Azərbaycan-Kərkük
musiqi əlaqələri tədqiq olunur
Kərkük sevgisi, həsrəti qərib
soydaşlarımızı – İraq türkmanlarını
tanıyandan bəri toplum olaraq qəlbimizdə yuva qurub. Səid
Sinanın Nərminə Məmmədova ilə yadigar duetlərini
sevəsevə dinləyəndən, professor Qəzənfər
Paşayevin “Altı il DəcləFərat sahilində”
kitabını acgözlüklə oxuyandan içimizdəki Kərkük
sevdası artır ki, azalmır. Amma sevdiyini tanımaq, ona
yaxından bələd olmaq, bizim söz
açdığımız kontekstdə həm də
araşdırmaq bu gözəl hissin ən yaxşı təzahürü
olmazmı?
Xəbər tutanda ki, bu günlərdə Azərbaycan
Milli Konservatoriyasında “Kərkük musiqi folklorunun tədqiqi
məsələləri” mövzusunda elmi konfrans keçirilib,
maraq bizə güc gəldi. Konfrans
iştirakçılarından gənc musiqişünas, Kərkük
Mədəniyyət Dərnəyinin fəxri üzvü Zeynəb
Bağır ilə əlaqə saxlayıb bu maraqlı tədbir
barədə ətrafı məlumat əldə etməyə
çalışdıq.
– Azərbaycan-Kərkük mədəni əlaqələrinin
tarixi məlumdur. Lakin bizdə indiyədək Kərkük
musiqisi sistemli araşdırılmayıb. Belə bir tədqiqatı
elmi rəhbərim, tanınmış musiqişünas, Milli
Konservatoriyanın elmi işlər üzrə prorektoru Əməkdar
incəsənət xadimi Lalə Hüseynova ilə birlikdə
başlamışıq. Bir müddətdir ki, Kərkükdən
Azərbaycana gələn ədəbiyyat və sənət
adamları ilə görüşür, fikir mübadiləsi
aparırdıq. AMEA-nın Folklor İnstitutunda fəaliyyət
göstərən Kərkük folkloru üzrə əlaqələndirmə
şurası ilə də münasibətimiz var. Mart ayında
Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri
Şəmsəddin Kuzəçi ilə konservatoriyada
görüşdük. Öyrəndik ki, may ayında Kərkük
ziyalıları və sənət adamları böyük bir
heyətlə Bakıda olacaqlar. Təklif etdim ki, Azərbaycan
və Kərkük musiqiçilərinin iştirakı ilə
konsert proqramı hazırlayaq. Şəmsəddin Kuzəçi
təklifə həvəslə razı oldu. Həm də qərara
gəldik ki, Kərkük musiqisinə dair elmi konfrans
keçirək. Məsələ ondadır ki, Azərbaycanda
görkəmli alim Qəzənfər Paşayevin
açdığı cığırla gedərək Kərkük
folklorunu və ədəbiyyatını araşdıran
mütəxəssislər yetişib, musiqidə isə bu
istiqamətdə çalışmalara indi
başlayırıq.
Qeyd edək ki, “Kərkük musiqi folklorunun
tədqiqi məsələləri”
adlı konfransda filologiya elmləri doktoru, Əməkdar elm
xadimi, professor Qəzənfər Paşayev, Kərkük Mədəniyyət
Dərnəyinin rəhbəri, yazıçı-publisist
Şəmsəddin Kuzəçi, Türkiyədən Qazi
Universitetinin professoru, opera ifaçısı Ömər
Türkmənoğlu makam və xoyrat ifaçıları
Mehmet Kayababa və Mehmet Neccar məruzələrlə
çıxış ediblər. Zeynəb Bağır isə
“Azərbaycan-Kərkük musiqi əlaqələri”
mövzusunda araşdırmalarından söz açıb.
Konfransdan sonra “Kərkükdən Azərbaycana”
adlı konsert proqramı təqdim olunub. Qonaq ifaçılar
Mehmet Neccar, Ömər Türkmənoğlu, Mehmet Kayababa ilə yanaşı, Azərbaycanın
Əməkdar artisti Nuriyyə Hüseynova, Sədəf
Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Pərvaz
İbrahimli və digərləri çıxış ediblər.
Kərkük musiqi folklorunun öyrənilməsində
ilk addımın uğurundan həvəslənən gənc
musiqişünas deyir:
– Milli Konservatoriya ilə Kərkük Mədəniyyət
Dərnəyi arasında əməkdaşlıq müqaviləsi
imzalanıb. Düzdür, bizim gördüyümüz bu
iş dəryadan bir damla timsalında olsa da, hər halda ilk
addım atılıb. Azərbaycan türklərinə ən
yaxın, ən doğma olan Kərkük musiqi folklorunu öyrənməyə
ömür həsr etmək lazımdır. Üstəlik,
türkmanlar təkcə Kərkükdə deyil, İraqın
digər böyük şəhərlərində və
baş ölkələrdə də
yaşayıb-yaradırlar. Türkman musiqi folklorunu öyrənmək,
Azərbaycan musiqişünaslıq elmində kərkükşünaslığın
istiqamətini də şaxələndirəcək.
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.5.