Vətən
duyğulu romantik şair
XX əsr Azərbaycan ədəbiyyatında romantizmin ədəbi
cərəyan kimi yaranması və inkişafında şair Məhəmməd
Hadinin böyük rolu olub. O, istedadını
başdan-başa xəlqilik və millilik ideyalarına həsr edib, əsərlərində
maarif və mədəniyyətin təbliğinə geniş
yer ayırıb.
Araşdırmalarda da qeyd edilir ki, Azərbaycanda bu ədəbi
cərəyan Hadinin poeziyası ilə təşəkkül
tapıb. Onun 1906-cı ildə yazdığı “Nəğmeyi-əhraranə”
(“Hürriyyət nəğməsi”)
əsəri “azad romantizm”ə proloq hesab edilir.
Dövrünün gerçək eybəcərlikləri ilə
barışmayan şair istismarçı cəmiyyətə
etiraz olaraq “Həqiqət acımı, dadlımı”
şeirində yazır:
Zülmün küləyi əsdi də soldurdu
yanağın,
Eyvah ki, pamalü xəzan oldu da bağın.
Şahbaz kimi, söyləməm ülviyyətimiz yox,
Kiçik kəpənəkcə belə hürriyyətimiz
yox.
Məhəmməd Hadinin dolğun
yaradıcılıq fəaliyyəti ölkədə
maarifçilik ideyalarının özünü
doğrultmadığı, ziyalılığın bir
addım geri çəkildiyi bir dönəmə təsadüf
edir. I Dünya müharibəsinin yaratdığı çətinliklər,
insanlığa qarşı amansız qərarlar onun
yaradıcılığına təsirsiz qalmır. Əsərlərində
milli varlığın ümidsiz durumu geniş əksini
tapır. Şairin romantik poeziyasında “Yox, millətimin
imzası bu imzalar içində” kimi milli hiss bütün istəklərin
fövqündə durur...
Məhəmməd Əbdülsəlim oğlu Hadi
1879-cu ildə Şamaxı şəhərində tacir ailəsində
dünyaya göz açıb. İlk təhsilini məhəllə
mədrəsəsində alıb. Doqquz yaşında
atasını itirən Məhəmməd sonra anasından da
ayrı düşür. Nənəsi Teyyibə xanım ona və
bacıları Sahibə ilə Əsmaya dayaq olur. Yeganə
oğul nəvəsini bilikli, savadlı görmək istəyir.
1894-cü ildə Teyyibə xanım dünyasını dəyişdikdən
sonra uşaqlar yaxın qohumların himayəsində
qalırlar...
Məhəmməd Hadi dünyaya açıq gözlə
baxan, müasir elmlərə yiyələnən ziyalı kimi
yetişmək arzusu ilə yaşayır. İstanbul və
Qahirə kimi mədəniyyət mərkəzlərində təhsil
almaq istəyir. Bu məqsədlə bir çox varlı
qohumlarına müraciət edir, lakin ona kömək edən
olmur.
Şamaxıda baş verən zəlzələdən
(1902) sonra Məhəmməd Kürdəmirə
köçür. Dostlarının təklifi ilə məktəbdə
dərs deməyə başlayır. 1907-ci ildə Əli bəy
Hüseynzadənin dəvəti ilə Bakıya gəlir.
“Füyuzat” jurnalında işə düzəlir. Onun
yaradıcılıq istiqamətinin möhkəmlənməsində,
aşıb-daşan istedadının cilalanmasında
“Füyuzat”ın böyük rolu olur. Şeir, məqalə və
tərcümələri jurnalda dərc edilir. Ancaq qısa
müddətdə jurnal bağlanır. Bu, şairin əhval-ruhiyyəsinə
çox pis təsir göstərir. 1908-ci ildə vətənpərvər
milyonçu Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə
şairin “Firdövsi-ilhamat” adlı ilk kitabı nəşr
olunur.
Hadi bir müddət işsiz qalır, maddi
sıxıntı keçirir. 1914-cü ildə
yazdığı və qələm yoldaşlarına ithaf
etdiyi “Zamanın məzhəkələrindən” şeirində
düçar olduğu acınacaqlı maddi durumdan
“ilhamının qəlp pula dönməsindən”, qələm
yoldaşları olan şairlərin sərsəri vəziyyətə
düşdüklərindən acı-acı şikayət
edir.
Akademik Bəkir Nəbiyev şairin
yaradıcılığından bəhs edərkən
yazır: “Hadi ölümündən sonra da olsa, böyük
şair kimi öz obyektiv qiymətini alacağına əmin
olub. “Ümid həyatın ruhudur” şeirində Hadinin istifadə
etdiyi çox maraqlı bir təşbehə heç cürə
laqeyd qalmaq mümkün deyil. “Bəxtim kimi olsun kəfənim,
yəni siyəhnak”... Hadi bir növ vəsiyyət edir ki, onun
kəfəni üçün qara parçadan istifadə
olunsun; çünki bu rəng şairin qara bəxtinin rəmzidir...
Lakin bu qara bəxtin, qara rəmzin özünün də
axırında şair bir işıq, bir aydınlıq
görüb...”.
Hadi 1910-cu ilin baharında İstanbula gedir. “Tənin” qəzeti
redaksiyasında Şərq dilləri üzrə tərcüməçi
işləyir. Türk poeziyasında azadlıq
carçıları kimi tanınan Tofiq Fikrət və Rza
Tofiqlə dostluq əlaqələri qurur. Ölkədəki
irtica əleyhinə “Rübab”, “Sərvəti-fünun”, “Sabah”
qəzetlərində fəal çıxışlar edir.
1913-cü ildə fars dilinə tərcümə olunan
“Fünun və maarif” şeirinə görə təqib edilir.
Bu zaman Osmanlının hərbi naziri Mahmud Şövkət
paşaya sui-qəsd olur. Nəzarətdə olan Hadi “Rusiyadan
göndərilmiş təxribatçı” kimi Salonik şəhərinə
(Yunanıstan) sürgün olunur. Şair burada bazarda
çalışır və bir parça çörək
üçün qəpik-quruş qazanır. Yunan polisi də
Hadidən “Türkiyənin casusu” kimi şübhələnir.
O, Azərbaycan şairi olduğunu heç kəsə
inandıra bilmir. Hadini gəmiyə mindirib Yunanıstandan təcili
xaric edirlər. Gəmidə onu Mərmərə dənizinə
atıb öldürmək istəyirlər. Təsadüf nəticəsində
xilas olur. Çox çətinliklə İstanbula, oradan da
Batuma və nəhayət, 1914-cü ilin fevralında Bakıya
qayıdır.
1914-cü ilin sonunda şairin qürbət həyatının
ikinci dövrü başlanır. Dünya müharibəsi
artıq bir neçə aydır başlamışdı. Hadi
cəbhəyə göndərilən müsəlman
diviziyasının ruhanisi kimi Azərbaycanı tərk edir.
“Meydani-hərb xatirələrimdən”, “Ulduzlu bir gecədə
müharibə tamaşası...”, “Qış günlərində
odlu fəğanlar” adlı şeirlərində azadlıq
arzularından bəhs edir. “Qürbət ellərdə yadi-vətən”
şeirində yazır:
Qürbət ellər əgərçi oldu yerim,
Sənə aid bütün düşüncələrim.
Ey məni bəsləyən çəmənzarım,
Ey xəyali-rəfiqi-əfkarım.
Məni şair doğan anam səndə,
Əbədiyyət məzarı sinəndə.
Çox uzaq olsa da bu tən səndən,
Könlüm ayrılmayır, vətən, səndən.
Hadi 1917-ci ildə cəbhədən Sankt-Peterburqa,
oradan da Gəncəyə qayıdır. Bu arada Rusiya
imperiyasının süqutu, 1918-ci ilin mayında Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması şairin romantik
duyğularına qol-qanad verir. O, müstəqil Azərbaycan
dövlətinə şeirlər həsr edir.
Hadinin əsərləri ən çox “Azərbaycan”
qəzetində dərc olunur. Şair Cümhuriyyətinin əbədiyaşarlığına,
istiqlalımızın bütün Şərq
dünyasına təsirsiz ötüşməyəcəyinə
inanır və “Türk nəğməsi” adlı əsərini
yazır:
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik ateşi-dehhase duveldən.
Bir zərrə belə qorxmayırız desti-əcəldən,
İstərsə cahan çevrilə tərsinə təməldən,
Türkün üzü çevrilməyəcək səmti
əməldən.
Lakin Azərbaycan ədəbiyyatında romantizmin yeni
inkişaf mərhələsinə qədəm
basdığı Cümhuriyyət dövrü uzun
sürmür. 1920-ci ilin aprelində Azərbaycanın
istiqlalı süqut edir. Həmin
il Məhəmməd Hadinin vəfatı milli ədəbiyyatımızda
romantizmin də ədəbi cərəyan kimi süqutuna səbəb
olur...
S.Fərəcov
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.6.