhər
Topxana meşəsi elə duman idi ki, bir addım qabağı
görmək olmurdu”, “Elə bil o, Topxana meşəsi səni
ovsunlamışdır”, “Mənə elə gəlir ki, Topxana
meşəsi də bizdən həmişəlik üz döndərib”.
“Dağlar arxasında üç dost”da da təsvir edilən
hadisələr Qarabağ elində baş verir. Bu təbiət,
mühit, insanlar yazıçıya doğma olduğu
üçün hadisələri zamanla oraya aparır...
“Özünü Daşaltına verib qalxır Topxana meşəsinə...”.
Şair Famil Mehdi “İlyas müəllim”
haqqındakı xatirə-oçerkində yazırdı:
“Söhbətinin əsas mövzusu Qarabağ, Şuşa, bəylər,
xanlar, onların fəaliyyəti, Vaqif, Zakir, Xan qızı Natəvan
və s. idi”. İ.Əfəndiyev özü də Qarabağa
bənzəyirdi. İçində gəzdirdiyi Qarabağa.
İ.Əfəndiyev kommunist ideologiyasına deyil, ədəbiyyata
xidmət edirdi. Onun külliyyatı bu gün də, heç
bir dəyişikliyə məruz qalmadan olduğu kimi çap
olunur. “Geriyə baxma, qoca” 1980-ci ildə yazılıb. O vaxt
neçə yazıçı XI “Qızıl Ordu”nu
talançı kimi təqdim edə bilərdi? “On birinci ordunun
bir batalyonu bizim evlərdə yerləşmişdi. Otaqlardan
yalnız birini bizə vermişdilər. Evdə qoyub getdiklərimizdən
heç bir əsər-əlamət qalmamışdı.
Atamın keşişdən aldığı mebelləri də
sındırıb dağıtmışdılar”.
“Xalq yazıçısı” onun üçün rəsmi
fəxri ad deyildi, bir status idi. “O öz şöhrətinin
rejissoru deyildi... və sənətinin taleyini zamanın
(tarixin) öhdəsinə buraxmışdı”. Xalq
yazıçısı Elçinin sözünə bu kəlamla
qüvvət vermək istəyirəm: “Küləklər
köpükləri dağıdacaq, amma dəniz və sahil həmişə
qalacaq”. Bu kəlamı İlyas Əfəndiyev
yaradıcılığına yaraşdırdım. Bu fikir ədəbiyyatımıza
“yeni ruh, yeni çalar” gətirmiş həmişə
müasir yazıçımızın
yaradıcılığına işıq salıb həmişə
yaşayacağından da əminlik yaradır.
Dilarə Adilgil
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı