Azərbaycanın narlı
xalçaları Latviya muzeyində
Latviya paytaxtındakı “Riqa Art Nouveau” muzeyində Azərbaycanın
bu ölkədəki səfirliyi, “Azərxalça” ASC və
Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı
ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan
relyef xalçaları” adlı sərgi açılıb.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov
çıxış edərək sərgini ölkəmizin mədəniyyəti
ilə daha da yaxından tanışlıq nöqteyi-nəzərindən
əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki,
sərgi iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinə təsadüf edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan
xalçaçılıq sənəti və nar bayramı
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ
Siyahısına daxil edilib və hər iki irs nümunəsi sərgidə
əksini tapıb.
Direktor Aqrita Tipane “Riqa Art Nouveau” muzeyində Azərbaycan
mədəniyyətinə dair ikinci sərginin
keçirildiyini, nümayiş etdirilən xalçaların bənzərsiz
xüsusiyyətlərə malik olduğunu, Azərbaycan
xalçaçılıq sənətinin və nar
bayramının Latviyada böyük maraq doğurduğunu
söyləyib. O, bu yaxınlarda səfirlik tərəfindən
Latviya ictimaiyyətinə təqdim edilmiş “UNESCO-da Azərbaycanın
əbədi sərvətləri” kitabından da söz
açaraq ölkəmizin zəngin mədəni irsə sahib
olduğunu vurğulayıb.
Tədbir iştirakçılarına
“Bağçada meyvələr” kolleksiyası, “Azərxalça”nın
fəaliyyəti və nar bayramı haqqında videoçarxlar
təqdim olunub.
Qeyd edək ki, 3D texnologiyası ilə toxunmuş
narlı xalçalar “Azərxalça”nın gənc rəssam
Samirə Allahverdiyeva ilə birgə əməkdaşlıq
layihəsi olan “Bağçada meyvələr”
kolleksiyasından ilhamlanaraq yaradılıb. Eyni zamanda, Azərbaycan
Fotoqraflar Birliyinin dəstəyi ilə nar mövzusuna dair fotosərgi
təşkil edilib.
Tədbirin sonunda milli mətbəximizin təamları,
o cümlədən UNESCO siyahısına daxil edilmiş dolma,
habelə çay süfrəsi, nar məhsulları
iştirakçılara təqdim olunub.
Sərgi bir ay ərzində ictimaiyyət
üçün açıq olacaq.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.1.