“Niyyətimiz milli ruh anlayışını gənclərə dərindən öyrətməkdir”

 

Ankaradakı Rəsulzadə adına Anadolu liseyinin direktoru: “Türk dünyası şagirdləri üçün BMT-nin model layihəsinin bənzərini hazırlamışıq”

 

“İnsanlara hürriyyət, millətlərə istiqlal” düşüncəsi ilə dünyanın mütəfəkkir siyasi xadimləri arasında xüsusi yer tutan Azərbaycanın müstəqillik mücahidi Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) bu il anadan olmasının 140 illik yubileyidir.

Türkiyənin paytaxtı Ankaradakı Məhəmməd Əmin Rəsulzadə adına Anadolu liseyi 30 ildən çoxdur fəaliyyət göstərir. Yalnız Rəsulzadənin adını yox, həm də onun öndərlik ruhunu daşıdığı üçün bu məktəbin şagirdləri bilik göstəricilərinə görə ilk sıralarda yer alırlar.

Liseyin direktoru Taylan Kaya türk milli-mənəvi dəyərlərinin fəal təbliğatçısıdır. Beş ildir bu məktəbə rəhbərlik edir. Taylan Kaya bundan öncə də Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olaraq tanıdığını deyir və liseyin direktoru kimi ilk olaraq Rəsulzadə guşəsi təşkil edib: “Açılışa millət vəkillərini, Azərbaycanın Türkiyədəki səfirini, səfirliyin nümayəndələrini çağırdıq, gəlib iştirak etdilər”.

Amma məktəbin yerləşdiyi bina zəlzələyə davamsız tikililər siyahısında olduğu üçün 2021-ci ildə təhsil ocağı başqa bir yerə köçürülüb. Bina sökülüb və ilin əvvəlindən inşaata başlanılıb.

Taylan Kaya: “Müvəqqəti olaraq yerləşdiyimiz məktəbdə Rəsulzadə guşəsini qurmaq mümkün olmadı, amma burada Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Azərbaycan otağı yaradılıb. Burada Azərbaycanın tanınmış yazıçı və şairlərinin, şəxsiyyətlərinin fotoları da yer alır. Məktəbimizin yeni binasının inşaat işləri isə başa çatmaq üzrədir, çox modern və gözəl bir bina inşa edilib. İki-üç ay ərzində öz binamıza qayıdacağıq, o zaman Rəsulzadə adına yenidən quracağımız guşədə Azərbaycan otağından da nümunələr yerləşdirməyi düşünürük”.

Taylan Kaya hər il Rəsulzadənin adı ilə bağlı layihələr həyata keçirdiklərini deyir: “Bu  il Rəsulzadənin 140 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncamdan çox məmnun olduq. Hər il Rəsulzadənin xatirəsinə həsr olunan layihələr icra edirik. Bu dəfə öz məktəbimizə qayıtdıqdan və Rəsulzadə guşəsini qurduqdan sonra möhtəşəm bir açılış edəcəyik. Açılışa hər iki ölkənin təhsil nazirlərini, Azərbaycanın millət vəkillərini, Rəsulzadənin Türkiyədə qurduğu Azərbaycan Kültür Mərkəzinin nümayəndələrini, təbii ki, medianı da dəvət eləmək fikrindəyik. Azərbaycanla əlaqələrimizi genişləndirməyə çalışırıq. Dəfələrlə səfir və səfirlik nümayəndələri məktəbimizə gəliblər. Yeri gəlmişkən, məktəbimizin yeni binasının tikintisinin sürətləndirilməsi ilə bağlı göstərdiyi diqqətə görə səfir Rəşad Məmmədova təşəkkür edirik”.

Rəsulzadə adına Anadolu liseyin şagirdləri ali məktəblərə qəbulda, olimpiadalarda, bilik yarışlarında yüksək göstəricilərə nail olurlar. Direktor bunun sirrini şagirdlərə sərbəstlik verilməsi ilə əlaqələndirir: “Ali məktəblərə hazırlanan gənclər seçim yolu ilə liseyimizə qəbul edilir. Bu il 27 məzunumuz tibb üzrə universitetə qəbul oldu.

Məktəbimiz Ankaranın qəlbi deyəcəyimiz yerlərindən birində – Çukurambar məhəlləsindəki Öyrətmənlər küçəsindədir. Bu məkanın ayrıca bir cəlbediciliyinin olması da, fikrimcə, şagirdlərimizə ruh yüksəkliyi verir”.

Taylan Kaya lisey şagirdlərinin sosial, mədəni həyatda, idman sahəsində də aktiv olduqlarını bildirir: “Şagirdlərimiz ilçə (rayon) birinciliklərində çox hallarda ilk yeri tuturlar. Musiqi klubumuz var, onun fəaliyyəti ilə bağlı “TRT Müzik”də proqramlar da yayımlanıb. “Qafqaz” rəqs qrupumuz da fəaldır. Tədbirlərimizdə Azərbaycan rəqsləri çox rəğbətlə qarşılanır.

Bundan başqa, Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri iki ölkə arasında birliyi ifadə edən şeir, rəsm və kompozisiya yarışması keçirmişdi, 3 nominasiyanın da qalibi bizim şagirdlərimiz oldu. Onların Azərbaycana 10 günlük səfəri təşkil edildi, Şuşaya da getmişdilər və çox zəngin təəssüratla döndülər”.

Liseyin Türk dünyası ilə bağlı rəngarəng layihələrinin də olduğunu deyən direktor bu işdə Azərbaycan əsilli müəllim Murat Güləbətəkinin xüsusi rolunu vurğulayır.

Murat Güləbətəkin: “2007-ci ildən burada çalışıram. İlk gəldiyimdə məktəbimizin Azərbaycanla əlaqələrini öz üzərimə götürdüm. 2015-ci ildə həmkarım Hayrı Ataş ilə  bərabər bir layihə həyata keçirdik. Bakı Türk Anadolu liseyindən 20-dək müəllim və şagirdlər gəldi, liseyimizdə tədbirlər təşkil edildi və böyük maraqla qarşılandı. Sonra biz  2018-ci ildə “Qardaş köməyi” adlı bir layihə icra etdik, Bakıya, oradan da Ağcabədi rayonunda məskunlaşan Laçın rayon Vağazin kənd orta məktəbinə getdik. Çox xoş bir səfər oldu.

2021-ci ildə “Türk Kültür Irmağı” adlı (“ırmak” – çay) layihəmizi onlayn formatda Azərbaycandan Sabunçu rayonu 170 nömrəli orta məktəb, Kosovodan Atatürk liseyi, Qaqauz Yerindən (Moldova) Süleyman Dəmirəl liseyi – 4 məktəb birgə həyata keçirdik. Layihə çərçivəsində 20 şagird, 6 müəllimlə Kosovaya getdik. Sonra Qaqauz Yerinə, keçən il mayın 5-də isə direktorumuz, digər bir müəllimimiz və 7 şagirdlə bərabər Bakıya səfər etdik. Bakı Türk Anadolu liseyində bizi çox gözəl qarşıladılar. Şagirdlərimizlə Bakının görməli yerlərini gəzdik”.

Taylan Kaya: “Bakıda qaldığımız bir həftə ərzində ən gözəl qonaqpərvərliyi gördük. Qardaşı Qarabağ şəhidi olan bir valideyn bizi evinə dəvət etdi. Şəhid anasını ziyarət etdik, xeyir-duasını aldıq. Bir sözlə, Azərbaycanda əsla unutmayacağımız  xoş xatirələr yaşadıq. Bir həftə sonra da Azərbaycandan məktəbimizə şagirdlər gəldi. Onları Ankarada gəzdirdik, o cümlədən Anıtqəbri – Atatürkün mavzoleyini ziyarət etdik”.

Taylan Kaya hesab edir ki, Türkiyə ilə Azərbaycan Türk dünyasının lokomotivi olduğu üçün iki ölkə arasındakı əlaqələr ilk növbədə təhsil vasitəsilə, uşaqların ünsiyyətləri nəticəsində güclənər və bu çox yaxşı örnək rolunu oynayar: “Son dönəmlərdə Azərbaycandakı məktəblərlə əlaqələr qura bilmişik və bunun davam etməsini arzu edirik. Məsələn, “Şəhidin şəhidimdir” adlı layihə icra etmək, bu layihə çərçivəsində II Qarabağ savaşı şəhidlərinin, yaxud qazilərinin övladlarını Türkiyəyə dəvət edib, məktəbimizlə, ölkəmizlə tanış etmək istərdik. Bu layihənin həyata keçməsi üçün xərcləri də özümüz qarşılamağa hazırıq”.

Direktor Türkiyə Milli Təhsil Nazirliyinə təqdim edəcəkləri layihələrindən də bəhs etdi: “İki ildir bu layihə üzərində işləyirik. İstərdik ki, 10-cu sinif şagirdlərimizidən 10-u bir tədris  dönəmini, yəni 3-4 ayı Azərbaycanda Bakı Türk Anadolu liseyində, ikinci dönəmi də Azərbaycandan 10 şagird təhsil müddətini bizim liseydə keçirsin. Yəni Avropa Birliyi layihəsi çərçivəsində xarici ölkələrlə şagird mübadilə proqramı icra olunur. Hazırda Amerikada bir şagirdimiz var. Avropa ölkələrindən də şagirdlər gəlib bu proqramda iştirak edir, türkcə təhsil alırlar. Türk dünyası ilə nədən belə bir layihə mümkün  olmasın? Biz bu layihəni ilk olaraq Azərbaycanla reallaşdırmaq, sonra isə Türk dünyasında yaymaq arzusundayıq. Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni səviyyədə əlaqələri tənzimləyən qurumlar var, universitetlər arasında belə fəaliyyət var, amma lisey səviyyəsində belə fəal bir qurum yoxdur”.

BMT-nin nəzdində “Model Birləşmiş Millətlər” (ingiliscə: Model United Nations, MUN) adlı yeniyetmə və gənclərin birləşdiyi təhsil qurumundan misal gətirən direktor bunun Türk dünyasında tətbiq olunmasının mümkünlüyündən də danışdı: “MUN təhsil simulyasiyasında hər ölkədən məktəbli nümayəndələr seçilir və onlar təhsil məsələləri ilə bağlı toplantılar keçirirlər. Bu layihənin bənzərini Türk dünyası şagirdləri icra edə bilərlər. Türk Dövlətləri Təşkilatının nəzdində belə bir qurum yaranarsa, gözəl olar.  Şagirdlərimizin də könül bağlarının möhkəmlənməsi vacibdir. Bununla əlaqədar Türkiyənin Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə danışmışıq. İlk olaraq öz məktəbimizdən başlamaq niyyətindəyik...”.

Murat müəllim isə məktəbdə qurulan Türk dünyası topluluğundan bəhs etdi: “Bu, ümumtürk tarixi, mədəniyyəti, ədəbiyyatı və musiqisi ilə bağlı bir layihədir. Builki tədris ilində direktor mənim dərs proqramıma türk düşüncə tarixi dərsini də əlavə etdi. Şagirdlərimə tapşırıq verdim ki, hərəniz bir türk xalqının milli musiqisini öyrənib səsləndirin. Azərbaycanda analarımız körpələrinə “lay-lay”, Türkiyədə “ninni” oxuyur, bəs qazax, qırğız, özbək, digər türk xalqları uşaqlarına nə oxuyur? Gənclərimizə Üzeyir Hacıbəylinin musiqisini, Rəşid Behbudovun oxuduğu mahnıları dinlətdirirəm. Liseyimizin adını daşıdığı Rəsulzadənin xatirəsini də yaşadırıq. Onun anım və doğum günlərində məzarını ziyarət edirik. Niyyətimiz milli ruh anlayışını gənclərə dərindən öyrətməkdir”.

 

Mehparə Sultanova

Ankara

Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.7.