Rəsulzadənin
panturanizm haqqında kitabı
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd
Əmin Rəsulzadənin “Panturanizm haqqında (Qafqaz problemi ilə
əlaqədar)” kitabı çapdan çıxıb.
Bakıda “Salman Mümtaz yayınları”nın nəşr
etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif
Sultanlı və Əliheydər Yunisoğlu çeviriblər.
M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz
İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus
dilində çap olunan “Panturanizm haqqında (Qafqaz problemi ilə
əlaqədar)” kitabı böyük mütəfəkkirin
siyasi-kulturoloji görüşlərinin öyrənilməsi
baxımdan son dərəcə önəmli qaynaqlardan biridir.
Əsərin yarandığı dönəm istər Azərbaycan
və Türkiyə, istərsə də digər türk
xalqları tarixinin ən mürəkkəb, keşməkeşli
dönəmi olduğundan problemə yanaşmada zamanın təsiri
aşkar şəkildə duyulmaqdadır.
Türkçülük və turançılıq
anlayışlarının siyasi yöndə deyil, kulturoloji
aspektdə dərk olunması zərurətinə söykənən
“Panturanizm haqqında (Qafqaz problemi ilə əlaqədar)” əsərinin
rus dilində, həm də Paris şəhərində
yayınlanması Rusiya mühacirətinin Fransada toplu
halında məskunlaşması ilə bağlıdır.
Kitabın “Romantik düşüncədən
gerçək birliyə” adlı ön sözündə
professor Vaqif Sultanlı yazır: “Rəsulzadə əsərdə
turançılıq ideyalarının Azərbaycanda, ümumən
Qafqazda yayılmasının təbii səbəblərini
önə çəkərək milli istiqlal məfkurəsinin
onun kölgəsində gizlədilməsinə
çalışan gizli və aşkar düşmənlərə
qarşı özünün sərt mövqeyini sərgiləmişdir.
O, turançılıq ideyası altında ayrı-ayrı
türk dövlətlərinin vahid imperiyanın çətiri
altına girməsini deyil, öz
bağımsızlıqlarını əldə etməsi,
eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji
birliyi nəzərdə tutulduğunu vurğulayır”.
Mədəniyyət .- 2024.- 8 noyabr,№(83).- S.7.