Mədəniyyət
Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla
görüş
Noyabrın 4-də tanınmış dirijor, Xalq artisti,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru Yalçın Adıgözəlovun
65 yaşı tamam olub. Bu münasibətlə Mədəniyyət
Nazirliyində sənətkarla görüş keçirilib.
Mədəniyyət naziri Adil Kərimli yubileyi
münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət
ictimaiyyəti adından təbrik edib, ona xoş
arzularını çatdırıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən
ölkəmizdə mədəniyyətin digər sahələri
kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət
və qayğı göstərilir. Musiqimizin inkişafında
xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir.
Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə
görə “Xalq artisti” fəxri adına layiq
görülüb, “Şöhrət” ordeni ilə təltif
olunub.
Qeyd olunub ki, Yalçın Adıgözəlov klassik
repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini
və Azərbaycan bəstəkarlarının əsərlərinin
dünyada aktiv təbliğatını həyata keçirərək,
ölkəmizdə və xaricdə simfonik orkestrlərlə
geniş konsert fəaliyyəti göstərib.
Görüşdə Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə
yubilyara nazirliyin fəxri diplomu təqdim edilib.
Yalçın Adıgözəlov
yaradıcılığına verilən qiymətə və
təbrikə görə təşəkkürünü
bildirib. Söhbət zamanı musiqi sahəsinin inkişaf
perspektivləri ilə bağlı fikir mübadiləsi
aparılıb.
Qeyd edək ki, professor Yalçın Adıgözəlov
30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında
pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri
respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti
2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində
fəaliyyət göstərən Niyazi adına Dövlət
Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.3.