“Panorama 1453 Tarix Muzeyi”nin azərbaycanlı rəssamı

 

Yaşar Zeynalovun arzusu Qarabağ Zəfərini də belə bir muzeydə rəsmlərə köçürməkdir

 

Türk tarixinin şanlı səhifələrindən biri olan İstanbulun fəthinin (29 may 1453-cü il) 571 ili tamam oldu. 21 yaşlı Sultan Mehmetin komandanlığı altındakı Osmanlı ordusunun Şərqi Roma (Bizans) imperiyasının paytaxtı Konstantinopolu fəth etməsi dünya tarixinə yeni bir imperatorluğu da tanıtdı.

İstanbulda bu tarixi hadisəni ən incə məqamlarınadək özündə əks etdirən “Panorama 1453 Tarix Muzeyi” fəaliyyət göstərir. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa edilən və dünyanın ilk tam panoramik muzeyi adını daşıyan bu məkanın baş rəssamı soydaşımız Yaşar Zeynalovdur.

Azərbaycanın Əməkdar rəssamı Yaşar Zeynalov artıq otuz ildir ki, fəaliyyətini Türkiyədə davam etdirir. O, 1994–2005ci illərdə qardaş ölkədə bir çox cizgi filminin çəkilişində rəssam olaraq iştirak edib, kitablara illüstrasiya çəkib. 2005-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən panorama muzeyinin yaradılması üçün dəvət alır. Gözlənilməz bu dəvət rəssama sənətini daha geniş ictimaiyyətə çatdırmaq üçün böyük imkan yaradır.

On mindən çox insan fiqurunun əks olunduğu muzeyin hazırlanmasında rəssam üçün ən çətin məqam məhz İstanbul fatehinin portretini çəkmək olub. Çünki Sultan Mehmet Fateh deyincə insanların gözündə XV əsrdə yaşamış italyan rəssam Gentile Bellini tərəfindən çəkilən portret canlanır. O əsərin çəkildiyi dövrdə sultanın təxminən 46 yaşında olmasını nəzərə alan Yaşar Zeynalov Panorama muzeyində ona bənzər, lakin daha gənc fatehi canlandırıb.

Mindən çox ayrı-ayrı rəsmin birləşməsindən meydana gələn muzeydə İstanbul uğrunda gedən savaşda Osmanlı ordusu tərəfindən istifadə edilən silahlar, eləcə də bu fəth üçün xüsusi hazırlanan topların bənzər maketləri də sərgilənir. Panorama rəsmləri ümumilikdə 2700 kvadratmetr ərazini əhatə edir.

Hər il təxminən bir milyona yaxın insanın ziyarət etdiyi “Panorama 1453 Tarix Muzeyi”nin açılışından sonra Yaşar Zeynalov ölkənin fərqli bölgələrində buna bənzər digər muzeylərin hazırlanması üçün dəvət alıb. Artıq 17 ildir sənəti ilə qardaş ölkədə tarixi canlandıran rəssam Türkiyənin bir sıra bölgələrində panorama və diorama muzeyləri hazırlayıb.

Qardaş ölkədə bir çox layihəyə imza atan rəssamın indi ən böyük arzusu Azərbaycanda da Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır.

 

Mədəniyyət.- 2024.- 31 may, ¹40.- S.6.