“Varlı rəssam deyiləm, pul üçün işləməmişəm”

 

96 yaşlı rəssam Odtəkin Ağababayev: “Ailədə hamı eyni məqsədə xidmət edəndə yaşamaq və yaratmaq mənalı olur”

 

Mayın əvvəlində Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda maraqlı sərginin şahidi olduq. “Bir sərgi – bir ailə” devizi ilə təqdim olunan sərgidə Ağababayevlər ailəsinin rənglər dünyasına səyahət etmişdik.

Sərginin açılışında ailənin rəssamlığa yol açan nümayəndəsi 96 yaşlı Əməkdar rəssam Odtəkin Ağababayevin şəxsən qonaqları qarşılaması özü də bir bayram əhvalı yaradırdı.

Qocaman rəssamla, qısa da olsa, danışıb müsahibə ala bildim. Bu şəraiti yaradığına görə isə, ilk növbədə, Odtəkin müəllimin qızı, rəssam Tatyana Ağababayevaya təşəkkür edirəm.

– Odtəkin müəllim, sənətə gələn yolunuzu necə xatırlayırsınız?

– Mən ona görə rəssam olmağı qərar verdim ki, atam İsgəndər Nəfisi incəsənəti çox sevirdi və bu sahədə istedadlı idi. O, ədəbiyyat, rəssamlıq və musiqi ilə məşğul olur, “Azərnəşr”də tərcüməçi işləyirdi. Yadımdadır, atam mənim getdiyim bağçanın divarlarına maşında gedən pionerlər, bayraq və s. rəsmlər çəkmişdi. Özüm isə hələ 5 yaşım olanda evimizin ağ divarlarında adam rəsmi, daha sonra milli mətbəximizdən küftə-bozbaş rəsmi çəkmişdim. İndi məni uzaq uşaqlıq illərimə qaytardınız və bir anlıq xatirələrə daldım...

– Xatirələr demişkən, maşallah, 96­nı haqlamısınız. Bu rəqəm sizdə hansı təəssürat yaradır?

– Düzünü deyim, özümü bu yaşda hiss etmirəm, qəlbim sanki hələ də gəncdir. Sadəcə, 96 özünü onda göstərir ki, gəzməkdə çətinlik çəkirəm. Bir müddət əvvəl yıxılıb ayağımı sındırdım, buna görə də ağır cərrahi əməliyyatlar keçirdim. Bundan sonra çətinliklər yarandı. Hazırda gördüyünüz kimi, çəliklə gəzirəm. Belə baxanda isə bu gün həyatda hər şey mənə maraqlıdır. Hər gün səhər internetdə xəbərləri oxuyuram, qəzetləri oxuyuram, televizorda maraqlı filmləri izləyirəm. Bağda olmağı çox sevirəm və gücüm çatdığı qədər, az da olsa, işləməyə çalışıram. Məsələn, su şlanqını götürüb ağacları, gülləri sulayıram...

– Yaş həm də təcrübədir. 96dan bu həyat necə görünür?

– Maraqlı və möcüzəli. Amma insan bu yaşda artıq ən çox yanında olmayanları xatırlayır: valideynlərimi, həyat yoldaşım Valentina xanımı, oğlum və yaxın dostlarımı. Onların yoxluğuna çox təəssüfənirəm.

– Sizi kədərləndirmək istəməzdim. Ona görə də sənət söhbətlərinə keçid edək. Sizcə, uğurlu rəssam fikri necə səslənir və özünüzü uğurlu rəssam hesab edirsinizmi?

– Mən özümü heç vaxt varlı rəssam hesab etməmişəm və pul üçün işləməmişəm. Mənə görə, uğur rəngkarlığı daha dərindən dərk etməyin özündədir. Sənətdə uğur yeniliklərə yol açmaqdır. Mənim metodum 50-ci ildən bu günə kimi dəyişikliklərə tab gətirərək və eyni zamanda ən yaxşı yenilikləri tətbiq edərək davam edib. Palitramda rənglər daha işıqlı və cəlbedici olub. Qara rəngdən çox istifadə etməyi heç vaxt sevməmişəm. Buna görə də çoxları mənim işlərimi işıqlı və əlvan əsərlər kimi qəbul edirlər. Bunun özü də bir uğurdur.

– Bəs yaradıcılığınıza hansı amillər təsir edib?

– Yəqin ki, əsas pedaqoqlar baxımından bəxtim gətirib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində müəllimim görkəmli rəssamımız Böyükağa Mirzəzadə olub. V.Surikov adına Moskva Rəssamlıq İnstitutunda isə Pavel Malkovdan dərs almışam. Bundan əlavə, təsirləndiyim rəssamlar da olub. Məsələn Pol Qogeni misal çəkə bilərəm.

– Bəs hansı rəssamların işini hər zaman bəyənmisiniz?

– Mixail Vrubel, Pol Sezan, Van Qoq, Pikasso, Matiss və digərləri. Yaşıdlarımdan isə Viktor Popkov, Qorxmaz Əfəndiyev, Cavad Mircavadov, Tahir Salahov, Toğrul Nərimanbəyov, Anatoli Zverev, İvan Lubennikov, Ucal Haqverdiyev. Əfsus ki, indi adlarını sadaladığım həmyaşıdlarım dünyadan köç ediblər. Bu gün isə, Allah cansağlığı versin, Ömər Eldarov və Fərhad Xəlilovun əsərlərini çox bəyənirəm.

– Həmkar dostlarınızla görüşürsünüz?

– Təəssüf ki, əsl dostlarımın çoxu dünyadan köçüb. Həmyaşıd sənət dostlarımla arada telefonla zəngləşirik. Şəhərdəki və bağdakı yaşıdlarımla tez-tez görüşüb söhbətləşirik.

– Sənətdə ən yaxın dostunuz kim olub?

– Sənətdə ən yaxın dostum və həmfikrim həyat yoldaşım olub. Ən yaxşı dostlarım isə Qorxmaz Əfəndiyev və Yuri Tarasov idi.

– Hazırda sizin ocaq rəssamlar ailəsi kimi tanınır.

– Ailədə hamı eyni məqsədə xidmət edəndə yaşamaq və yaratmaq mənalı olur.

– Bəs sənətkara xoşbəxt olması üçün nə lazımdır?

– Əsl xoşbəxtlik üçün rəssama lazım olan iki əsas amil var. Birincisi, yaradıcılığı cəmiyyət tərəfindən qəbul edilib sevilsin və insanlara sevinc gətirsin. İkincisi isə, ailəsində və yaşadığı ölkədə əmin-amanlıq olsun.

– Gənc rəssamlara nə arzulayardınız?

– Onlara arzum budur ki, ustad sənətkarlardan öyrənsinlər, naturadan çəkməyə alışsınlar. Həm də davamlı olaraq təxəyyüllərini inkişaf etdirsinlər.

– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

 

Lalə Azəri

Mədəniyyət.- 2024.- 31 may, ¹40.- S.5.