“Arxeoloji turizm və dayanıqlı
idarəetmə”
Bakıda beynəlxalq konfrans
Mayın 23-də Dövlət Turizm Agentliyi (DTA) tərəfindən
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı
ilə “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunda “Arxeoloji turizm və
dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq
konfrans işə başlayıb.
Konfransda çıxış edən DTA-nın sədr
müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu
mövzuda tədbirin keçirilməsinin həm turizm, həm
də mədəni irsimizin, tariximizin təbliği
baxımından çox əhəmiyyətli olduğunu
bildirib.
Agentliyin dəstəyi ilə tarixi qoruqlarda
aparılmış elmi tədqiqatlar və arxeoloji
qazıntılar, üzə çıxarılan nadir
tapıntılar haqqında danışan A.Hüseynova
konfransın irs abidələrinin turizmdə tətbiqi ilə
bağlı faydalı fikir mübadiləsi aparılması,
ölkədə arxeoloji turizm potensialının tam reallaşdırılması
istiqamətində mühüm addımlardan biri
olacağına inamını ifadə edib.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi-mədəni
irsin araşdırılmasına böyük diqqət və
qayğı göstərildiyini qeyd edib. O, ölkəmizdə
aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində
Azərbaycanın qədim tarixinə aid yüzlərlə
abidə və minlərlə maddi mədəniyyət
nümunəsi aşkar edildiyini, bu nümunələrin
qorunduğunu bildirib.
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Şahin
Seyidzadə paytaxtımızın tarixi mərkəzindəki
qədim abidələrin, mədəni irsin qorunması istiqamətində
tətbiq edilən yeni metodlar barədə məlumat verib.
Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin rəisi Səbinə
Hacıyeva ölkəmizdə mövcud arxeoloji memarlıq abidələri
və onların mühafizəsi, bərpası istiqamətində
görülən işlər haqqında danışıb.
İstanbul Universiteti Arxeologiya fakültəsinin
professoru Mehmet Özdoğan beynəlxalq konfransın təcrübə
və bilik mübadiləsi baxımından əhəmiyyətini
vurğulayıb.
Sonra Azərbaycanın arxeoloji irsinə həsr
olunmuş qısa filmin nümayişi olub.
Britaniyanın Arxeologiya Departamentindən proqram direktoru
Robin Koninqham, ABŞ-nin “Kolonial Villiamsburq” fondunun tarixi
araşdırmalar bölməsinin direktoru Peter İnker,
Almaniyanın “Museumsdorf Düppel – Stiftunq Stadtmuseum Berlin”
arxeoloji açıq səma muzeyinin kuratoru Julia Heeb məruzələrlə
çıxış ediblər.
Azərbaycanın zəngin arxeoloji irsi və arxeoloji
turizm perspektivlərinə həsr edilmiş sessiyada azərbaycanlı
alimlər Qarabağdakı arxeoloji abidələr, o cümlədən
Azıx və Tağlar mağaraları, Füzuli rayonu ərazisindəki
kurqanlar və nekropollar barədə təqdimatlar ediblər.
Mayın 24-də başa çatacaq konfransın məqsədi
arxeoloji turizm istiqamətində ən qabaqcıl təcrübələri
öyrənmək və onların Azərbaycandakı abidələrdə
tətbiq olunması yollarını müzakirə etməkdir.
Konfransda ABŞ, Böyük Britaniya, İtaliya,
İsrail, Almaniya, Türkiyə və digər ölkələrdən
15-ə yaxın ekspert, ICOMOS-un nümayəndəsi iştirak
edir. Konfransın proqramına 20-dən artıq məruzə
daxildir.
Tədbir çərçivəsində “Atəşgah
məbədi” qoruğunun ərazisində açıq havada
“Eksperimental arxeologiya” mövzusunda sərgi-ekspozisiya təşkil
olunub. Burada Paleolit dövrünə aid çadır da
qurulub. Qoruğa gələnlərə ibtidai insanların
müxtəlif məşğuliyyətləri, daş, buynuz,
ağac və s. materiallardan əmək alətlərinin
hazırlanması, od əldə edilməsi yolları
nümayiş olunub.
Konfrans çərçivəsində
iştirakçılar Qəbələ Arxeoloji Mərkəzini
ziyarət ediblər, Çuxur Qəbələ, Səlbir və
Qala əraziləri ilə tanış olublar. SEBA
(Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının sədri Ruhəngiz Heydərova qonaqlara
Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin
tarixi barədə məlumat verib.