“Rektor olandan bəri
yaradıcılığa vaxt ayıra bilmirəm”
Ceyran Mahmudova: “Ən böyük problemimiz tədris
korpusundakı darısqallıqdır”
Ötən il 100 illiyini qeyd edən, zəngin ənənələrə
malik Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti (ADMİU) bir əsrlik fəaliyyəti
dövründə mədəniyyətimizin inkişafına
mühüm töhfələr verib. Bu gün ölkəmizdə
mədəniyyətin bütün sahələrində
çalışan insanların əksəriyyəti bu təhsil
ocağının məzunlarıdır.
Müsahibimiz ADMİU-nun rektoru musiqişünas-alim, sənətşünaslıq
elmləri doktoru, Əməkdar incəsənət xadimi,
professor Ceyran Mahmudovadır.
– Ceyran xanım, ADMİU 101-ci tədris ilinə necə
başlayıb?
– Ötən il universitetin 100 yaşı qeyd edildi. Bu,
kollektivimiz üçün çox əhəmiyyətli,
yaddaqalan hadisə oldu. Möhtərəm Prezidentimizin sərəncamı
ilə universitetin yubileyi dövlət səviyyəsində
qeyd edildi. Dekabr ayında dövlət başçımız
təhsil ocağının bir qrup professor və müəllimini
təltiflərlə sevindirdi. Bu təltifləri bütün
kollektivə verilən dəyər kimi qəbul edirik.
Digər tərəfdən, 100 illik yubiley fərqli
formatda qeyd edildi. Hər fakültə öz tədbirlərini
keçirdi: tamaşalar, konsertlər, sərgilər... Eyni
zamanda ölkəmizin 10-dan çox universitetində də
yubileyimizlə bağlı tədbirlər təşkil olundu.
Yubiley ilinə müəllim və tələbələrimizin
iştirakı ilə hazırlanan V.Şekspirin “Maqbet”
tamaşası ilə yekun vurduq.
Universitet elə bir canlı orqanizmdir ki, burada hər
gün hər hansı bir yeniliyin olması hökm deyil. Amma
daimi inkişaf strategiyası var. Biz sahib olduğumuz ənənələrə
əsaslanaraq müasir dövrün tələblərinə
uyğun şəkildə təhsili inkişaf etdirməliyik.
Ətrafımızda baş verənlər, müasir dövrdə
mədəniyyətimizin qarşısında qoyulan məqsəd
və vəzifələr universitetdə tədris prosesində
mütləq nəzərə alınır.
– Yeni ixtisaslar yaradılırmı?
– Bəli, son illər universitetimizdə bir sıra yeni
ixtisasların tədrisinə başlanılıb. Animasiya
rejissorluğu, animasiya rəssamlığı, mədəniyyət
sahəsində menecment. Sonuncu qeyd etdiyim ixtisas artıq
üç ildir uğurla tədris olunur. Dərslər Azərbaycan
və ingilis dillərində aparılır. Biz tələbələri
qəbul edəndə mütləq sonradan onların hansı
sahədə işlə təmin olunacaqlarını
düşünməliyik. Bununla bağlı, ilk növbədə,
Elm və Təhsil Nazirliyi, həmçinin müəssisələri
üçün kadr hazırladığımız Mədəniyyət
Nazirliyi ilə davamlı əməkdaşlıq edirik.
Yeri gəlmişkən deyim ki, Azərbaycanda ilk dəfə
mədəniyyət və incəsənət sahəsində
biznesin təşkili və idarə olunması üzrə
bilik və təcrübələr əldə etməyə
imkan verən MBA proqramı Mədəniyyət və İncəsənət
Universitetində təşkil edilib. Hazırda bu sahəyə
maraq çoxdur. Birinci il biz 10 yer ayırdıq. Yerlərin
hamısı doldu. Sonra gördük bu ixtisasa gələnlər
daha da artır, ingilis dilində də bölmə
açdıq və yerlərin sayını çoxaltdıq.
Məzunlarımızın 70-85 faizi işlə təmin
olunur
– 2024/2025-ci tədris ili üçün universitetə
tələbə qəbulu üzrə neçə yer
ayrılmışdı?
– 660 yer vermişdik. 600 nəfər qəbul olundu. Hər
il təxminən bu qədər qəbul olur.
Bütün fakültələrimiz üzrə qəbul
var.
– Məzunlarınızın təxminən neçə
faizi işlə təmin oluna bilir?
– İllər üzrə bu rəqəm fərqli olur.
İstəyirəm oxucular da bilsin ki, sovet dövründən
fərqli olaraq indi universitetlərdə təyinat yoxdur.
Universitet tələbələrin sonrakı yerləşdirilməsinə
cavabdeh deyil. Biz bu öhdəliyi üzərimizə
götürə bilmərik. Biz, sadəcə, tədrislə
məşğuluq. Məzunlarımızın 70-85 faizi
işlə təmin olunur. Bu da əsasən ixtisasdan və
istiqamətdən asılıdır. Hazırda universitetdə
21 ixtisas tədris olunur. Təsəvvür edin bütün bu
ixtisaslarla bağlı fərqli vəziyyət var. Biz öz vəzifəmizi
onda görürük ki, çalışıb dövrün
tələblərinə uyğun olaraq yaxşı təhsil
verək. Təbii ki, biz məzunlarımızın taleyi ilə
maraqlanırıq. Bəzi məzunlarımız elə
universitetdə işlə təmin olunur. Rektor olduğum
dövrdə 20-yə yaxın məzun bizdə işlə təmin
edilib. Bunların sırasında müəllim, inzibati iş,
tədris və yardımçı işlərdə
çalışanlar var.
– Bir qədər də universitetin beynəlxalq əlaqələrindən
danışaq. Xaricdəki təhsil ocaqları ilə ikili
diplom proqramı varmı?
– Mədəniyyət və İncəsənət
Universitetində tədris prosesi dünyanın qabaqcıl ali təhsil
müəssisələrinin proqramlarına uyğun təşkil
edilir. ADMİU ilə Şimali Kipr Türk Cümhuriyyətinin
Arkın Yaradıcı Sənətlər və Dizayn
Universiteti (ARUCAD) arasında bağlanmış əməkdaşlıq
protokoluna əsasən, aktyor sənəti ixtisası üzrə
ikili diplom proqramı həyata keçirilir. Magistr
hazırlığında isə Qazaxıstanın Jurqenov
adına Milli İncəsənət Akademiyası ilə
teatrşünaslıq üzrə ikili diplom proqramımız
mövcuddur. Bundan əlavə, bir sıra beynəlxalq layihələrin
iştirakçısıyıq. Bu il iki “Erasmus” mübadilə
proqramını qazanmışıq. “Jean Monet Modulu”nun
iştirakçısıyıq. Azərbaycanda bir neçə
universitet bu layihəyə qoşulub. Müxtəlif ölkələrin
mütəxəssisləri universitetimizdə ustad dərsləri
keçir, mühazirələr oxuyurlar. Bu, mütəmadi
xarakter daşıyır. Demək olar ki, hər il Rusiya
Dövlət Teatr Sənəti İnstitutundan (QİTİS)
mütəxəssisləri dəvət edirik. Onlarla çox
yaxşı münasibətimiz var. Eyni zamanda Qazaxıstandan
olan magistrantlar hər il müxtəlif ixtisaslar üzrə gəlib
bizdə təcrübə keçirlər. Müəllimlərimiz
də bir sıra ölkələrdə ixtisasartırma
kursunda iştirak edirlər.
Bir sözlə, universitetimizin həyatı yetərincə
dinamikdir. İlin sonuna qədər ustad dərsləri və
müxtəlif ölkələrdən olan müəllimlərin
mühazirələri reallaşacaq. İstanbul
Nişantaşı Universiteti pedaqoqlarının keçdikləri
silsilə ustad dərsləri yekunlaşıb və kinofestival
layihəsi reallaşır. 6-15 dekabr tarixlərində
İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə
təşkilatçılığı ilə “Film heç
bitməsin” adlı birinci beynəlxalq kinofestivalı keçiriləcək.
Eyni zamanda tələbələrimiz TÜRKSOY-un xətti ilə
təşkil edilən festivalda, Rusiyada, Türkiyədə və
digər ölkələrdə keçirilən tələbə
film festivallarında uğurla iştirak edirlər. Elm və Təhsil
Nazirliyi, Mədəniyyət Nazirliyi bu proseslərdə bizə
dəstək olurlar.
– Vahid tələbə kartı. Son vaxtlar bu məsələ
daha çox aktuallıq qazanıb...
– Biz də bütün ölkə üzrə tələbələrin
eyni güzəşt və endirimlərdən
yararlanmalarını təmin etmək, eyni zamanda onların
sosial həyatlarına dəstək göstərmək məqsədi
daşıyan bu layihəyə qoşulmuşuq. Oktyabr
ayında artıq müqavilə imzalamışıq. Tələbələrin
xeyrinə olan bütün layihələrə
qatılırıq.
– Bir qədər də SABAH qruplarından
danışaq.
– Aktyor, operator, bu ildən isə ssenari üzrə
SABAH qruplarımız var. Bu qruplar çox uğurla fəaliyyət
göstərir. SABAH qrupu məzunlarının
hazırladığı tamaşalar dəfələrlə
xarici ölkələrdə festivalların qalibi olub.
Onların bir çoxu təhsilini magistraturada davam etdirir, bəziləri
də aparıcı teatrlarımızın truppalarında
çalışırlar. Yəni SABAH çox uğurlu layihədir.
Hazırda ssenari üzrə 8 nəfər tələbə təhsil
alır. Onların kurs rəhbəri İlqar Fəhmidir.
Onların da ümidləri doğruldacağına inanıram.
Söz verilib ki, tədris teatrımızın yeni
binası bir ilə tikiləcək
– Ümumiyyətlə, universitet olaraq
qarşılaşdığınız əsas çətinliklər
nələrdir?
– Ən böyük problemimiz tədris korpusunun
imkanları ilə bağlıdır. Tədris korpusumuz
universitetin kontingenti üçün yetmir, yerimiz
darısqaldır. Bu bina vaxtilə Energetika Texnikumuna aid olub.
Bizim maksimum 660 plan yeri verməyimizin səbəbi də budur.
Yer olmadığı üçün bundan artıq plan verə
bilmirik. Tədris teatrımızın binası
sökülüb, yenidən tikiləcək. O da bizim
üçün çox böyük bir gözləntidir. Bizə
söz verilib ki, bina bir ilə tikilib təhvil veriləcək.
Ənənəvi problemlər isə həmişə var: daha
yaxşı avadanlıqlar, kameralar, musiqi alətləri, texniki təchizat... İstəyirik
ki, tələbələr üçün ən yaxşı
şəraiti yaradaq.
– Təhsil ocağında mədəniyyətimizin bir
sıra tanınmış simaları çalışır.
Onların hər hansı bir kaprizləri varmı?
– Mən buna kapriz deyil, yaradıcı şəxsiyyətin
özünəməxsusluğu deyərdim. İstedadı olan
hər bir şəxs fərqlidir. Onun öz dünyası var.
Adi insanlar səhnədə obraz yarada, tabloda rəsm, musiqidə
ifa edə bilməz. Onlara xüsusi yanaşma nümayiş
olunmalıdır. Mən ailəmizdə belə insanların əhatəsində
böyümüşəm. Bu səbəbdən də mənə
yaradıcı insanlarla ünsiyyətdə olmaq çətinlik
yaratmır, əksinə, daha xoşdur.
Musiqişünas kimi fəaliyyətimi “dondurmuşam”
– Söhbətimizi bir qədər də
yaradıcılığa sarı yönəldək. Vaxtilə
bir sıra mövzular üzrə ən çox müraciət
etdiyim musiqişünas olurdunuz. Rektor olandan sonra isə vaxt
qıtlığınız yarandı. İdarəçilik və
yaradıcılıq. İkinciyə vaxt ayıra bilirsinizmi?
– Rektor olduğum bu 6 ildə yaradıcılıqla
müntəzəm məşğul olmağa vaxt ayıra
bilmirəm. Musiqişünas kimi fəaliyyətimi, demək
olar ki, “dondurmuşam”. Çünki bu, mümkün deyil. Bu təyinatın
məsuliyyəti mənim üçün çox
böyükdür. Bütün düşüncəm, fikrim,
enerjim universitetin işlərinə yönəlib. Halbuki vaxtilə
kitablarım çıxırdı, verilişim də var idi,
redaktor kimi də fəaliyyət göstərirdim. Elmlər
doktorluğu dissertasiyası müdafiə etmişdim, professor
adı almışdım. Amma 6 ildir ki, rektorluq fəaliyyətim
üzərində dayanmışam və bunu düzgün
hesab edirəm. Təbii ki, öz fəaliyyətim
üçün darıxıram. Hər iki sahədə
işimi çox sevirəm. Kollektivimiz üçün
faydalı tədris mühiti yaratmağa
çalışıram.
– Universitet olaraq qarşıda nə kimi hədəfləriniz
var?
– Hədəflərimiz gündəlik işimizin
parçasıdır. Hər il dövlət
başçısının sərəncamı ilə təyin
edilən əlamətdar ilə uyğun olaraq tədbirlər
planı hazırlayırıq. Bu il may ayında “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində,
COP29-a həsr olunan gözəl bir sərgi təşkil etdik,
dekabr ayında da tədbirlərimiz olacaq. Bundan əlavə,
müəllimlərimiz böyük mədəni layihə və
tədbirlərdə iştirak edirlər, könüllülərimiz
də aktivdirlər. Bir sözlə, kollektiv mütəmadi
olaraq bütün mədəni layihələrdə
yaxından iştirak edir.
– Müsahibəyə görə təşəkkür
edir, işlərinizin avand olmasını arzu edirik.
– Mən də “Mədəniyyət” qəzetinin
kollektivinə uğurlar arzulayıram.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.5.