Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji tədqiqatlarda

 

Arxeoloq Qüdrət İsmayılzadənin xatirəsinə həsr edilmiş konfrans

 

5–6 noyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin (1934–2024) 90 illik yubileyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda çıxış edən rektor Elçin Babayev BDU-nun elmi məktəbləri arasında arxeologiya məktəbinin özünəməxsus yer tutduğunu deyib. Bildirib ki, bu məktəbin görkəmli nümayəndələrindən biri Qüdrət İsmayılzadədir: “Yeni arxeoloqlar nəslinin yetişməsində yaxından iştirak edən Qüdrət İsmayılzadənin tədqiqatları bu gün də təhlil edilir və öyrənilir. Onun Azərbaycanda Antik dövrə aid ilk yaşayış məskəni olan Qaraköpəktəpə yaşayış yerindəki tədqiqatlara, həmçinin Qarabağda, Quruçay və Köndələnçay vadilərində arxeoloji abidələrin axtarış və qeydə alınması məqsədilə yaradılan ekspedisiyaya rəhbərlik etməsi həmin dövrün araşdırılması baxımından böyük töhfə idi. Qüdrət müəllim öz işinin ustası idi. Belə insanların işini davam etdirməliyik. Bu baxımdan hazırda əsas qayəmiz böyük Qələbəmizdən sonra azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqat və elmi araşdırma işlərində BDU tələbələrinin yaxından iştirak etməsidir. Çünki araşdırılmağa, öyrənilməyə və tanıdılmağa ehtiyacı olan abidələrimiz var”.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev qeyd edib ki, Qüdrət İsmayılzadə dünya arxeoloqları tərəfindən də tanınan və istinad edilən böyük alim idi. Alman arxeoloqların dəvəti ilə Türkiyənin Çanaqqala şəhəri yaxınlığındakı antik Troya qazıntılarında iştirak etməsi onun böyük tədqiqatçı olmasından xəbər verirdi. Ölkəmizin arxeologiya elminə mühüm töhfələr vermiş Qüdrət İsmayılzadənin əsas tədqiqat sahəsi Qarabağ olub. Bu baxımdan konfransın mövzusu günümüzlə səsləşir. İşğaldan azad edilmiş ərazilərdəki elmi-tədqiqat işlərində iştirak edir, ondan öyrəndiklərimizi tətbiq edirik”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadə, professorlar İbrahim Zeynalov, Hidayət Cəfərov, Tarix Dostiyev və Qüdrət İsmayılzadənin qızı dosent Nigar İsmayılzadə görkəmli alimin Azərbaycan elmində oynadığı roldan danışıblar.

Qüdrət İsmayılzadə haqqında videoçarx nümayiş etdirilib.

Konfrans işini elmi məruzələrin təqdimatı ilə davam etdirib.

Qüdrət İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1957-ci ildə BDU-nun Tarix fakültəsini, 1963-cü ildə AMEA-nın aspiranturasını bitirib. “Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair” adlı namizədlik dissertasiyası müdafiə edib. 1964-cü ildən Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarda iştirak edib, Füzuli arxeoloji ekspedisiyasının rəhbəri olub. 1983-cü ildə “Azərbaycanın Erkən Tunc dövrü mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1958–1977-ci illərdə AMEA-nın Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunun əməkdaşı olub. 1977-ci ildən BDU-nun Ümumi tarix, Qədim dünya və orta əsrlər tarixi, Arxeologiya və etnoqrafiya kafedralarında çalışıb. Son illərdə BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının məsləhətçi professoru kimi çalışıb. 2019-cu ildə BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Alim Xəzər Universitetində də müəllim kimi fəaliyyət göstərib, universitetin “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru olub. 2024-cü il aprelin 1-də vəfat edib.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.6.