“Şap elə bilir
şupdadır, şup elə bilir...”
Amma o, həmişə ya məşqdədir, ya
tamaşada, ya çəkilişdə, ya da dərsdə. Bəli-bəli.
Özü belə dedi. Üstəlik, onu da əlavə elədi
ki, “Sənət adamının canında nə qədər
sağlamlıq varsa, o, səhnəyə
çıxmalıdır...”.
Oktyabrın 30-da Heydər Əliyev Sarayında
tanınmış aktyor, Xalq artisti, professor, “Şöhrət”
ordenli İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli
gecə keçirildi. Buna yubiley mərasiminə bir-biri
üçün darıxanların görüş gecəsi də
demək olardı. Sənətkarla onu sevənlər
üz-üzə dayanmışdılar. Sevgi, alqış, bol
gülüş... Hər iki tərəf məmnun idi...
Gecədə yubilyarın həyat və
yaradıcılığından, aktyorluq və pedaqoji fəaliyyətindən
ətraflı söz açıldı. Özü də
özünün aparıcı-ifaçı, əsl ev sahibi
qonaqpərvərliyi ilə.
Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən
parçalar da göstərildi. Səhnədə qurulan
böyük monitorda nümayiş olunan obrazlar qalereyasından
seçmələrin, foto və videokadrların müşayiətində
özü də zalı saf, düşündürücü
gülüşə qərq etdi. Yaşına inad
çevikliklə onu təbrikə gələnlərə
qoşulub o ki var oynadı, oxudu, danışdı.
Təbrikə gələnlər demişkən, Xalq
artistləri Azər Zeynalov, Mübariz Tağıyev, Əməkdar
artistlər Gülüstan Əliyeva, Sənubər İsgəndərli,
Nərgiz Kərimova, Ramil Qasımov, müğənni Nərmin
Kərimbəyova və başqaları müxtəlif obrazlara
bürünərək sənətkarla eyni səhnəni
bölüşüb, musiqili təbriklərini
çatdırdılar.
Aktyorun zaman-zaman çalışdığı
Akademik Opera və Balet, Akademik Milli Dram teatrlarından təbriklər,
eləcə də sənət dostu və qardaşı Xalq
artisti Cəfər Namiq Kamalla məşhur duet-səhnəciyi
həmişəki kimi coşqu ilə qarşılandı.
Azərbaycan Teatr Xadimləri İttifaqının
(ATXİ) sədri Xalq artisti Hacı İsmayılov 60 illik sənət
yoldaşını təbrik etdi, onun müxtəlif
teatrların səhnəsində, televiziya tamaşalarında
yaratdığı biri-birindən maraqlı rollarla
tamaşaçı məhəbbəti
qazandığını vurğuladı. Yubilyara ATXİ-nin
“Teatr xadimi” medalını təqdim etdi.
İlham Namiq Kamalın
çalışdığı Akademik Musiqili Teatrın təbrik
çələngində musiqili komediyalardan parçalar
vardı: əvvəl tələbəsi, indi isə tərəf-müqabili
olmuş həmkarları onunla bir səhnəni bölüşdülər.
Səhnədə onun üçün ayrılan
xudmanı guşədə qərar tutmayan, tez-tez zala –
tamaşaçıların yanına düşən yubilyara
baxdıqca onun illər əvvəl bir müsahibəsində
dediyi “Mən Allahın qismətinə inanan adamam. Qismətdən
artıq yemək olmaz. Qismətindən artıq yemək istəyənlərə
də əhəmiyyət vermirəm. Bəzən
görürsən ki, həyatda hər şeyi əldə
etmiş biri sağlamlığı və həyatı
hesabına daha nələri isə əldə etməyə
can atır. Belə sənət
adamlarını anlaya bilmirəm. Axı heç kim bu
dünyada əbədi deyil, bu dünyadan heç nə apara
bilməyəcək. Mən heç vaxt, heç nəyə
can atmamışam. Sadəcə olaraq, başımı
aşağı salıb, sənətimlə məşğul
olmuşam. Səhnədə və ekranda mənə
tapşırılan obrazı ürəklə, peşəkarlıqla
canlandırmağa çalışmışam. Xalqın
sevgisi, ad-san və şöhrət özü gəlib məni
tapıb. Buna görə mən həmişə sənətimə
yüksək dəyər verən xalqıma və dövlətimə
minnətdaram” fikirləri düşdü.
Məncə, yubiley gecəsi bu anlamda həm də onun
benefisi sayıla bilər. Düzdür, səhnədə və səhnədə qurulmuş
böyük ekranda onunla zaman-zaman tərəf-müqabili
olmuş aktyorlar, az qala əzbər bildiyimiz teletamaşa və
filmlərdən ani kadrlar, eləcə də dolğun yubiley
proqramı tərtib olunmuşdu. Amma bütün bu qələbəliyin
içində bir də o, təkliyə çəkilmiş və
tamaşaçıları ilə ürək söhbəti
edirdi. Yaradıcılıq yolundan məmnun azadəliklə.
Yubileyi münasibətilə qəzetimizə verdiyi
müsahibəsində zarafatla “Mən niyə obrazların həsrətini
çəkməliyəm, qoy rollar mənim həsrətimi
çəksinlər” deyən və ömrü boyu sənətə
əxlaqla xidmət prinsipini rəhbər tutan aktyorun uğur
formulu, necə deyərlər,
seçilməsinin bir sirri həm də bundadır.
Gecənin sonunda final monoloqunu söyləyib,
ardınca “Mən aktyoram” mahnısını ifa etməsi isə
bir anlamda İlham Namiq Kamalın onu sevən və səhnədə
görmək istəyən tamaşaçılarla növbəti
görüşə – 80-də hesabata qədər
sağollaşması idi...
Həmidə
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.5.