Süleyman Ələsgərovun 100 illiyi münasibətilə konsert

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 1 nömrəli Uşaq incəsənət məktəbində (16 may) bu təhsil ocağının adını daşıdığı görkəmli bəstəkar, dirijor, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyinə həsr olunmuş sinif konserti keçirilib.

Fortepiano şöbəsinin rəhbəri Mehriban Əsgərovanın təşkil etdiyi tədbirdə məktəbin müəllim və şagird heyəti, valideynlər və musiqiçi qonaqlar iştirak ediblər.

M.Əsgərova Süleyman Ələsgərovun həyat və yaradıcılığından danışaraq müəllimi haqqında xatirələrini bölüşüb: “Süleyman Ələsgərov mənim xatirimdə gözəl pedaqoq, qayğıkeş müəllim, səmimi insan kimi qalıb. Onunla vaxtilə bir kafedrada çalışdığım üçün özümü xoşbəxt sanıram”.

Daha sonra konsert proqramı təqdim olunub. Şagirdlər Altay Qədirli, Aysel Zamanova,  Bahar Qasımzadə, Adil Muradov və digərləri S.Ələsgərovun əsərlərini, eləcə də başqa bəstəkarların musiqi nümunələrini ifa ediblər.

Xatırladaq ki, 1 nömrəli Uşaq incəsənət məktəbi 1979-cu ildə 29 nömrəli Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1980-ci il tarixli əmrinə əsasən, 1 nömrəli Uşaq incəsənət məktəbi kimi formalaşdırılıb. Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə 2004-cü ildə məktəbə S.Ələsgərovun adı verilib.

 

Mədəniyyət.-2024.- 24 may, №39.- S.3.