“Xalqın mədəni sərvəti”nin
növbəti mərhələsi başa çatıb
Bülbülün xatirəsinə həsr olunmuş
konsertlər
Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə
Dövlət Filarmoniyasının “Xalqın mədəni sərvəti”
layihəsinin növbəti mərhələsi Azərbaycan
professional vokal sənətinin banisi Bülbülün xatirəsinə
həsr olunub.
Layihə çərçivəsində Əməkdar
artistlər Ramil Qasımovun rəhbərlik etdiyi
“Bülbül Vokal Məktəbi”nin tələbələri
konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından Xanəndə qızın mahnısı,
“Arşın mal alan” operettasından Gülçöhrənin
ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun
“Vətənimdir”, “Gözlə məni”, Asəf
Zeynallının “Ölkəm”, “Sual” romansları,
Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin
ariyası, Azərbaycan xalq mahnıları “Bağçada
güllər”, “Səndən mənə yar olmaz” və italyan
musiqiləri səsləndirilib.
Tədbirdə Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu
çıxış edərək layihənin ərsəyə
gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü
bildirib.
“Xalqın mədəni sərvəti” layihəsinin
bağlanış mərasimi Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı solistlərinin iştirakı ilə
reallaşıb.
Konsert proqramında Əməkdar artistlər Ramil
Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə
Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova,
Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh
Yahyayev Üzeyir Hacıbəylinin “Koroğlu” operasından
Koroğlunun, Nigarın, Həsən xanın ariyaları, Xanəndə
qızın mahnısı, “Sənsiz”, Asəf
Zeynallının “Ölkəm” romansları, Cakomo
Puççininin “Toska”, “Bohema”, “Edqar” operalarından
ariyaları səsləndiriblər.
İfaçıları Əməkdar artistlər
İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova,
Nüşabə İsa və Nigar Hüseynzadə
müşayiət ediblər.
Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.4.