Zamanın
dayandığı məkanlar
Azərbaycanın qədim şəhərlərindən
olan Şəkinin özünəməxsus memarlıq
üslubu, fərdi vizual görkəmi var. Bu görkəmin
formalaşmasında Şəki Xan sarayı, Şəkixanovların
evi, karvansaralar və başqa tarixi memarlıq abidələri
ilə yanaşı, yaşayış binalarının da
mühüm rolu var. Bu binaların əksəriyyətini XIX əsrin
sonu – XX əsrin əvvəllərində Şəkidə sənayeləşmənin
və ticarətin gətirdiyi gəlir hesabına zənginləşmiş
adlı-sanlı tacir ailələri inşa etmişlər.
Bu gün Şəki “Yuxarı Baş” Milli
Tarix-Memarlıq Qoruğu ərazisində dövlət
qeydiyyatına alınmış 83 memarlıq abidəsi
arasında həmin nəsillərə məxsus evlər
öz əzəməti və gözəlliyi ilə göz
oxşayır. Ənənəvi Şəki evlərinin unikal
fasad elementlərini, pəncərə və qapı detallarını
ehtiva edən bu memarlıq abidələri öz
görünüşləri ilə sanki zamana meydan oxuyur. Ancaq
hazırda həmin evlərdə XIX
əsrdə Şəkinin ictimai-siyasi və iqtisadi həyatında
söz sahibi olmuş ailələrin varisləri
yaşamırlar.
Şəkinin, demək olar ki, bütün bəy və
tacir ailələrinin taleyi bir-birlərinə bənzəyir. Sovet hökumətinin qurulması ilə
başlayan kollektivləşmə nəticəsində, Azərbaycandakı
bir çox bəy və zadəganlar kimi, Şəkinin də
tacir və mülkədarlarının var-dövləti
müsadirə olunmuş, mülkləri ayrı-ayrı
qurumlara, şəxslərə
bağışlanmışdı. Bütün bunlara rəğmən
mülk sahiblərinin soyadı həmin binaların adına
çevrilib, yüz ildən çox keçməsinə rəğmən
əsl sahiblər unudulmayıb.
Şəkinin ən gözəl yerində,
karvansaralardan Xan sarayına qalxan küçədə öz
tarixi memarlıq görkəmi ilə göz oxşayan, uzun illərdir
internat tipli məktəb olaraq istifadə olunan binalar məşhur
“Dadanovlar”, keçmiş uşaq evinin binası
“Zülfüqarovlar”, Qala divarlarından şərqdə
istirahət evi və uşaq xəstəxanası olmuş
mülk “Hüseynbəyovlar”, Pedaqoji Texnikumun binası
“Əliyevlər” nəslinin adını və xatirəsini hələ
də yaşatmaqdadır.
Adları sadalanan binalar, hər nə qədər XIX əsrin
memarlıq üslubunu günümüzə qədər
qoruyub saxlasa da, interyer olaraq müasirləşib. Həmin
binaların daxilində o dövrdən qalma bir əşya, nə
də bir nişanə var. Ancaq elə evlər də var ki,
içərisində sanki zaman dayanıb. Tikildiyi dövrə
aid əşyalar, mebellər, fotolar və xatirələr hələ
bu evləri tərk etməyib.
Onlardan biri Şəkinin M.F.Axundzadə prospektində
yerləşən 207 nömrəli evdir.
Nadir hallarda qapısı açılan ev fasad bəzəkləri
ilə küçədən keçən hər kəsin
diqqətini çəkir. Ev sahibləri Bakı şəhərində
yaşayır, bəzən yay aylarında Şəkiyə gələndə
bu evdə qalırlar. Evin sahibəsi Svetlana Hüseynovadır.
Svetlana xanım Dadanovlar nəslinin nümayəndəsi,
Hüseynbəyovlar nəslinin gəlinidir. Atası Nütvəli
Məşədi Xəlil Dadanovla məşhur Şəki
milyonçusu Məmmədsadıq Əliyevin qızı
Gülsüm xanımın izdivacından doğulub.
Tütün-maxorka istehsalı və ticarəti ilə
məşğul olmuş Dadanovlar da, Şəki milyonçusu
Əliyevlər də, ipək ticarəti ilə məşğul
olmuş Hüseynbəyovlar da Şəkinin memarlıq irsinə
böyük miras qoyub. “Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə
görə bölgüsünün təsdiq edilməsi
haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarından
irəli gələrək 3 noyabr 2021-ci il tarixində Dadanovlar
ailəsinə məxsus beş, Hüseynbəyovlara məxsus
dörd, Əliyevlərə məxsus üç bina hər
birinə inventar nömrəsi verilməklə yerli əhəmiyyətli
abidə kimi dövlət tərəfindən qeydiyyata
alınıb.
Svetlana xanımın söylədiyinə görə,
207 nömrəli ev Dadanovların yaşayış evi, digər
binalar isə ticarət və istehsalat obyektləri olub. Bu evə
daxil olduqda insan sanki yüz il öncəyə qayıdır,
zamanda səyahət edir. İkitaylı qapılardan daxil
olduqca hündür tavanlı, işıqlı otaqlarda
keçmişin qoxusu duyulur. Keçmiş sənətkarların
zövq və səriştəsinin məhsulu olan qozqara mebellərin
oyma naxışları göz oxşayır.
Ev sahibəsinin babasından qalan yadigarları məhəbbətlə
qoruması, fəxrlə təqdim etməsi soy-kökə
verilən dəyəri göstərir. O, qürur hissi ilə
baba və nənəsindən, Şəkinin üç məşhur
nəsli ilə qohumluğundan danışır. Ağ-qara,
köhnə fotoları göstərib nəslin nümayəndələrini
təqdim edir.
Şəkidə belə evlər də, belə
insanlar da, belə fotolar da çoxdur. Bu dəyərli əşyaların,
fotoların qorunması, tanıdılması tarixi-mədəni
irsimiz üçün böyük töhfədir. Bu fotolar
Şəkinin etnoqrafiyasının öyrənilməsi, geyim
və zinət əşyalarının tədqiqi
baxımından da əvəzsiz mənbə ola bilər.
Zəminə Rəsulova
Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq
Qoruğunun elmi işçisi
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.6.