“Ana, oğlun sağdır və
pianoda sənin sevdiyin musiqini ifa edir...”
Xalqımız onu Şuşanın düşməndən
azad olunduğu zaman ifa etdiyi “İncə bellim” mahnısı
ilə tanımışdı. Soyuqdan
üşümüş əllərinin köhnə pianonun
dilləri üzərində gəzişməsindən musiqi təhsili
alması hiss olunurdu. Tale də elə gətirdi ki, onun həyatındakı
musiqi melodiyalarının yerini qəhrəmanlıq notları
aldı...
“Vətən fədailəri” rubrikasında bu dəfə
şəhid polis Əzizbəy Muradovdan söz
açacağıq.
Əzizbəy Etibar oğlu Muradov 1998-ci il fevralın
3-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. Orta
təhsilini kənddəki məktəbdə alıb.
Uşaqlıqdan qarmon çalmağa həvəs göstərib,
Sabirabad şəhər Üzeyir Hacıbəyli adına
Uşaq musiqi məktəbində sənətin sirlərini
öyrənib. Sonra hərbi xidmətə yollanıb.
Qayıtdıqdan sonra, 2018-ci ildə Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinə (qarmon
ixtisası) qəbul olunub.
2020-ci ilin 27 sentyabrı. Vətən müharibəsi
başlamışdı. Kollecin III kurs tələbəsi
Əzizbəy təhsilini yarımçıq qoyaraq
könüllü cəbhəyə yollanır. Artıq onun
qulaqlarında musiqi səsi silah səsləri ilə əvəzlənmişdi.
Savaş, qanlı döyüşlər...
Döyüşçü yoldaşlarını itirir, amma bir
yandan da özünü tapırdı. O,
qarşılaşdığı çətinlikləri musiqi
ilə yüngülləşdirməyə
çalışırdı.
Vətən müharibəsi 44 sonra Azərbaycan
Ordusunun şanlı Zəfəri ilə başa
çatdı. Əzizbəy də müharibədəki
şücaətinə görə “Cəbrayılın azad
olunmasına görə” və “Qubadlının azad
olunmasına görə” medalları ilə təltif edildi.
Vətən müharibəsi zamanı sosial şəbəkələrdə
yayılan ifaları ilə də məşhurlaşmışdı.
İlk dəfə Qubadlıda qarmonda çaldığı
“Qarabağ şikəstəsi” böyük maraq
yaratmışdı. Şuşada pianoda ifa etdiyi “İncə
bellim” mahnısı sosial mediada xüsusilə geniş
yayılmışdı.
Əzizbəy müharibədən sonra müsahibələrindən
birində bu haqda demişdi: “Qubadlı rayonunda qarmon tapdım.
Onda əsgərlərdən birinin ad günü idi. Hər
şey təsadüfən oldu. Uşaqlar xahiş etdilər
ki, “Qarabağ şikəstəsi”ni ifa edim. Mən də ifa
etdim. Deməli, xəbərim olmadan ifamı videoya çəkiblər.
Sonra gəldik Şuşaya. Uşaqlar bir piano tapdılar. Onlar
da bilirlər ki, mən musiqiçiyəm. Ona görə məni
çağırdılar, dedilər, ifa elə...”.
Vətən müharibəsindən qayıtdıqdan
sonra Əzizbəy həyatının yönünü dəyişir.
2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN)
xüsusi təyinatlı Əlahiddə Çevik Polis
Alayının sıralarına daxil olur. Qarşıda
düşməni doğma yurdumuzdan tamamilə təmizləmək,
uzun illərdir Qarabağda kök salmış erməni
separatizminin kökünü birdəfəlik kəsmək
missiyası vardı. O da 2023-cü ilin 19-20 sentyabrında
Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında
iştirak edir. Şuşa-Xankəndi istiqamətində tank əleyhinə
minaya düşərək ağır yaralanır.
18 gün komada qalan Əzizbəy xəstəxanada
göstərilən tibbi müdaxilələrə baxmayaraq,
oktyabrın 6-da şəhadətə ucalır. Doğulub
boya-başa çatdığı Sabirabad rayonunun Ulacalı kənd
qəbiristanlığında torpağa
tapşırılır. Ölümündən sonra “Vətən
uğrunda” medalı ilə də təltif edilir.
Şəhidin anası Fatma Muradova oğlu haqqında fəxrlə
danışır: “Hamı elə bilirdi ki, onun sevdiyi qız
var, “İncə bellim” mahnısını da onu
düşünərək ifa edir. Əzizbəy Vətən
müharibəsi zamanı pianoda ifa etdiyi həmin
mahnının videosunu mənə yollamışdı.
Demişdi ki, ana, bax, oğlun sağdır və pianoda sənin
sevdiyin musiqini ifa edir...”.
Şəhidin atası Birinci Qarabağ müharibəsi
veteranı Etibar Muradov deyir ki, Əzizbəy müharibədən
qayıtdıqdan sonra çox sevdiyi not kitabçalarına
toxunmurdu: “Əsgər geyimində çəkdirdiyi şəkillərinə
qibtə edirdi. Ona torpaqlarımızın
bütövlüyünün və
suverenliyimizin tam bərpası yolunda Qələbə ilə
taclanan tarix səhifəsi qismət oldu...”.
Əzizbəy qəlbindəki Vətən sevgisi
könül nəğməsini üstələyən qəhrəman
kimi tarixə adını yazdırdı...
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.6.