“Az səslənən
muğamları yaşatmalı və təbliğ etməliyik”
“Ustad dərsi”ndə “Dügah” və “Bayatı-Qacar” dəsgahları
təqdim olunub
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Ustad dərsi”
layihəsinin növbəti tədbiri “Dügah” və
“Bayatı-Qacar” dəsgahlarına həsr olunub. Noyabrın 1-də
“Dügah” və “Bayatı-Qacar” dəsgahları instrumental
ifada və xanəndələrin ifasında
tamaşaçılara təqdim olunub.
BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə
çıxış edərək bildirib ki, Azərbaycan
muğamı deyiləndə ilk olaraq “Rast”, “Şur”, “Segah”
kimi muğamlarımız yada düşür. “Dügah” və
“Bayatı-Qacar” muğamları nadir hallarda səslənir. “Nəva”
muğamı da az səslənən muğamlardan biri olsa da, tədris
proqramına (tar ifaçılığında)
salınıb. “Bayatı-Qacar” və “Dügah” muğamları
vaxtilə sovet dönəmində də müəyyən təzyiqlərə
məruz qalaraq oxunmayıb: “Biz az səslənən
muğamları yaşatmalı və təbliğ etməliyik.
BMM unudulan muğamlara müraciət edərək silsilə
şəkildə onları ictimaiyyətə təqdim edəcək.
Muğam biliciləri, peşəkar musiqiçilərlə
birlikdə bu muğamları öz koloriti və xüsusiyyəti
ilə dinləyicilərə çatdırmağa çalışacağıq”.
Sonra konsert proqramı təqdim olundu. Görkəmli
tarzən Elxan Müzəffərov “Dügah”
muğamını hissə-hissə ifa edərək mizrab
vurğu və bölgüləri, ifada sürət-pauza və
s. mövzularda düşüncələrini
bölüşüb, muğamın 17 şöbə və
guşəsinin olduğunu bildirib.
Konsertin ikinci hissəsində “Bayatı-Qacar”
muğamını “Muğam” televiziya müsabiqəsinin qalibləri
xanəndələr Nisbət Sədrayeva və Vüqar
Əbilov təqdim ediblər. Onları Rövşən
Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə
Əliyeva (qanun), Amil Mustafayev (nağara), Rafael Əsgərov
(balaban) və Vasif Yusifli (ud) müşayiət edib.
Qeyd edək ki, layihənin məqsədi klassik
ifaçılıq məktəbimizin yaşadılmasına və
gələcək nəsillərə ötürülməsinə,
ustad-şagird ənənələrinin qorunmasına dəstək
olmaqdır.
Lalə
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.5.