“Cəhənnəm
sakinləri” tamaşası Şəkidə nümayiş
olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə teatrların regionlarda qastrol səfərləri davam
edir. Məqsəd yerlərdə mədəni həyatın fəallaşdırılmasına,
yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə
və təcrübə mübadiləsinə şərait
yaratmaqdır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
noyabrın 11-də “Cəhənnəm sakinləri”
tamaşası ilə Şəki Dövlət Dram Teatrında
çıxış edib.
Xalq yazıçısı Elçinin eyniadlı
pyesi əsasında hazırlanan səhnə əsərinin
quruluşçu rejissoru və rəssamı mərhum Xalq
artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor
assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı
Kamil İsmayılovdur. Tamaşada bəstəkar, Xalq artisti Azər
Dadaşovun musiqisindən istifadə olunub.
Rolları Xalq artistləri Məleykə Əsədova,
Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən
Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev,
Elçin Əfəndi, Ləman İmanov, Rüstəm
Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə
Novruzlu oynayırlar.
Tamaşa 1937-ci ilin repressiyalarından bəhs edir.
İnsanlara qarşı həyata keçirilən kütləvi
təqib, mənəvi təzyiq ailələrin içinə
də sirayət edir, ər və arvadı üz-üzə
qoyur. Günlərin birində evdə peyda olan
çağırılmamış qonaq (ər-arvada görə
Şeytan) onların əsl mahiyyətini üzə
çıxarır, qorxunun insan həyatında hansı faciələrə
səbəb olduğunu göstərir.
Səfər çərçivəsində Akademik
Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov və Şəki
Dövlət Dram Teatrının baş rejissoru və direktor vəzifəsini
icra edən Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin
iştirakı ilə iki kollektiv arasında gələcək əməkdaşlıqla
bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək
ki, “Bölgə teatrlarının Bakı premyerası” layihəsi
çərçivəsində Şəki teatrının
dekabr ayında iki tamaşa ilə Milli Dram Teatrında
çıxış etməsi nəzərdə tutulub.
Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.5.