İstanbul sərgisində Azərbaycan ədəbiyyatı ilə bağlı tədbir və təqdimatlar

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan 2–10 noyabr tarixlərində keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” kimi iştirak edib. TÜYAP kompleksində təşkil olunan sərgi çərçivəsində (o cümlədən ölkəmizin stendində) azərbaycanlı yazar və naşirlərin iştirakı ilə təqdimatlar, panellər, imza mərasimləri – ümumilikdə 20-dək tədbir olub. Onların bir qismi haqqında ötən sayımızda məlumat vermişdik.

***

 

Noyabrın 3-də sərgi çərçivəsində Türkiyənin “Heca” dərgisinin 2023-cü ildə işıq üzü görən “Modern Azərbaycan şeiri” adlı xüsusi sayının təqdimatı olub.

Tədbirdə bildirilib ki, xüsusi sayın tərtibçisi və ön söz müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Səlim Babullaoğlu, şeirləri türkcəyə çevirən Ömər Kiçikməhmədoğludur. Nəşrdə XX-XXI əsrləri əhatə edən poeziya nümunələri – Rəsul Rza, Əli Kərim, Fikrət Qoca, Nurəngiz Gün, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Adil Mirseyid, Zahid Sarıtorpaq, Rasim Qaraca, Elxan Zal, Həmid Herisçi, Azad Yaşar, Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Zahir Əzəmət, Aqşin Yenisey, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Qismət, Fərid Hüseyn, Aqşin Evrən və Səxavət Sahilin şeirləri yer alıb.

Qeyd edək ki, “Heca” dərgisi 1997-ci ildən Ankarada nəşr olunur.

 

***

Həmin gün Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) nəşr etdirdiyi “Səninləyik, Türkiyə!” kitabının təqdimatı keçirilib. Kitabda 6 fevral 2023-cü il tarixində Türkiyədə əlli mindən artıq insanın həlak olması ilə nəticələnən dəhşətli zəlzələdən sonra Türk dünyası şairlərinin qardaş ölkəyə dəstək, türk xalqı ilə həmrəylik ifadə edən şeirləri toplanıb.

Bakıda “Mütərcim” nəşriyyatında işıq üzü görən antologiyanın tərtibçisi, tərcüməçi və redaktoru S.Babullaoğlu, dillər üzrə məsləhətçilər Ömər Kiçikməhmədoğlu, Şəmsəddin Kuzəçi, Maya Saparova, Zera Bəkirova və Albina Borisovadır.

AYB-nin katibi S.Babullaoğlu nəşr haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, nəşrin ideya və ön söz müəllifi TMİF-in ilk prezidenti, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevadır.

TMİF-in hazırkı prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanlanan məktubu oxunub.

Fondun Aparatının rəhbəri Fəxri Hacıyev, yazarlar Qismət Rüstəmov, Fərid Hüseyn, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış ediblər.

Kitabda azərbaycanlı şairlər S.Babullaoğlu və F.Hüseynin də şeirləri yer alıb.

***

Həmin gün Azərbaycan stendində incəsənət ustalarının ifasında konsert proqramı da təqdim olunub. Xalq artisti, xanəndə Mənsum İbrahimov tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Siyavuş Kərimovun  müşayiəti ilə bəstəkar və xalq mahnılarını ifa edib. Konsert proqramı alqışlarla qarşılanıb.

***

Noyabrın 4-də sərgi çərçivəsində yazıçı, filologiya üzrə fəlsəfə doktoru, “Hədəf” nəşriyyatının direktoru Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanının türkcə nəşrinin təqdimatı keçirilib.

Tədbirin moderatoru tədqiqatçı-jurnalist Dilqəm Əhməd XX əsrin əvvəllərindən Azərbaycan ədəbiyyatında tarixi roman janrının formalaşmasından danışıb. Bildirib ki, Şəmil Sadiqin “OdƏrlər” romanı 2013-cü ildə, II Qarabağ müharibəsindən yeddi il əvvəl nəşr olunsa da, burada şanlı Zəfərimiz əksini tapıb. Müəllif sanki illər sonra baş verəcək hadisələri öz təxəyyülü ilə canlandıraraq maraqlı bir tarixi roman ərsəyə gətirib.

Türkiyəli müğənni, aşıq Binyamin Aksunqur, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu, yazıçı, naşir Suat Turqut və başqa çıxış edənlər əsərin ideya-bədii xüsusiyyətlərindən danışıb, müəllifə uğurlar arzulayıblar.

Şəmil Sadiq əsərin yazılmasının tarixçəsindən danışıb. Qeyd olunub ki, kitaba görkəmli Azərbaycan yazıçısı mərhum İsa Muğanna ön söz yazıb.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunan “OdƏrlər” romanı postmodern üslubda yazılan və Qarabağ münaqişəsinə həsr olunan ilk irihəcmli nəsr nümunələrindəndir. Əsəri türk dilinə Ruslan Rəhimov uyğunlaşdırıb.

Sonda müğənni, aşıq Binyamin Aksunqur tıva türklərinin (Rusiya), İraq türkmənlərinin nəğmələrini və Xalq artisti mərhum Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısını ifa edib.

Müəllif kitabı oxucular üçün imzalayıb.

***

Həmin gün İstanbul sərgisi çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun (1939–2015) türk dilində çap olunan “Mən burdayam, İlahi!” kitabının təqdimatı da olub.

Tədbirin moderatoru şair Fərid Hüseyn Vaqif Səmədoğlunun yaradıcılığı haqqında söz açıb. Bildirilib ki, TMİF-in dəstəyi ilə nəşr olunan kitabdakı şeirləri tanınmış şair və ədəbiyyatşünas mərhum Arif Acalov türk dilinə uyğunlaşdırıb.

TMİF-in əməkdaşı qurumun rəhbəri Aktotı Raimkulovanın tədbir iştirakçılarına ünvanlanan məktubunu diqqətə çatdırıb.

Esseist Qismət Rüstəmov, araşdırmaçı-yazar Ülvi Babasoy, naşir Nurman Tariq çıxış edərək V.Səmədoğlu yaradıcılığının məziyyətlərindən, Azərbaycan sərbəst şeirinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Şairin həyat yoldaşı, nəşrin layihə rəhbəri Nüşabə Babayeva-Vəkilova kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

***

Noyabrın 4-də sərgi çərçivəsində daha bir tədbir çağdaş Azərbaycan şeirinin inkişaf mərhələlərinə həsr olunub.

Panelin moderatoru Fərid Hüseyn müasir poeziyamız haqqında məlumat verib. Şair Günel Şamilqızı müstəqillik dövrü Azərbaycan poeziyasının müxtəlif mərhələlərində diqqəti çəkən xanım yazarlardan bəhs edib. Şairlər Aqşin Yenisey, Şəhriyar Del Gerani müasir Azərbaycan şeirinin mövzu və ideya istiqamətlərindən danışıblar.

***

Eyni gündə Azərbaycan stendində yazıçı, Əməkdar jurnalist Yunis Orucovun türk dilində çap olunan “Boraltan” və “Nargin – türkün məzarı” kitablarının imza mərasimi keçirilib. “Boraltan” tarixi romanı II Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə SSRİ-yə təhvil verilən soydaşlarımızın məşəqqətli taleyinə həsr olunub.

İkinci kitab isə I Dünya müharibəsi (1914–1918) zamanı Rusiyanın Xəzər dənizində əsir düşərgəsi kimi istifadə etdiyi Nargin adasında minlərlə türk hərbçisinin ağır şərtlər altında əzablı taleyindən bəhs olunur.

***

Noyabrın 4-də həmçinin TÜYAP kompleksində Türkiyə Nəşriyyatları Birliyinin təşkilatçılığı ilə Azərbaycan naşirlərinin türkiyəli həmkarları ilə görüşü keçirilib.

İki ölkənin nəşriyyatları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. Beynəlxalq platformalarda ölkələrimizin ədəbiyyatının, kitab sənayesinin təbliği sahəsində işbirliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Fariz Yunisli

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.7.