Elxan Qasımovun xatirəsi anılıb

 

Mayın 29-da Əməkdar artist, tanınmış kinoaktyor və rejissor Elxan Qasımovun (1945–2023) vəfatının ildönümü tamam oldu. Bu münasibətlə Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə xatirə gecəsi keçirilib.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılıb.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və sənət yolundan bəhs edib. Bildirib ki, Elxan Qasımov fondda təşkil olunan yubiley və anım günlərində hər zaman fəal iştirak edər, öz fikirlərini bölüşərdi. O, sənətə və dostlarına sadiq insan idi. “Azərbaycanfilm” kinostudiyasının ən ağır günlərində oranı tərk etmədi, həmkarlarına dayaq oldu.

Xalq artistləri Əbdül Mahmudov, Xamis Muradov, Oqtay Mirqasımov, Xalidə Quliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar artist Suğra Bağırzadə, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov və digər çıxış edənlər E.Qasımov haqqında xatirələrini bölüşüblər.

Sənətkarın qızı Kəmalə Qasımova çıxış edərək tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

Tədbirin sonunda kinorejissor Oqtay Mirqasımovun “Azərbaycan haqqında etüd” (1969) və Elxan Qasımovun “Nizami Gəncəvi” (1976) sənədli filmləri nümayiş olunub. “Azərbaycan haqqında etüd” filmində çəkilmiş E.Qasımov eyni zamanda filmin rejissor assistentidir. Hər iki ekran əsəri “Azərbaycanfilm”də istehsal olunub və Dövlət Film Fondu tərəfindən elektron bərpa edilib.

 

Mədəniyyət.- 2024.- 31 may, ¹40.- S.1.