Nizami irsi,
aşıq şeiri, nağıllar...
İstanbul sərgisində kitablarımızın təqdimatları
TÜYAP kompleksində keçirilən 41-ci
İstanbul Beynəlxalq Kitab Sərgisi Azərbaycan ədəbiyyatı
ilə bağlı yeni nəşrlərin təqdimatları
ilə də yadda qalıb.
Görkəmli rus şərqşünas-alimi Yevgeni
Bertelsin türk dilinə tərcümə olunmuş
“Böyük Azərbaycan şairi Nizami” kitabı Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan
Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında
tərcümə edilərək işıq üzü
görüb.
AMM-in direktoru Samir Abbasov layihə haqqında
danışıb, Nizami Gəncəvinin həyat və
yaradıcılığı haqqında olan kitabın
türkcə nəşrinin əhəmiyyətini diqqətə
çatdırıb. Bildirib ki, tədqiqat əsərini
“Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatımızın
dostu İmdat Avşar çevirib.
Şair, tədqiqatçı Fərid Hüseyn, tərcüməçi
İmdat Avşar və başqaları çıxış
edərək kitabı nizamişünaslığa
mühüm töhfə kimi qiymətləndiriblər.
***
Noyabrın 4-də sərgi məkanında bu il 100
illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndəsi Mikayıl Azaflının (1924–1990)
şeirlərindən ibarət kitabın təqdimatı
keçirilib.
Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Tədbirin moderatoru Azərbaycanın
TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin
ərsəyə gəlməsindən danışıb. Qeyd
edib ki, “Aşıq Mikayıl Azaflı. Seçilmiş
şeirlər” adlı kitab görkəmli saz-söz
ustadının 100 illiyinə həsr olunub.
***
Həmin gün Türkiyədəki AMM-in layihəsi
ilə bu yaxınlarda türkcə çap olunmuş daha bir
kitabın – “Azərbaycan xalq nağılları”nın da təqdimatı
keçirilib.
Bildirilib ki, kitabın tərtibçisi Türkiyədə
yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət
Hüseynova, nağıllar üzrə illüstrasiyaların
müəllifi tanınmış uşaq rəssamı
Nüşabə Kiçikdir.
Kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm,
Şüngülüm, Məngülümün
nağılı”, “Keçəl”, “Göyçək Fatma”,
“Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün
nağılı”, “Məlikməmməd”, “Tülkü,
tülkü, tünbəki” – ümumilikdə 12 nağıl
yer alıb.
Tədbirdə İstanbulda Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun adını daşıyan orta məktəbin
bir qrup şagirdi də iştirak edib. Onlar uşaq
yazıçılarına suallar ünvanlayıb, şeirlər
söyləyiblər.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.3.