İlyas Əfəndiyevin
110 illiyi münasibətilə “Xurşidbanu Natəvan”
tamaşası nümayiş olunub
Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının səhnəsində Xalq
yazıçısı İlyas Əfəndiyevin
“Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən
eyniadlı əsəri nümayiş olunub.
Tamaşa görkəmli dramaturq İlyas Əfəndiyevin
anadan olmasının 110 illiyinə həsr edilib.
Tamaşanın nümayişindən əvvəl
çıxış edən Əməkdar incəsənət
xadimi, professor Məryəm Əlizadə görkəmli ədibin
həyatı və zəngin yaradıcılığı, ədəbiyyatımıza
verdiyi töhfələrdən danışıb. O, İlyas
Əfəndiyevin ötən əsrin 60-cı illərindən
etibarən Azərbaycan dramaturgiyasında, teatrında yeni bir mərhələnin
başlanğıcını qoyduğunu bildirib.
M.Əlizadə qeyd edib ki, görkəmli ədibin 20
pyesindən 19-u Milli Dram Teatrında tamaşaya qoyulub, həmin
dövrdə mövcud olmuş mənəvi problemlər onun
dramaturgiyasında öz əksini tapıb.
Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti
Cəfərova və Firəngiz Mütəllimova İlyas
Əfəndiyevlə bağlı xatirələrini
bölüşüblər. Bildirilib ki, Azərbaycan
dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi
kimi tanınan İlyas Əfəndiyev teatrımıza
çox böyük töhfələr verib. Görkəmli ədib
Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını
qoyub. Eyni zamanda, qeyd olunub ki, İlyas Əfəndiyev öz əsərlərində
hər zaman tamaşaçıya milli kimliyi
aşılayırdı. Onun əsərləri hələ
neçə-neçə nəsillər üçün
işıq olacaq.
Sonra "Xurşidbanu Natəvan" tamaşası
nümayiş olunub.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi,
axırıncı Qarabağ xanı Mehdiqulu xanın
qızı şairə Natəvanın həyatından
götürülüb. Səhnə əsərində Natəvanı
səciyyələndirən əsas xüsusiyyət onun xalqla
olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir.
Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş
xalqa dərin məhəbbət hissləri təkcə
Qarabağ hüdudları ilə qapanıb qalmır.
İranın şahlıq quruluşunun əsarətində Cənubi
Azərbaycan əhalisinin taleyi də onu həmişə
düşündürür. Natəvan xalqın vəziyyətini
yaxşılaşdırmaq üçün yollar arayır, əlindən
gələni etməyə çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani
duyğuları məharətlə tərənnüm etmək
bacarığına malik istedadlı bir şairə olduğu
da tamaşada diqqət mərkəzindədir.
Səhnə əsərinin bədii rəhbəri və
quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov,
rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı
Əməkdar mədəniyyət işçisi İlham
Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi
və işıq rəssamı Rafeal Həsənovdur.
Səhnə əsərində Xalq artistləri Məleykə
Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım
Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən
Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli,
Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov,
Ayşad Məmmədov, Elşən Rüstəmov və digər
aktyorlar iştirak ediblər.
"Xurşidbanu Natəvan" pyesi tarixi mövzuda
yazılsa da, müasir dövrümüzlə vəhdət təşkil
edən qiymətli bir əsərdir. Məhz buna görədir
ki, pyes oxucu və tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanır, yüksək qiymətləndirilir.