Kino sənayesini necə
inkişaf etdirməli?
Mədəniyyət naziri film layihələri
müsabiqəsinin qalibləri ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli Dövlət
Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən
elan olunmuş film layihələri müsabiqəsi və
postprodakşn mərhələsində olan film layihələrinə
dəstək müsabiqəsində qalib gələn şirkətlərin
nümayəndələri ilə görüşüb.
Görüşdə ARKA-nın fəaliyyəti
haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli
qeyd edib ki, qurumun əsas hədəfi film
istehsalçıları üçün əlverişli
ekosistemin yaradılmasıdır. Bildirilib ki, ARKA tərəfindən
ötən il elan olunan film layihələri müsabiqəsində
ərsəyə gətirilən işlərin müdafiə
(pitçinq) mərhələsi gerçəkləşib. Bu
mərhələdə layihələr Seçim
komissiyasının üzvləri və Mədəniyyət
Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya,
rəqəmsal və digər audiovizual əsərlərin məzmununun
qiymətləndirilməsi üzrə Ekspert
şurasının nümayəndələri tərəfindən
qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan
çox film istehsalata buraxılıb.
Nazir söyləyib ki, ölkəmiz 2023–2024-cü illərdə
beynəlxalq film müsabiqələrində uğurla təmsil
olunub: “Bu, çox müsbət haldır və bizi sevindirir.
Lakin nəticələr hələlik qənaətbəxş
deyil. Çünki bu sahədə potensial olduqca çoxdur və
ondan istifadə etməliyik. Bunun üçün də film
çəkilişləri zamanı infrastruktur baxımından
meydana gələn çətinlikləri və problemləri
müzakirə etmək vacibdir”.
Sonra kommersiya və animasiya filmlərinin çəkilməsi,
film istehsalı üçün maliyyə mənbəyinin
tapılması, vahid dövlət satınalma müqaviləsi,
kino tənqidi sahəsinin inkişafı, kino sahəsində
vergi güzəştləri, orta nəsil rejissorların
işə daha çox cəlb edilməsi, sənədli film
studiyalarının yenidən bərpa olunması, idman filmlərinə
dəstək, televiziya filmlərinin maliyyələşdirilməsi
və s. mövzularda təkliflər səsləndirilib.
Diqqət mərkəzinə çəkilən məsələlərə
münasibət bildirən nazir kinonun ümumi inkişafına
xidmət edəcək hər bir rəy və təklifin nəzərə
alınacağını söyləyib.
Görüşdə, həmçinin kino sahəsində
kadr çatışmazlığı, filmlərin dublyajı
ilə bağlı bir sıra fikirlər, o cümlədən
tənqidi mülahizələr səslənib, bu xüsusda
boşluqların olduğu vurğulanıb.
Nazir mədəniyyətin bir çox sahəsində
kadr çatışmazlığının özünü
göstərdiyini bildirib. Deyib ki, Mədəniyyət Nazirliyi
tərəfindən kino sahəsində kadr
hazırlığına böyük əhəmiyyət
verilir və bununla bağlı Elm və Təhsil Nazirliyi ilə
sıx əməkdaşlıq mövcuddur.
Diqqətə çatdırılıb ki, Prezident
İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə
təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində
Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət
və yaradıcı sənayelər üzrə xüsusi təqaüd
proqramı” həyata keçirilib. Proqramda qalib gələn gənclərdən
6 nəfər (ötən il 1 nəfər olub) xaricdə kino
sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil
alır.
Bədii, sənədli kino ilə yanaşı,
animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin
inkişafına xüsusi diqqət ayrılacağını
söyləyib.
Adil Kərimli görüşün sonunda kino ictimaiyyəti
ilə belə geniş tərkibdə, işgüzar və səmimi
atmosferdə ünsiyyətdən məmnunluğunu bildirib,
onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.3.