Üzeyir Hacıbəyli ənənələri
ilə davam edən yol
Azərbaycan Bəstəkarlar İttifaqı-90
1934-cü ildən fəaliyyətə başlayan Azərbaycan
Bəstəkarlar İttifaqı (ABİ) zəngin bir yol
keçib. Təbii ki, bu tarix əlamətdar hadisələrlə
zəngindir. Bu tarixin təməlində isə dahi Üzeyir
Hacıbəylinin xidmətləri dayanır. O xidmətlər
ki, onlar həm Azərbaycan bəstəkarlıq məktəbinin,
həm də Azərbaycan Bəstəkarlar
İttifaqının inkişaf mənbəyidir. Düzdür,
Üzeyir Hacıbəyli Bəstəkarlar İttifaqına
1937-ci ildən rəhbərlik edib. Ona qədər isə sovet
ideologiyasının sərt qanunları içərisində
Üzeyir bəyə qərəzli mövqe bəsləyənlər,
guya ittifaqın işini irəli aparmaq üçün rəhbərliyə
öz nümayəndələrini təyin ediblər. Bu yerdə
həmin tarixə qısa nəzər salaq.
XX əsrin 30-cu illərində yaradıcılıq təşkilatlarının
meydana gəlməsi, təbii ki, sovet ideologiyasına xidmət
edirdi. Musiqi incəsənətini də bu istiqamətə
yönəltmək əsas meyar idi. 1932-ci ildə SSRİ Bəstəkarlar
İttifaqı yaradılmışdı. Müttəfiq
respublikalarda bu proses gedirdi.
1932-ci ildə əvvəlcə Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilat bürosu yaradıldı.
Sergey Paniyevin rəhbərliyi ilə fəaliyyətə
başlayan təşkilata bəzi səlahiyyətlər
verildi. Bəstəkarlara qonorarların verilməsi, iclas və
yığıncaqların keçirilməsi və bu kimi məsələlər
buraya aid idi.
1934-cü il iyunun 30-da 17 nə-fərin iştirakı
ilə ümumi yığıncaq keçirilir. İlk
iclasın protokollarında Əfrasiyab Bədəlbəyli,
Zülfüqar Hacıbəyov və Niyazinin adları qeyd
olunub. Təsis yığıncağında ABİ-nin rəhbərliyinə
31 yaşlı bəstəkar, mənşəcə Krım
tatarı olan Asən (Asan) Refatov gətirilir. O bu vəzifəni
1935-ci il iyunun 19-dək qədər icra edir.
Göründüyü kimi, hələ ittifaqın
işində və yığıncaqların ilk
protokollarında Üzeyir bəyin adı heç çəkilmir.
Amma Üzeyir bəy öz böyük istedadı, işgüzar
fəaliyyəti ilə bütün təqibləri dəf edərək,
ona qarşı qərəzli mülahizələrdən qalib
çıxaraq, yaşadığı hər hansı
quruluşdan asılı olmayaraq, xalqına ləyaqətlə
xidmət edib. 1934-cü il dekabrın 12-də
çağırılmış yığıncaqda
müzakirə olunan başlıca məsələ o
dövrün mətbuat səhifələrində musiqi
haqqında qeyri-peşəkar yazılarla bağlı olub. Bu məqsədlə
də ABİ-də Tənqid və musiqişünaslıq
bölməsi yaradılıb və Üzeyir bəy bölməyə
sədr təyin edilib.
1935-ci ildə, yenə də mövcud ideoloji məqamlar
əsas tutularaq, ittifaqın rəhbərliyinə musiqi təhsili
olmayan Əli Kərimov gətirilir. Üzeyir bəy isə “Tənqid
və musiqişünaslıq” bölməsinin rəhbəri
kimi burada mühüm işlər görür. Nəhayət,
1937-ci ildə o, Bəstəkarlar İttifaqının sədri
seçilir.
Tarixə nəzər salan hər kəs 1937-ci ilin necə
ağır bir dövr olduğunu bilir. Repressiya
dalğasının tüğyan etdiyi bu mürəkkəb
bir şəraitdə qabaqcıl bir yaradıcılıq təşkilatının
rəhbəri olmaq və bu “qara il” çərçivəsində
işıqlı xidmətlər göstərmək Üzeyir
bəyin böyüklüyünün ifadəsi idi. Bəstəkarın
şah əsəri olan “Koroğlu” operası buna gözəl
nümunədir. 1937-ci il aprelin 30-da tamaşaya qoyulan bu əsərə
görə Üzeyir Hacıbəyli Azərbaycan SSR Xalq artisti
adına layiq görüldü. Həmin ildə o, həm də
SSRİ Ali Sovetinin deputatı seçilir. 1938-ci ildə isə
SSRİ “Xalq artisti” fəxri adına layiq görülür.
Böyük sənətkarın şəxsiyyəti və
nüfuzu, xalqın sevgisi dövlətin də diqqəti ilə
qarşılanır. Ona daha mühüm bir vəzifə – Azərbaycan
Dövlət Konservatoriyasının rektorluğu həvalə
olunur. Ömrünün sonuna qədər Üzeyir bəy
üzərinə düşən bu və ya digər vəzifələri
layiqincə icra etməklə, mədəniyyət tariximizə
silinməz səhifələr yazdı.
1948-ci il noyabrın 23-də Üzeyir bəyin vəfatından
sonra isə bu vəzifələrin davamı onun yetirmələrinin
fəaliyyəti və yaradıcılığı ilə zənginləşdi.
Bu mənada, möhkəm ənənələrə əsaslanan
ABİ-nin işində də mühüm xidmətləri olan
Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Səid
Rüstəmov, Rauf Hacıyev, Niyazi, Fikrət Əmirov, Tofiq
Quliyev, Cahangir Cahangirov, Ramiz Mustafayev, Süleyman Ələsgərov,
Hacı Xanməmmədov, Vasif Adıgözəlov və bu
kimi görkəmli bəstəkarlarımızın
yaradıcılığı böyük bir məktəbdir.
Çünki onlar Üzeyir bəy irsini əsas tutaraq
dünya musiqisinin də tələblərinə cavab verən
dəyərli əsərlər yazıblar. Onların
yaradıcılığı Bəstəkarlar
İttifaqının da inkişafına təkan verdi.
Görkəmli bəstəkarlarla yanaşı,
ABİ-nin tarixində musiqişünasların da rolunu qeyd etmək
gərəkdir. İttifaq yarandığı vaxtdan onun
işinə musiqişünaslar da cəlb edilib. 1934-cü ildən
Üzeyir bəyin rəhbərlik etdiyi Tənqid və
musiqişünaslıq bölməsinin işi buna nümunədir.
O dövrdə əsası qoyulan bu ənənə indi də
davam etdirilir. Musiqişünaslar ABİ-nin plenum və
qurultaylarında, elmi konfranslarda bəstəkarların
yaradıcılığı, milli və professional musiqinin
janrları, musiqi həyatına dair, eləcə də
musiqişünaslıq və onun aktual problemləri
mövzusunda geniş məruzələrlə
çıxışlar edib, dövri mətbuatda da bu məsələləri
geniş işıqlandırıblar. Ötən əsrin ilk
musiqişünaslarından Xurşid Ağayeva, Məmmədsaleh
İsmayılov, Elmira Abasova, onların davamçıları
Ramiz Zöhrabov, Səadət Seyidova, Səadət Abdullayeva,
Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, eləcə
də növbəti nəsil musiqişünasların fəaliyyəti
ittifaqın işinə mühüm töhfədir.
Bəstəkarlar İttifaqı Qara Qarayev, Səid
Rüstəmov, Tofiq Quliyev kimi görkəmli sənətkarların
sədr olduğu dövrlərdə və bu gün də
Üzeyir bəyin ənənələrini davam və
inkişaf etdirir. Bu mənada, 1974-cü ildən ABİ-nin
katibi, 2007ci ildən isə sədri vəzifəsinə seçilən
Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz
Əlizadə öz sələflərinin yolunu və ənənələrini
qoruyub saxlamağa, təşkilatın yeni dövrdə
inkişafını təmin etməyə səy göstərir.
İttifaqın fəaliyyətinin əsas hədəfləri
ənənələr üzərində qurulan müasir
yaradıcılıq ideyalarının təmin
olunmasıdır.
Eyni zamanda ABİ dövlət tədbirlərinin,
festivalların keçirilməsində də yaxından
iştirak edir. Mədəniyyət Nazirliyi və Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
keçirilən “Muğam aləmi”, Üzeyir Hacıbəyli
Beynəlxalq festivalları və digər tədbirlər buna
misaldır. Şəki “İpək yolu” Beynəlxalq
Festivalı isə Bəstəkarlar İttifaqının layihəsi
olaraq (festivalın bədii rəhbəri Xalq artisti Firəngiz
Əlizadədir), Mədəniyyət Nazirliyi və Şəki
Şəhər İcra Hakimiyyəti ilə birgə həyata
keçirilir.
Bəstəkarlar İttifaqının fəaliyyəti
daim dövlətimizin qayğı və himayəsi ilə əhatə
olunub. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik
etdiyi sovet və müstəqillik dövrlərində bu təşkilatı
xüsusi diqqətdə saxlayıb. 1979-cu ildə ABİ-nin V
qurultayında onun bəstəkar və musiqişünaslarla
görüşündə söylədiyi fikirlər, “Bəstəkarın
yüksək amalı və vəzifələri” adlı məruzəsi
bu gün öz aktuallığını qoruyub
saxlamaqdadır.
Ulu öndərimizin bu sahədə siyasəti Prezident
İlham Əliyev tərəfindən davam etdirilir. 2009-cu
ildə Bəstəkarlar İttifaqına qaytarılan
binanın əsaslı təmiri və yeni avadanlıqlarla təchiz
olunması, təmirdən sonra ölkə Prezidentinin və
birinci xanım Mehriban Əliyevanın
açılışında iştirak etmələri bunun
bariz təzahürüdür. Dövlət
başçımızın sərəncamları ilə
ittifaqın üzvlərinə fəxri adlar və Prezident təqaüdlərin
verilməsi də bu qayğı və diqqətin bariz
nümunəsidir.
Məhz belə bir qayğı və diqqətlə əhatə
olunan təşkilatın üzvləri də
xalqımızın musiqi mədəniyyətinə dəyərli
töhfələr verərək yeni əsərlər ərsəyə
gətirirlər. 44 günlük Vətən müharibəsindəki
Zəfərimizə həsr olunan bəstəkar əsərləri
və onların konsert məkanlarında səslənməsi
buna əyani misaldır.
Bəstəkarlar İttifaqında ərsəyə gələn
“İlham Əliyev və musiqi mədəniyyəti” (2021) və
“Heydər Əliyev və musiqi mədəniyyəti” (2023)
kitabları da həm Ulu öndərin, həm də Prezident
İlham Əliyevin musiqi sənətinə göstərdikləri
münasibətin tarixi faktlarla təzahürüdür.
Hazırda 90 illiyi ilə əlaqədar tədbirlər
planı üzrə işlər aparılır. ABİ-nin son
5 il ərzində fəaliyyətinə dair yeni nəşrlər,
üzvlərin yaradıcılıq işlərini əks etdirən
məlumat kitabı, may ayında gənc bəstəkarların
plenumunun keçirilməsi, iyun ayında F.Əmirov adına Gəncə
Dövlət Filarmoniyasında keçiriləcək tədbirlər,
iyul ayında Şəkidə nəzərdə tutulan XIII
“İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, sentyabr
ayında gözlənilən ənənəvi Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıq,
oktyabr və noyabr aylarında keçiriləcək tədbirlərin
proqramları bu fəaliyyətin əsas göstəriciləridir.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.7.