Ekranda vərəqlənən ömür səhifələri

 

Yubilyar filmlərimiz

 

Azərbaycan kino tarixində almanaxlar o qədər də çox deyil. Üstəlik, almanax kimi təqdim olunan ekran əsərləri əksər etibarilə bir-birinə üzvi surətdə bağlanmır və onları ayrı-ayrılıqda seyr etmək olar. Kinoalmanax dediyin isə, ən azı, iki süjetin bir-birinə üzvi surətdə bağlanmağını tələb edir....

***

1974-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm”in növbəti kinoalmanaxı – “Ömrün səhifələri” ekrana çıxdı. Üç kinonovella – “Rəqiblər”, “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi” çox maraqlı tərzdə bir-birinə bağlanan tammetrajlı bədii film təsiri bağışlayır.

“Rəqiblər”in münasibəti…

Kinonovellanın adı ani olaraq idman, yarış təəssüratı doğursa da, bu filmdəki rəqabət bambaşqadır. Əslində, “Ömrün səhifələri” kifayət qədər tanınan və sevilən film olduğundan məzmununu danışmağa ehtiyac yoxdur. “Rəqiblər”in quruluşçu rejissoru Teymur Bəkirzadə, ssenari müəllifi Ramiz Fətəliyev (quruluşçu rejissor ilə birlikdə) tamaşaçılara o dövrün İçərişəhəri üçün xarakterik məkanı və həmin məkanda baş verən əhvalatı təqdim edir.

Çəllək pivəsi satan Fazilin xırdavat köşkünün qarşı tərəfində daha modern bir köşk qoyulur və ... məhəllə kişilərinin pivə seçimində sapınmalar başlayır. Daha məlumatlı və mütaliəsevər Eldəniz ilə məhəllə əhlinə illərdən bəri vicdanla xidmət etmiş Fazilin müştərilərini itirmək qorxusu var. Nəhayət, pivə mövsümünün sonu yetişəndə yay mövsümünün rəqibləri dost kimi ayrılmağı bacarırlar.

“Rəqiblər” həm də koloritli aktyor ansamblı ilə seçilir. Müəlliflər qəhrəmanlarına ad seçərkən özlərini çətinə salmayıblar: Fazil Salayev – Fazil, Eldəniz Zeynalov – Eldəniz, Ələsgər Məmmədoğlu – Ələsgər, Muxtar Maniyev – Muxtar rollarında çəkiliblər.

“Baladadaşın ilk məhəbbəti” xoşbəxt sonluqla bitsəydi…

Sonradan “Qızıl uçurum”, “Yuxu” kimi maraqlı filmlərə quruluş verəcək rejissor Fikrət Əliyevin ilk filmi yazıçı-dramaturq Elçinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Bakının dənizkənarı kəndlərindən birində baş verən əhvalatın əsas qəhrəmanı uşaqlığı əsgərlik yaşınadək uzanan (peşə, yaxud ali təhsil almağı əsgərlikdən qayıdanadək təxirə salan) kənd uşağı Baladadaş, bir də yay tətilini Bakı bağında keçirən nişanlı şəhərli qız Sevincdir.

Başqa dünyaların adamı olsalar da, Baladadaş Sevincə aşiq olur, ilk gündəcə onun gözündə ucalmaq və rəğbətini qazanmaq (yük maşınından düşürdüyü şkafı yerə salıb sındırması) cəhdi fiaskoya uğrayır. Sevincin Baladadaşa saymazyana münasibəti, ona yuxarıdan aşağı baxması oğlanın gələcək həyatına təsirsiz ötüşmür: o, əsgərlikdən sonra mülki aviasiya sahəsində təhsil alır və təyyarəçi kimi xəyallarından da yüksəklərdə uçur. O zaman ilk filminə çəkilən gənc Şamil Süleymanov (Baladadaş), kinoda ilk böyük rolunu oynayan gənc müğənni Ruhəngiz Musəvi (Sevinc), aktyorluğu radio diktorluğuna dəyişsə də, səhnə fakturası və kamera qarşısındakı davranışı ilə çox obrazı yaddaqalan etməyə qabil Yusif Muxtarov (Sevincin nişanlısı) bu filmlə tamaşaçıların sevimlisinə çevrildilər.

Nə yaxşı ki, Sevincin nişanlısı varmış… Əgər o, Baladadaşın məhəbbətinə cavab versəydi, bəlkə də Baladadaşı “Nəğmə dərsi”ndəki Atanın taleyi gözləyərdi… Çünki kəsişməyən paralel düz xətləri sevgi də barışdıra bilmir…

“Nəğmə dərsi”ndən qaçan uşaq

Bəzən milli filmləri kateqoriyalara ayıranlar “Nəğmə dərsi”ni uşaq filmi kimi dəyərləndirirlər. Əslində, ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru Gülbəniz Əzimzadə olan bu 23 dəqiqəlik lent böyüklərin əməllərinə, həyat tərzi seçiminə uşaqların münasibətini göstərən və elə bu səbəbdən də böyüklər üçün filmdir.

Filmin iki əsas qəhrəmanı var: oğul Fəxrəddin (Fəxri Həsənov) və sürücü Ata (Əliabbas Qədirov). Həyat yoldaşından ayrılmış Ata oğlunu görmək üçün onun təhsil aldığı məktəbin qarşısına gəlir və sonuncu dərsin nəğmə dərsi olduğunu biləndə uşaqla heç olmasa, 45 dəqiqə vaxt keçirmək fürsətini qaçırmır. Hətta ona balaca bir küçük də bağışlayır. Bir dərs müddətində ata-oğul arasındakı münasibət, onların dialoqu bu iki doğma insanın fərqli həyat dərsi aldığını, bambaşqa həyat meyarları ilə yaşadığını göstərir. Hökmlü, vasvasılıq dərəcəsində təmizkar Ananın (G.Rəsulova) tərbiyə adlı psixoloji basqısı altında, ütülü ziyalı görkəmli atalığı ilə böyüyən balaca Oğul ilə hələ adı olmayan şəhərə (yəqin ki, o vaxtlar ümumittifaq tikintisi kimi inşa olunan  BAM-a – Baykal-Amur magistralına) işləməyə gedən Ata ilə arasındakı mənəvi uçurumun zamanla daha da dərinləşəcəyi diqqətli tamaşaçının qəlbini ağrıdır.

***

“Ömrün səhifələri” bütün məlumat bazalarında və kino ədəbiyyatında üç kinonovelladan ibarət almanax kimi təqdim edilir. Bizcə, bu üç novellanı Həsən Seyidbəyli qələmi və yozumu ilə bir-birinə hamar calayan Şəmsi Bədəlbəyli (Zəng gözləyən adam) və Sona Aslanovanın (Zəng gözləyən adamın arvadı) əhvalatıdır. Onlar oğullarının evlənmək istədiyi qızla tanış olmaq üçün bulvardakı restorandadırlar. Üzücü gözləməyə rəng verən isə hər üç novellanın bir qəhrəmanı ilə qarşılaşan Zəng gözləyən adamın ünsiyyətidir.

İşə bax ki, həm Eldəniz, həm də Fazil artıq öz bizneslərini genişləndirib restoran sahibinə çevriliblər. Hər ikisinin restoranı üzbəüzdür. Hər iki restoran müştəri sarıdan kasadlıq çəksə də, Fazil onun restoranına gələn xarici turistləri bir zaman köşkünü ona güzəştə getmiş Eldənizin müəssisəsinə yönləndirir. Zəng gözləyən adam bununla maraqlananda isə, “Rəqiblər” əhvalatını danışır.

Yuxarı mərtəbədə iş yoldaşları ilə məclis qurmuş Baladadaş kepkalı Müştərini (Hacıbaba Bağırov) içəri buraxmayan Muxtardan xahiş edir ki, onu salona buraxsın. Bu ayrı-seçkilik Baladadaşı qarğıdan tütək yonduğu, ərköyün Sevincə aşiq olduğu çağlara aparır.

Yeri gəlmişkən, sevgi barədə. Belə görünür ki, “Nəğmə dərsi”ndəki Ata ilə Ananı da sevgi qovuşdurubmuş; çünki “Bir cənub şəhərində”ki (“9-cu Xrebtovı” hekayəsinin və onun əsasında çəkilmiş “Bir cənub şəhərində” filminin ssenari müəllifi də Rüstəm İbrahimbəyovdur) Muradın məhəllə qonşusuna oxşayan Ata bir tərəfdə, Baladadaşın ilk məhəbbətindəki Sevinc kimi tipik bina uşağı, amma Sevincdən qat-qat ağıllı və hökmlü Ana da o biri tərəfdə.

“Ömrün səhifələrində”ki novellaları birləşdirən təkcə Həsən Seyidbəylinin fantaziyası, ustad rejissorluğu və ssenariçiliyi deyil. Gənc rejissorlar Fikrət Əliyev, Teymur Bəkirzadə və Gülbəniz Əzimzadənin, eləcə də ssenari müəllifləri Elçin, Ramiz Fətəliyev və Rüstəm İbrahimbəyovun bu novellalardakı çeşidli, fərqli düşüncəli və həyat tərzli Bakı insanını yaxından tanıması, duyması və ona səmimi münasibəti idi.

Səmimiyyət demişkən… Təxminən on beş il öncə Əməkdar artist Ruhəngiz Musəvidən müsahibə alırdım. Təbii ki, ona “Baladadaşın ilk məhəbbəti”ndəki rolu ilə bağlı sual verməyə bilməzdim. Ruhəngiz xanım hamımızın bildiyi məqamlardan danışdı. Bir an susandan sonra bəlkə də heç vaxt heç bir jurnalistə etmədiyi etirafını etdi: “Dəniz səhnəsini çəkirdik. Fikrət müəllim mənə başa saldı ki, çimərlik geyimində dənizə baş vurmaq, sonra da sahildə Şamillə qaçdı-tutdu oynamaq lazımdır. Yəni ssenarini oxuyanda da bilirdim ki, bu səhnə Baladadaşın xəyalı olsa da, gerçək çəkilməlidir. Çəkildim. Nə bir etirazım oldu, nə də şıltaqlığım. İnanın ki, çəkiliş qrupunda o qədər səmimi münasibət var idi, bu epizod filmdə o qədər yerində idi ki, ağlıma başqa heç nə gəlməmişdi. Düzdür, film ekrana çıxandan sonra anam bu səhnəyə görə məndən incidi. Amma artıq olan olmuşdu, film çəkilmişdi. O vaxtdan bu günədək mən öz güləyən Sevincimin dəniz epizodundakı görkəminə görə kimsədən atmaca eşitməmişəm. Çünki filmdə hər şey öz əndazəsində idi...”.

“Ömrün səhifələri”nin musiqi baxımından da bəxti gətirib. Fikrət Əmirov, Aqşin Əlizadə, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar bu filmə musiqi yazıblar. Bu filmin sayəsində Azərbaycan estrada musiqisi “Sevgi mahnısı” (E.Sabitoğlu, F.Qoca) adlı bir əbədi nəğmə də qazandı. “Baladadaşın ilk məhəbbəti” filmində bu mahnı Yalçın Rzazadənin ifasında səslənir. Müğənni mükəmməl ifası ilə mahnıya elə bir möhür vurub ki, əlli ildən sonra “Sevgi mahnısı”nı onun ifasını üstələyəcək bir ifa eşidilmir. 

***

 

Almanax – ərəb dilində astroloji təqvim deməkdir. Qədimdə almanaxları münəccimlər tərtib edərdilər ki, insanlara ulduzlarla barışıq içində yaşam yolunu göstərsinlər… Əslində, yaxşı kinoalmanaxı da ulduzları barışan yaradıcı insanların birgə məhsulu kimi anlamaq olar. Eynən “Ömrün səhifələri” kimi…

Əgər “Ömrün səhifələri”ndəki kinonovellaların da ulduzları barışmasaydı, film ekrana çıxdığı zamandan 50 il sonra da baxılmazdı, sevilməzdi, ən əsası, müasir görünməzdi.

 

Gülcahan Mirməmməd

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.6.