“Zəfərimiz – şərəfimiz” bədii qiraət müsabiqəsinə yekun vurulub

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə 4-5 noyabr tarixlərində 44 günlük Vətən müharibəsində Qələbənin 4-cü ildönümünə həsr olunmuş “Zəfərimiz – şərəfimiz” adlı bədii qiraət müsabiqəsi keçirilib.

ATXİ-nin Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqədə Azərbaycan Dövlət Akademik Milli Dram, Akademik Rus Dram, Milli Gənc Tamaşaçılar, Sumqayıt Dövlət Dram, Bakı Bələdiyyə, Naxçıvan Dövlət Milli Musiqili Dram, Füzuli Dövlət Dram, Ağdam Dövlət Dram, Gəncə Dövlət Kukla, Qazax Dövlət Dram, Qusar Dövlət Ləzgi Dram, Lənkəran Dövlət Dram, Salyan Dövlət Kukla, Şəki Dövlət Dram teatrlarını, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Bakı Dövlət Universitetini təmsil edən iştirakçıların canlı çıxışları dinlənilib. Müsabiqədə iki müstəqil iştirakçı da olub.

Münsiflər – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova şanlı Zəfər tariximizə həsr olunmuş bədii qiraət nümunələrini qiymətləndirib.

Sonda nəticələr elan edilib.

Məhsəti Tahirzadə (Akademik Milli Dram Teatrının aktrisası),  Yaroslav Trifonov (Akademik Rus Dram Teatrı), Rəşad Səfərov (Milli Gənc Tamaşaçılar Teatrı), Nəsimi Məmmədzadə (Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı),  Banu Muharrem (Lənkəran Dövlət Dram Teatrı), Günel Həmidova (Bakı Bələdiyyə Teatrı), Mirxədicə Mirzəyeva (Salyan Dövlət Kukla Teatrı), Ramella Rzayeva (Qusar Dövlət Ləzgi Dram Teatrı), Məhəmməd Hacıyev (Gəncə Dövlət Kukla Teatrı), Elvin Nuri (Şəki Dövlət Dram Teatrı, rejissor), Gülgəz Soltanova (Füzuli Dövlət Dram Teatrı), Məlahət Vəliyeva (Qazax Dövlət Dram Teatrı), Elmir Hümbətov (Ağdam Dövlət Dram Teatrı), Kənan Hüseynov (ADMİU-nun IV kurs tələbəsi) və  Mina Şıxova (müstəqil iştirakçı) müsabiqənin “uğurlu iştiraka görə” diplomu ilə təltif olunublar.

Qalan qiraətçilərə isə “müsabiqədə iştiraka görə” diplomu verilib.

ATXİ-nin sədri Hacı İsmayılov bütün iştirakçılara təşəkkür edib, uğurlar arzulayıb. İştirakçılarla xatirə şəkilləri çəkilib.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.5.