Musiqisi Cahangir
Cahangirovundur...
Oktyabrın 29-da Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında unudulmaz bəstəkar Cahangir Cahangirovun
(1921–1992)anadan olmasının 103-cü ildönümünə
həsr olunmuş konsert proqramı təqdim olunub. Teatrın
instrumental ansamblının (bədii rəhbər Mirxalid
Salayev) müşayiəti ilə solistlər bəstəkarın
unudulmaz mahnılarını ifa ediblər.
Musiqi axşamında əvvəlcə bəstəkarın
həyat və yaradıcılığından söz
açılıb. Bildirilib ki, bu il dahi şair Füzulinin 530
illiyi qeyd edilir və bəstəkarın “Füzuli”
kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.
Proqramda Xalq artistləri Gülyanaq Məmmədova
“Alagöz”, Gülyaz Məmmədova “Bakı”, Heydər Anatollu “Yenilməz batalyon”
filmindən mahnı, Aynur İsgəndərli “Gecələr”,
Rövşən Qəhrəmanov “Ay qız”, eləcə də Fəxri Kazım
Nicat və Ayşən Mehdiyeva bəstəkarın dillər əzbəri
digər mahnılarını oxuyublar. Ansamblın ifasında bəstəkarın
instrumental əsərləri də səslənib.
Konsertin sonunda Xalq artisti Ağacəbrayıl Abasəliyev
çıxış edərək ansambl üzvləri və
ifaçılara təşəkkür edib.
Cahangir Cahangirovun qızı Səidə Məhərrəmova
atasının xatirəsinə göstərilən ehtirama
görə teatrın kollektivinə təşəkkürünü
bildirib.
Qeyd edək ki, müxtəlif janrlarda musiqi əsərləri
yazan Cahangir Cahangirov 1949-cu ildə Azərbaycan Radiosunun nəzdində
yaradılan xora rəhbərlik edib, 15 ildən artıq bu
kollektivlə işləyib. Mahnılarının çoxu ilk
dəfə həmin kollektivin ifasında səslənib. O, həmçinin
Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri
vəzifəsində çalışıb.
L.Azəri
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.5.