Balakəndə tanınmış tar ustasının xatirəsi anılıb

 

Balakən Rayon İcra Hakimiyyəti və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə görkəmli tar ustası Aydın Tağıyevin (1934–1992) 90 illik yubileyinə həsr olunan “Tarixdən bu günümüzə süzülən tar sənəti” adlı konfrans-konsert keçirilib.

Balakən şəhər Uşaq incəsənət məktəbində keçirilən tədbirdə çıxış edən icra başçısı İslam Rzayev tar sənətinin inkişafında əvəzsiz xidmətləri ilə tanınan, alətlərin təkmilləşdirilməsində özünəməxsus rol oynamış, görkəmli musiqiçilərlə sıx əlaqədə olan simli alətlərin ustası Aydın Tağıyevin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Aydın Tağıyev ötən əsrin 60-cı illərin ortasından başlayaraq təqribən 25 il davamlı şəkildə tar aləti hazırlamaqla yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-də, yaxın xarici ölkələrdə tanınıb.

Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev Aydın Tağıyevin milli musiqi alətimiz olan tarın milliliyinin, Azərbaycana məxsusluğunun qorunub saxlanılmasındakı xidmətlərindən söz açıb.

Digər çıxış edənlər Aydın Tağıyevin irsinin araşdırılması, haqqında məlumatların toplanılması, eyni zamanda yaratdığı musiqi alətlərinin öyrənilməsinin və yaradıcılığının gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

Bədii hissədə musiqi nömrələri səsləndirilib.

 

Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.4.