Həkim olmaq istəyirdi,
taleyini səhnəyə bağladı...
Teatrı sevəsən, səhnədə
çıxış edəsən, çətin ki sonradan
onun cazibəsindən rahatlıqla ayrıla biləsən. Səhnədə
hər hansı obrazı canlandırmaq tamaşaçı
alqışı ilə bitmir. Onun sehri, zövqü qədər
məsuliyyəti də var... “Mədəniyyətə
könül verənlər” rubrikasının budəfəki qəhrəmanı
səhnəyə qəlbən bağlanıb
ömrünü sənətə həsr edənlərdəndir...
Aktrisa Güldərən Azayeva 1953-cü il mayın
9-da Sabirabad rayonunun Çölbeşdəli kəndində
anadan olub. Bakı Mədəni-Maarif Texnikumunu bitirib.
1970–1976-cı illərdə Çölbeşdəli kənd Mədəniyyət
evinin direktoru vəzifəsində işləyib. Daha sonra
Sabirabad rayon Mədəniyyət evinə dəvət alıb,
burada dram dərnəyinin rəhbəri, metodist vəzifələrində
çalışıb. 50 ildən çoxdur Sabirabad rayon Mədəniyyət
Mərkəzinin nəzdində fəaliyyət göstərən
Adil İsgəndərov adına Xalq teatrında aktrisa kimi
çalışır.
Güldərən xanım bu sənətə təsadüfən
gəldiyini bildirir: “Arzum həkim olmaq idi. Düzdür, hələ
məktəb illərində teatr tamaşalarında
oynayırdım. İlk rolum Cəlil Məmmədquluzadənin“Ölülər”
tragikomediyasında Zeynəb obrazı olub. Məktəbi
bitirdikdən sonra sənədlərimi Tibb İnstitutuna verdim,
ancaq qəbul ola bilmədim. Sonra taleyimi mədəniyyət
sahəsinə bağladım. Çölbeşdəli kənd
Mədəniyyət evinin direktoru oldum. Burada da tamaşalarda
çıxış etməyə başladım. Bir gün məni
Adil İsgəndərov adına Sabirabad Xalq teatrına işləməyə
dəvət etdilər”.
Müsahibim bu günədək teatrda Azərbaycan və
dünya ədiblərinin əsərləri əsasında
hazırlanan yüzlərlə tamaşada rol alıb. Səməd
Vurğunun “Vaqif”ində Xuraman, Qeybulla Rəsulovun “Əlvida
Hindistan”ında Şəzərət, Əbil Yusifovun “Odlar
içində” əsərində Azadə, Rafael Hüseynovun
“1109 nömrəli məhbus” əsərində Dilbər,
Əhməd Cavadın həyat və
yaradıcılığından bəhs edən tamaşada
Şuriyyə xanım, S.S.Axundovun “Tamahkar” əsərində
Nabat, Altay Məmmədovun “Bekarçılıq kontoru”nda Arəstə,
“Həmyerlilər”ində Zeynəb, Bəxtiyar Vahabzadənin
“Qızıl alma” əsərində Aysel, Orxan Kamalın “Yad
qızı”nda Nazan, digər yaddaqalan obrazları
canlandırıb: “Son vaxtlarda “Bu məmləkət sənsiz
deyil, səninlədir”, “Qarabağ Azərbaycandır!”, “Kəlbəcərə
yağış yağır”, “İlahi dərd”, “Xocalı
harayı”, “20 Yanvar” və s. tamaşalarda baş rollarda yer
almışam. “Bu məmləkət sənsiz deyil, səninlədir”
əsəri Ulu öndər Heydər Əliyevin həyatından
bəhs edir. Hazırda bu əsəri yenidən
hazırlayırıq”.
Aktrisa teatrın kollektivi ilə birlikdə ölkə
daxilində bir sıra qastrol səfərlərində də
iştirak edib: “Çalışdığım A.İsgəndərov
adına Xalq teatrı Mədəniyyət Nazirliyinin müxtəlif
layihələri çərçivəsində öz
tamaşaları ilə Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrı və Azərbaycan Dövlət Kukla
Teatrının səhnələrində
çıxış edib.
Teatrımızın Azərbaycanın müxtəlif
rayonlarına qastrol səfəri də reallaşıb.
Kollektivimiz 1992–1993-cü illərdə Birinci Qarabağ
müharibəsi zamanı cəbhə bölgəsində
tez-tez olub, Vətən uğrunda döyüşən əsgər
və zabitlərimiz qarşısında dəfələrlə
çıxış edib”.
Bir aktrisa kimi ona verilən rolların öhdəsindən
məharətlə gəldiyini deyən müsahibim Səməd
Vurğunun “Vaqif” dramındakı Xuramanı qəlbinə ən
yaxın obraz kimi dəyərləndirir.
Güldərən Azayeva fəaliyyəti
dövründə Mədəniyyət Nazirliyi, Sabirabad Rayon
İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət
İdarəsi və digər qurumların fəxri fərman və
diplomları ilə təltif edilib.
Nurəddin