Azad yurdlarda Zəfər
bayramı
44 günlük Vətən müharibəsində
şanlı Zəfərin dördüncü
ildönümü ölkəmizdə böyük coşqu ilə
qeyd olundu. Xalqımıza əbədi qürur yaşadan Qələbəmiz
azad yurdlara qayıdan sakinlər üçün xüsusilə
əlamətdar olub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə paytaxtın bədii kollektivləri və
ifaçılar maraqlı konsert proqramları təqdim ediblər.
***
Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və
Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi
nümayəndəliyinin təşkilatçılığı
ilə Füzuli şəhərində keçirilən tədbirdə
rəsmilər, yerli sakinləri, şəhid ailələri,
qazilər və başqa şəxslər iştirak ediblər.
Ağacəkmə aksiyası ilə başlanan tədbirin
açılış mərasimində Prezidentin xüsusi
nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq Zəfər
Günü münasibətilə təbriklərini
çatdırıb.
Tədbirin rəsmi hissəsindən sonra Uluqbəy
adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə
konsert proqramı təqdim olunub.
Tamaşaçılar əvvəlcə Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin
əl işlərindən ibarət sərgi və “Vətənimin
Zəfəri” adlı konserti izləyiblər.
Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri
geniş proqramla çıxış ediblər. Solistlər vətənpərvərlik
ruhunda və bayram əhvallı muğam, təsnif və xalq
mahnılarımızı səsləndiriblər.
***
Cəbrayıl şəhərində təşkil
olunan konsertdən öncə tədbir
iştirakçıları Zəfər Günü ilə
bağlı videoçarxı izləyiblər.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı
və Rəqs Ansamblının (bədii rəhbər Xalq
artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri
Mahir Ordubadi) müşayiəti ilə solistlər –Muğam
Televiziya Müsabiqəsinin laureatı Vəfa Vəzirova,
Əməkdar artist Çinarə Heydərova (qanun), respublika
və beynəlxalq müsabiqələr laureatları İdris
Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və
Nurlan Əzizbəyli, “Misri” ansamblı, Taleh Hüseynli, Rəvan
Qaçayev və aşıq Ruhiyyə Qarabağlı
ifalarını təqdim ediblər.
Proqramda Azərbaycan bəstəkarlarının vətənpərvərlik
ruhlu əsərləri və xalq mahnıları səsləndirilib.
***
Laçın şəhərində təşkil
olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyi,
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları,
şəhid ailələri, qazilər, hərbçilər
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri
və sakinlər iştirak ediblər.
Bayraq meydanından başlayan tədbirin rəsmi hissəsindən
sonra hərbi orkestrin müşayiəti ilə “Lacinema” kino mərkəzinə
doğru bayraqla yürüş keçirilib. Tədbir kino mərkəzində
davam edib.
Bayram konsertində Əməkdar artist Elza Seyidcahan,
Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr
Elgiz Əliyev, Könül Xəlilzadə, Cahangir Cahangirov
adına xorun kollektivi, beynəlxalq müsabiqələr
laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və
gənc ifaçılar, laçınlı xanəndələr
və aşıqlar çıxış ediblər. 2
saylı Laçın şəhər tam orta məktəbinin
şagirdləri də milli rəqslər və bədii qiraətləri
ilə proqrama rəng qatıblar.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq
Qasımova həsr olunmuş “Oğul” sənədli filmi
nümayiş etdirilib.
***
Zəngilan rayonunun Ağalı kəndində
gerçəkləşən bayram şənliyində kənd
sakinləri, bölgədə fəaliyyət göstərən
müxtəlif qurumların əməkdaşları, hərbçilər
və onların ailə üzvləri iştirak ediblər.
Sonra Beynəlxalq Muğam Mərkəzi solistlərinin
ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər
soraqlı musiqi nömrələrinin səsləndirildiyi
konsert alqışlarla qarşılanıb.
***
Mədəniyyət paytaxtımız, bu il doğma
sakinlərinə qoynunda yer verən Şuşa şəhərində
də Zəfər Günü böyük təntənə
ilə gerçəkləşib.
8 noyabrda eyni zamanda Şuşa Şəhəri
Gününü qeyd edən sakinlər üçün,
sözün əsl mənasında, bayram bayrama
qarışıb.
Çünki dörd il öncə, Vətən
müharibəsinin bu günü müzəffər Ordumuzun
misli görünməmiş qəhrəmanlığı sayəsində
qala-şəhərimiz düşməndən qurtulmuşdu.
Şuşa zəfəri ilə, əslində, müharibənin
də taleyi həll olunmuşdu...
Şuşadakı bayram konsertində M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının
təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda
qayıdışın sevinci içərisində olan
şuşalıların yaddaşında silinməz iz qoyub.
***
Zəfər soraqlı tədbirlərin daha bir
ünvanı Xankəndi şəhəri olub. Azərbaycan
Ordusunun 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata
keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə
düşməndən azad olunan Xankəndi bu gün yeni
növrağını yaşayır.
Burada təşkil olunan bayram mərasimi də
böyük coşqu ilə qarşılanıb. Azərbaycan
Dövlət Akademik Filarmoniyasının solistləri, Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının
instrumental heyəti və solistləri maraqlı proqram təqdim
ediblər. Bayram şöləni tamaşaçılara
unudulmaz anlar yaşadıb.
Azad eldə böyük sevgi və qürurla gerçəkləşən
bayram konsertlərinin sonunda möhtəşəm atəşfəşanlıq
olub.
Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.4.