“Təbiətdə tarazlıq”

 

Bakıda italiyalı monumental heykəltaraşın sərgisi

 

 

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) adlı sərgisi açılıb.

Sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. “Təbiətdə tarazlıq” ekspozisiyası diqqəti ekoloji məsələlərə yönəldir, sərginin konsepsiyasının əsasını isə ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

Açılış mərasimindən əvvəl heykəltaraş bu barədə deyib: “İnanılmaz məkanda bu sərgini təşkil etmək məni çox həyəcanlandırır. Şadam ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri özlüyündə bir universal mesajdır. Bu mesaj sevgini, sülhü və davamlılığı tərənnüm etdirir”.

Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, diplomatlar, tanınmış incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Anar Ələkbərov öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, COP29 günlərində Bakıya gələcək qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib.

“365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur.

Diqqətə çatdırılıb ki, Bakı sərgisində müəllifin 15 əsəri yer alır.

Lorenso Kuinn əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib: “Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına yanaşır. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur...”.

Sonra Heydər Əliyev Mərkəzinin qarşısında və foyesində təqdim olunan heykəltaraşlıq nümunələrinə baxış keçirilib.

“Sevgi birliyi” kompozisiyası dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır. Çünki bəşəriyyətdə mükəmməl harmoniya içində əbədi bir əlaqə qurmaq imkanı məhz bu hisslər sayəsində mümkündür.

“Özünü sev” (“Love Yourself”) əsəri özünə sevgi vasitəsilə məhəbbəti əks etdirmək, bu hissi dünya ilə paylaşmağa çağırır.

“Perspektivdə” (“İn Perspective”) adlı heykəltaraşlıq nümunəsi isə dünyamızın nə qədər zərif və kainatla müqayisədə çox kiçik olduğunu əks etdirir. Bununla Lorenso Kuinn insanları yaşadığımız dünyanı perspektivdə qiymətləndirməyə çağırır.

“Tanrının əli” (“Hand of God”) müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan insan yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovcundadır. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” diqqəti uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib.

Lorensonun Bakıya gətirilən digər işi “Birlikdə” (“Together”) adlanır. Bu kompozisiyanın Gizada (Misir) nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda təqdim olunub. Əsərdə insana həm yaratmağa, həm də məhv etməyə imkan verən əllər təsvir olunub. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.

“Təbiətin gücü” (“Force of Nature”) kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır.

“Balanslaşdırılmış dünya” (“A Balanced World”) əsəri də müəllifin həssas ideyasının daşıyıcısıdır. Eksponat “bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam” söyləyir.

“Bəxş et və al” (“Give and Take”) əsəri ilə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir. Bu əsər su üzərində ilk dəfə Azərbaycanda nümayiş etdirilir.

“Oskar” mükafatçısı aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb. Rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Aktyor kimi də tanınaraq filmlərdə rol alıb.

“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox maraq görən heykəltaraşlardan biridir. Onun əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində nümayiş olunacaq.

 

Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.1;8.