Özbək
xalqının maarif-mədəniyyət ziyası
Ötən yüzilliyin əvvəllərində
bütün Türküstan ellərində olduğu kimi,
özbək xalqının da ictimai-siyasi və ədəbi-mədəni
həyatı milli oyanışla müşayiət olunub. Bu
prosesdə şair, bəstəkar, ədəbiyyatşünas
Həmzə Həkimzadə xüsusilə fəallıq
göstərib. O, Azərbaycanla da ədəbi-mədəni əlaqələrin
inkişafı üçün səy göstərib.
Böyük dramaturq Cəfər Cabbarlının
yaradıcılığında sanki özbək həyatını
da görüb...
Bu il görkəmli ədibin anadan olmasının 135
illiyidir.
Həmzə Niyazi oğlu Həkimzadə 1889-cu ildə
Kokand şəhərində həkim ailəsində
dünyaya göz açır. İlk olaraq mədrəsə
təhsili alır, ərəb, fars dillərini dərindən
mənimsəyir. Poeziyaya dərin maraq göstərir. Klassik
cığatay ədəbiyyatını yaxşı öyrənir.
İlk mətbu şeiri 1905-ci ildə “Nihan” təxəllüsü
ilə dərc olunur.
O, bir çox klassik şairlərin
yaradıcılığı ilə maraqlanır. Ancaq daha
çox iki dahidən – Əlişir Nəvai və Məhəmməd
Füzulidən bəhrələnir. Professor Pənah Xəlilov “H.Həkimzadə və Azərbaycan
ədəbiyyatı” məqaləsində yazır ki, onun qəzəllərinin
ahəngində Füzuli qəzəllərinin təsiri
duyulur.
H.Həkimzadənin 1915–16-cı illərdə “Ağ
gül”, “Sarı gül”, “Yaşıl gül”,
“Qızılgül” adlı
kitabları işıq üzü görür. O, bir
çox şeirlərinə musiqi də yazır. Bəstələdiyi
mahnılar el dillər əzbəri olur. 20-ci illərdə
Özbəkistanın sovetləşməsindən sonra o, rəsmi
tədbirlərdə və zəhmətkeş kütlələr
qarşısında vaxtaşırı
çıxışlar edir. Ölkədə şöhrət
qazanır. “Xalq şairi” fəxri adına layiq
görülür.
Şair maarif carçısı kimi də
tanınır. Kokandda, Mərgilanda məktəb açır,
kimsəsiz və kasıb balalarına pulsuz dərs verir, dərsliklər
yazır. Onun “Oxu kitabı”, “Qiraət kitabı”, “Yeni ədəbiyyat”
kitabları şagirdlərin stolüstü dərs vəsaiti
olur.
Azərbaycan ədəbiyyatı, teatr sənəti H.Həkimzadənin
də diqqətini cəlb edir. Araşdırmalardan məlum
olur ki, o, M.F.Axundzadənin əsərlərini mütaliə
edir, Daşkənddə göstərilən Azərbaycan
teatrının tamaşalarına baxır və sənət
ustalarımızın yaradıcılığından təsirlənir.
H.Həkimzadə 1914-cü ildə Bakıya gəlir.
Azərbaycan dramaturqları və aktyorlarla
görüşür. Professor P.Xəlilov bu barədə
yazır: “Həmzə Həkimzadənin Cəfər
Cabbarlı sənətinə üz tutması yalnız şəxsi
rəğbətdən irəli gəlməyib. Cabbarlı
dramaturgiyası onun gözündə özününküləşib:
o, Cabbarlı sənətində Azərbaycan həyat tərzi
ilə yanaşı, özbək həyatını da
görüb”.
30-dan çox pyes qələmə alan H.Həkimzadə
özbək dramaturgiyasının inkişafına
mühüm töhfələr verib. “Bəy və muzdur”, “Zəhərli
həyat və yaxud eşq qurbanları”, “Elm hidayəti” və
s. əsərləri tamaşaya qoyulur. O, həmçinin Azərbaycan
dramaturgiyasından bir sıra nümunələri özbək
dilinə tərcümə edib və tamaşaya qoyulmasında
rejissor kimi iştirak edib.
Maarifçi-ədib Özbəkistanda Azərbaycan ədəbiyyatının
və sənətinin təkcə təbliğatçısı
yox, həm də yaxşı bilicisi kimi tanınıb. 1920-ci
illərdə Xarəzm, Buxara və Nukusda maarif və teatr
işləri ilə məşğul olarkən təkrar
Bakıya gəlir. Buradakı mədəni proseslərdən
lazımınca bəhrələnir. Bu da ona mədəni sahədə
daha fərqli ideyalar gerçəkləşdirmək
imkanı qazandırır...
O, digər milli respublikaların ziyalıları kimi
repressiya dalğasını görməsə də, həyatını
acı sonluqla başa vurub. 1929-cu ildə sovet təbliğatçısı
kimi ucqar Şahmərdan kəndinə göndərilir. Orada
“ateizm təbliğatçısı” olaraq quruluş əleyhdarı
qüvvələrin təhrik etdiyi sakinlər tərəfindən
daş-qalaq edilir və öldürülür. Sovet hökuməti
tərəfindən həmin qışlaq
dağıdılır və H.Həkimzadənin adının
əbədiləşdirilməsi məqsədilə onun yerində
“Həmzəabad” adlı yeni qəsəbə salınır.
H.Həkimzadənin fəaliyyətinə sovet
dövründə yüksək qiymət verilib,
yaradıcılığı geniş təbliğ edilib. Sovet
quruluşunun süqutundan və Özbəkistan müstəqillik
əldə etdikdən sonra onun fəaliyyətinə yenidən
baxılsa da, adı bir sıra mədəniyyət
ocaqlarından (o cümlədən Özbək Milli Akademik
Dram Teatrından) götürülsə də, özbək
xalqının maarif və mədəniyyət
carçısı kimi bu gün də hörmətlə
xatırlanır...
S.Fərəcov
Mədəniyyət .- 2024.- 8 noyabr,№(83).- S.6.