“Sənə Zəfər yaraşır, Azərbaycan!”

 

Bölgələrdə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirlər

 

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin akt zalında “Zəfər soraqlı nəğmələr” adlı tədbir keçirilib. Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən “Xalqımızın Zəfər tarixi” adlı sərgi nümayiş olunub.

***

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Sənə Zəfər yaraşır, Azərbaycan!” adlı bədii qiraət və rəsm müsabiqəsi təşkil edilib. Uşaqların vətənpərvərlik mövzusunda çıxışları və rəsm işləri maraqla qarşılanıb. Qaliblər rayon mərkəzinin diplom və fəxri fərmanı ilə təltif olunub.

***

Zəfər Günü ərəfəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Mənim dünyam” adlı sərgi keçirilib.

Muzeyin bərpaçı-rəssamı Heyran Xancanovanın qədim toy adət-ənənələri, təbiət mənzərələri və işğaldan azad edilmiş torpaqlardakı memarlıq abidələrinin əks olunduğu əl işləri nümayiş olunub.

***

Tovuz şəhər Mahir Ələkbərov adına liseyin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfər tariximiz” adlı rəsm sərgisi keçirilib. Tədbirə qatılan şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, rəsm sərgisinə baxıblar.

***

Astara rayon Mərkəzi Kitabxanasında “8 Noyabr – Zəfər tariximiz” mövzusunda tədbir təşkil edilib. Çıxışlarda milli qürurumuzun təntənəsinə çevrilən şanlı tarixdən bəhs edilib. Şagirdlərin ifasında Zəfər Günü ilə bağlı şeirlər səsləndirilib.

***

Ağstafada “Zəfər bağı: Vətən üçün yeni nəfəs” adlı ağacəkmə aksiyası həyata keçirilib. Heydər Əliyev Mərkəzinin yaşıllıq üçün nəzərdə tutulan sahəsində şəhidlərimizin əziz xatirəsinə xatirə lövhəsi qoyulub, 100 şam ağacı əkilib. Aksiyada rayonun icra başçısı Seymur Orucov da iştirak edib.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan klub müəssisələrinin əməkdaşları arasında “Zəfərin səsi” adlı bilik yarışı keçirilir. Heydər Əliyev Mərkəzində gerçəkləşən ilk turda 7 komanda iştirak edib. 3 komanda final mərhələsində iştirak etmək haqqı qazanıb.

 

Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.4.