“Nəsimi” operası tamaşaya qoyulur

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən “Nəsimi” operası tamaşaya qoyulur.

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradacaq.

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək Nəsimi irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədi daşıyır.

Noyabrın 20-də Heydər Əliyev Sarayında keçiriləcək premyerada İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Tamaşada Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları rol alıb.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Akademik Opera və Balet Teatrının Simfonik orkestri və xoru, balet truppası ilə yanaşı, tamaşada Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında “Natiq ritm” qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Əmrah Orucov (ud) birgə çıxış edəcəklər.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.5.