Nyu-Yorkda Azərbaycan xalq
mahnılarına həsr olunmuş müsabiqənin
qala-konserti
Xəbər verdiyimiz kimi, ABŞ-də yaşayan azərbaycanlı
pianoçu, musiqişünas, professor Nərgiz
Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət
Cəmiyyəti (National Music & Global Culture Society) tərəfindən
təşkil olunan ənənəvi beynəlxalq bəstəkarlıq
müsabiqəsi bu il dördüncü dəfə
keçirilib.
Müsabiqənin qalibləri sentyabrın 18-də Azərbaycanın
Milli Musiqi Günündə elan edilmiş, sentyabrın 28-də
isə Bakıdakı Kamera və Orqan Musiqisi Zalında
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı
çərçivəsində qalib olan əsərlərin
premyerası olmuşdu.
Bu günlərdə Nyu-Yorkdakı Linkoln Mərkəzinin
Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin
qala-konserti baş tutub.
Konsertdən əvvəl müsabiqənin təşkilat
komitəsinin rəhbəri Nərgiz Əliyarova çıxış
edərək layihəyə verdiyi dəstəyə görə
Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinə təşəkkürünü
bildirib.
Münsiflər heyətinin sədri, Juilyar Məktəbi
Bəstəkarlıq şöbəsinin müdiri Melinda Vaqner
müsabiqədə seçilən əsərlərdən
danışıb. Diqqətə çatdırıb ki,
müsabiqənin qalibi amerikalı bəstəkar Kian Ravaei
olub. Ona birinci dərəcəli diplom təqdim edilib.
Qeyd edək ki, müsabiqədə 2-ci yeri Ceyhun
Allahverdiyev (Azərbaycan), 3-cü yeri Xuanxo Villaroya
(İspaniya) tutub. Bundan əlavə, daha yeddi
iştirakçı müsabiqənin diplomantı olub.
Konsertin proqramına Azərbaycan bəstəkarlarının
əsərləri daxil edilib. Bundan əlavə, Azərbaycan
xalq mahnıları “Sarı gəlin”, “Ağacda alma”, “Aman,
ovçu” və digər milli musiqi nümunələri də
səsləndirilib.
Pianoda professor Nərgiz Əliyarova
çıxış edib. Proqramda ABŞ-də yaşayan gənc
azərbaycanlı müğənni Aqil Süleymanov, həmçinin
kamera musiqisi ansamblının ifaçıları iştirak
ediblər.
Qeyd edək ki, IV Beynəlxalq Bəstəkarlar
Müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunmuşdu.
Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.5.