“Köhnə çamadanlar” filmi Ankarada nümayiş olunub

 

Noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində rejissor Səidə Haqverdiyevanın Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş “Köhnə çamadanlar” filminin nümayişi olub.

Ekran əsərinin qardaş ölkədə premyerası Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr edilib.

Təqdimat Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, Altındağ Bələdiyyəsi (Ankara) və bir sıra ictimai təşkilatların dəstəyi ilə gerçəkləşib.

“Oyun” inklüziv teatrı ilə “RS Production” şirkətinin birgə istehsalı olan bədii filmin çəkilişləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Layihə barədə jurnalistlərə məlumat verən rejissor və ssenari müəllifi Səidə Haqverdiyeva bildirib ki, film real hadisələrə əsaslanır və Birinci və İkinci Qarabağ müharibələri illərində səkkiz qadının taleyindən bəhs edir: “Şəhid anaları, bacıları, həyat yoldaşları, həkimlər, əsirlər, məcburi köçkünlərin müxtəlif taleləri müharibənin mürəkkəb psixoloji ab-havası ssenaridə bir-birini tamamlayır. Film savaşın ağrı-acısına baxmayaraq, Azərbaycan qadınlarının Qələbəyə inamını bir an belə itirmədiyini nümayiş etdirir”.

Filmin ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır. Rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Ülviyyə Əliyeva, Qızılgül Quliyeva, Aqil M.Quliyev və başqaları ifa ediblər.

Rejissorun sözlərinə görə, filmin ideyasını xarici tamaşaçılara çatdırmaq üçün ingilis dilində subtitrlər hazırlanıb.

Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar “Köhnə çamadanlar” filmini ərsəyə gətirənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması iki qardaş ölkənin birliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Premyera ərəfəsində “CSO Ada” mərkəzində “Qadın, Sülh, Qələbə” adlı sərgi də açılıb.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.8.