“Səttar Bəhlulzadə
– təbiətin ecazkar nağılı”
Milli İncəsənət Muzeyində dahi rəssamın
yubiley sərgisi
Bu il Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndələrindən biri Xalq rəssamı Səttar
Bəhlulzadənin (1909-1974) anadan olmasının 115, vəfatının
isə 50 illiyidir.
Bu münasibətlə noyabrın 6-da Azərbaycan
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə
– təbiətin ecazkar nağılı” adlı sərgi
açılıb.
Sərginin açılış mərasimində
Prezident Administrasiyası Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru professor
Hafiz Paşayev, mədəniyyət naziri Adil Kərimli,
tanınmış incəsənət xadimləri iştirak
ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində,
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət
Muzeyinin təşkilatçılığı ilə
keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından
seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri
yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın
muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu
ilk dəfə nümayiş etdirilir. Sərginin kuratoru sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova,
Xalq rəssamı Səlhab Məmmədov, tarix elmləri
doktoru, dövlət xadimi Həsən Həsənov, Əməkdar
incəsənət xadimi, sənətşünas Ziyadxan
Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri
Telman İbrahimov çıxış edərək Səttar
Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu
təkrarsız izdən danışıb, sərginin əhəmiyyətini
vurğulayıblar.
Qeyd olunub ki, hələ sağlığında
adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə
bütün yaradıcılığı boyu böyük məhəbbətlə
sevdiyi doğma yurdun təbiətini tərənnüm edib və
öz əsərlərində onun bütöv obrazını
əbədiləşdirib. Rəssamın tablolarının
koloritində hansısa aparıcı rəng
üstünlük təşkil edir və onun köməyi ilə
çox zaman əsərin aid olduğu konkret
yaradıcılıq mərhələsini təyin etmək
mümkündür. Sərginin ekspozisiyasında yer alan əsərlər
də məhz bu prinsip əsasında təqdim olunur.
Sənət yolunun başlanğıcını təcəssüm
edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan təbiət
təsvirləri, əbədi gənclik, mənəvi
hüzur, təbiət gözəlliklərinə məhəbbətlə
əlaqələndirilən yaşıl zalda isə Azərbaycan
mənzərələrinin ayrı-ayrı cizgiləri, qrafik rəsmləri
yer alıb.
Qırmızı zalda sənətə böyük məhəbbətlə
bağlanan rəssamın öz dəst-xəttini
formalaşdıraraq milli mənzərə rəngkarlığında
yeni səhifə açdığı dövr əks olunub.
Sarı zal isə odlar yurdu Azərbaycanın valehedici mənzərələrini
təcəssüm etdirərək həm də rəssamın
sakral dünyasının ifadəçisidir.
Yaradıcılığının kulminasiya nöqtəsini
həyatı boyu yaşatdığı mənəvi
paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin
bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz
zal isə xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa
bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə,
tərənnüm etməkdən usanmadığı
Abşerona əbədi sevgisinin izharıdır.
Multimedia vasitələrindən istifadə edilən sərgidə
rəssamın “Gülüstan” əsəri animasiya
formasında da təqdim olunur. Bununla yanaşı, sənətkarın
vitrində sərgilənən albomlarının bütün
səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə
nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir”
sənədli filmindən fraqment göstərilir.
Sərgi 31 yanvar 2025-ci il tarixinədək davam edəcək.
Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.2.