İstanbulda Azərbaycan
yazarlarının iştirakı ilə panel və imza mərasimləri
41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri
qonaq ölkə”si olan Azərbaycan yazarlarının
iştirakı ilə sərgi məkanında və milli
stendində imza mərasimləri, ədəbi müzakirələr
təşkil olunub.
Noyabrın 2-də “Sosial media çağında
yazmaq” mövzusuna həsr olunan ilk panel esseist, ədəbiyyatşünas
Qismət Rüstəmovun moderatorluğu ilə keçirilib.
Müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan
Cavid iştirak ediblər.
Qeyd olunub ki, çağdaş dünyada texnoloji
yeniliklər insanın fəaliyyət və
davranışlarına sanki bir sürət və tələsgənlik
gətirib. Buna görə də yazıçıların
maraqlı mövzular seçməsi və diqqətçəkən
üslub nümayiş etdirməsi zəruridir.
Yazarlar onlara ünvanlanan sualları
cavablandırıblar, səsləndirilən fikirlərlə
bağlı müzakirə aparılıb.
***
Həmin gün Azərbaycan stendində
yazıçılar Günel Şamilqızının “Div
olanda nə olar?” (povest və hekayələr) və Cavid
Zeynallının “Coğrafiya müəlliminin pencəyi”
(hekayələr) kitablarının imza mərasimi olub.
Şair Fərid Hüseyn hər iki yazar və
kitabları haqqında məlumat verib. Bildirilib ki, hər iki nəşr
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə
2016-cı ildən həyata keçirilən “Azərbaycan
kitabının dünyaya tanıdılması” layihəsi
çərçivəsində “Azərbaycan ədəbiyyatı
gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə
“Zengin yayıncılık” nəşriyyatında çap
olunub. Kitabları tanınmış şair-tərcüməçi
Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.
Sonra müəlliflər kitabları oxucular
üçün imzalayıblar.
***
Daha bir panel müzakirəsi uşaq ədəbiyyatına
həsr edilib.
Yazıçı Sahilə Yayanın aparıcılığı
ilə reallaşan panelin qonaqları tanınmış
uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.
Onlar uşaq ədəbiyyatının əhəmiyyətini
vurğulayıb, bu qəbildən əsərlərin
uşaqların estetik zövqünün,
dünyagörüşünün zənginləşməsində
müstəsna rol oynadığını bildiriblər. Qeyd
olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata
maraq göstərsələr, zərərli vərdişlərdən
və informasiyalardan uzaq olarlar.
Müzakirə şəklində davam edən tədbirdə
müəlliflər sualları cavablandırıblar.
***
“Yeni Azərbaycan hekayəçiliyi və
romançılığı” mövzusunda panel müzakirəsində
yazarlar Aqşin Yenisey, Nərmin Kamal, Cavid Zeynallı və
Ülvi Babasoy çıxış ediblər.
Paneldə Azərbaycan nəsrində gedən proseslər
və ədəbiyyatımızda realizm ənənəsi ilə
bağlı müzakirə aparılıb. Yeni Azərbaycan nəsrində
Qarabağ mövzusu və yazıçı-oxucu münasibətləri
də diqqət mərkəzinə çəkilib.
***
Stendimizdə növbəti panel “Azərbaycanda nəşriyyat
mədəniyyəti” mövzusuna həsr olunub. Naşirlər
Şəmil Sadiq, Nurman Tariq, Rafiq İsmayılov və
başqaları ölkəmizdə kitab sənayesinin
hazırkı vəziyyəti, bu sahənin inkişafı ilə
bağlı qarşıda duran vəzifələrdən
danışıblar.
***
Bundan əlavə, stendimizdə yazıçı Rəvan
Cavidin türk dilində işıq üzü görən
“Absurd menyu” və esseist, ədəbiyyatşünas Qismət
Rüstəmovun “Gələcəyin tarixi” (türkcə)
kitablarının imza mərasimləri keçirilib.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.3.