“Nəsildən-nəslə teatr” layihəsi davam edir

 

Növbəti qonaq yazıçı-dramaturq İlqar Fəhmi olub

 

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

Layihə çərçivəsində noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Dramaturgiya: əvvəldə söz var idi” adlı panel keçirilib.

Panelin qonağı yazıçı-dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmoderniz-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparıb.

O, həmçinin mədəni, tarixi məqamlara da toxunaraq sözün gücünün onun düzgün çatdırılmasında olduğuna diqqət çəkib.

Qeyd edək ki, “Nəsildən-nəslə teatr” layihəsi üzrə seminar və görüşlərin keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, bu sahəyə marağı artırmaq, gəncləri teatra cəlb etmək və aktiv yaradıcı mühit formalaşdırmaqdır.

 

Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.2.