“Texniki fənlərə
marağım olsa da, musiqi üstün gəldi”
“Lap kiçik yaşlarımdan valideynlərim musiqiyə
olan marağımı sezmişdilər. Bakı Dövlət
Universitetinin professoru olan babam həm də klassik musiqinin
vurğunu idi. Məni dünya klassikləri ilə ilk dəfə
o, tanış edib. İndi deyə bilərəm ki, bu sahəyə
peşəkar şəkildə yönəlməyim
üçün anam və babam çox düzgün
seçim ediblər. Öncədən texniki fənlərə
marağımı duyan atam məni öz sahəsinə istiqamətləndirmək
istəyirdi, lakin musiqiyə üstünlük verərək
qazandığım uğurları gördükcə o da
böyük dəstəkçim oldu”.
Bu sözləri yaşına görə
uğurları çox olan gənc pianoçu, respublika və
beynəlxalq müsabiqələr laureatı Ərtoğrul
Balayev deyir.
Mədəniyyət Nazirliyi, Elm və Təhsil
Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə ötən il keçirilən Uşaq İncəsənət
Festivalının (UİF) mükafatçıları
olmuş istedadlardan biri kimi o, “Uğur sorağında”
rubrikamızın növbəti qonağıdır.
Ərtoğrul Balayev 2008-ci ildə Bakıda anadan olub.
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin
və Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin
XI sinif şagirdidir.
Pianoçu kimi ilk böyük uğurunu
Çexiyanın Praqa şəhərində keçirilən
“Cyberart” beynəlxalq musiqi festivalında qazanıb. Bundan sonra
2021-ci ildə İspaniyanın Barselona şəhərində
keçirilən “İspan günəşinin rəngləri”
(“Paints of the Spanish sun”), Portuqaliyanın Lissabon şəhərində
təşkil edilən “Portuqaliya incəsənət
karnavalı” (“Portugal art carnival”) beynəlxalq festival-müsabiqələrində
I diploma layiq görülüb. 2022-ci ildə respublikamızda
Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Gənc
istedadlar”ın ifaçılıq müsabiqəsində də
I yeri qazanıb.
Ərtoğrul üçün ötən il ölkəmizdə
keçirilən Uşaq İncəsənət Festivalı
xüsusi bir məna daşıyır: “Bu festival Azərbaycan
mədəniyyətinə öz töhfəsini verməyi
arzulayan gənc istedadlar üçün əsl sınaq
meydanı idi. Üstəlik, Ulu öndərin adı ilə
bağlı bir festivalda çıxış etmək mənim
üçün böyük şərəf idi. Nəticədə
piano ifaçılığı üzrə 14-17 yaş
kateqoriyasında I yeri qazandım. Bu festival mənim
üçün yeni bir mərhələ oldu, musiqi yolunda qərarlılığımı
və məqsədimi daha da möhkəmləndirdi”.
UİF-dən sonra da Ərtoğrulun uğurları
davam edib. Ötən il “Akademik, xalq və caz musiqisi” II
Respublika müsabiqəsində laureat olub. Bu il Türkiyənin
Alanya şəhərində keçirilən XII “Harmoniya” beynəlxalq
müsabiqə-festivalında II, Gürcüstanın Batumi
şəhərində təşkil edilən VI “Dünya
harmoniyası” (“World Harmony”) beynəlxalq festivalında isə
I yerə layiq görülüb.
Müəllimi Yelena Vasilyevna şagirdi haqqında
düşüncələrini bölüşür: “İlk dəfə
dörd il əvvəl professional səhnə ilə
tanış olan Ərtoğrul festival və müsabiqələrdə
iştirak edib. Musiqi onun həyat devizinə çevrilib. Təbii
ki, bu məni bir müəllim kimi çox sevindirir. Onun ən
böyük arzusu orkestr dirijoru olmaq və öz musiqisini
yaratmaqdır. Artıq belə cəhdlər olub.
Ərtoğrulun böyük ədibimiz Cəfər
Cabbarlının sözlərinə 13 yaşında
yazdığı “Azərbaycan bayrağına” romansı
ötən konsertlərimizin birində səslənib və
maraqla qarşılanıb...”.
Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin
direktoru Əməkdar müəllim Gülnarə Səfərova
Ərtoğrulun özünü çalışqan və
bacarıqlı şagird kimi göstərdiyini, məktəbin
bütün tədbirlərində çıxış etdiyini
bildirir: “O, dəfələrlə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti
ilə çıxış edib. Öz üzərində
çox çalışan bir şagirddir. Gələcəkdə
biz Ərtoğrulu incəsənətimizin layiqli nümayəndəsi
kimi tanınacağına ümid bəsləyirik”.
Gənc pianoçu dirijorluğa meyil göstərməsinin
də maraqlı səbəbi var. Deyir ki, orkestrlə birgə
çıxışlar etməsi onda dirijorluğa da maraq
oyadıb: “Hər alətin özünəməxsus səsi,
orkestrdə fərqli bir rolu var və dirijor kimi bu səslərin
hamısını vahid bir ahəngə gətirmək məndə
bu sahəyə böyük həvəs yaratdı. Məhz
buna görə də ali təhsilimi pianoçu kimi yox,
dirijorluq və bəstəkar üzrə almaq istəyirəm.
Hazırda əsas məqsədim isə orta məktəbi və
musiqi məktəbini uğurla başa vuraraq gələcək
karyeram üçün ciddi təhsil almaqdır. Çox
ümid edirəm ki, buna nail olacağam”.
Nurəddin
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.5.