Lənkəranda şəhidin xatirə lövhəsi açılıb

 

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Tural Hümmətovun xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov, xatirə lövhəsinin müəllifi Tərlan Sadıqov, rəssam Şöhrəddin Səbziyev, Osakücə kəndinin icra nümayəndəsi Ramin Dövlətov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqlardan bəhs ediblər. Sonra idarə rəisi şəhid anaları ilə birlikdə xatirə lövhəsinin açılışını edib.

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Münəvvər Kələntərli adına şəhər klubunun əməkdaşları tərəfindən xatirə lövhəsinin qarşısına əklil qoyulub. Klubun dərnək üzvü Tural Hümmətovun xatirəsinə həsr olunmuş şeiri səsləndirib.

Sonda şəhidin anası Cəmilə Hümmətova tədbirdə əməyi keçən hər kəsə ailəsi adından minnətdarlıq edib.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,№(83).- S.4.