Yol gedirdi dolana-dolana – Cəbrayıla,
Zəngilana...
Zəfər soraqlı günlərdə azad torpaqlara
musiqili səfər
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 8 Noyabr – Zəfər Gününə həsr
olunmuş silsilə konsertlərlə əlaqədar Beynəlxalq
Muğam Mərkəzinin musiqiçiləri ilə birlikdə
qrup rəhbəri olaraq Zəngilan və Cəbrayıl
rayonlarına səfər etdik. Bu torpaqlara ilk səfərimdir
və çox həyəcanlıyam. Bakıdan noyabrın 7-də
səhər saatlarında yola düşdük.
Yolboyu Zəngilanın qısa zamanda necə sürətlə
bərpa edildiyinə, tikinti-quruculuq işlərinin necə
sistemli şəkildə aparıldığına şahid
oluruq. Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
əməkdaşları da yol yoldaşımızdır.
Rayonun Məmmədbəyli kəndi ərazisindəki
türbənin yaxınlığından keçirik. Əməkdaşlar
türbə haqqında ətraflı məlumat verirlər. Səfər
heyətində aşıq Ruhiyyə Qarabağlı da yer
alıb. Əslən bu kənddən olan aşıq doğma
elinin vandalizmə məruz qalmış evlərini görən
zaman göz yaşını saxlaya bilmir. Deyir ki, ailəsi ilə
birlikdə kəndi səkkizinci sinifdə oxuyanda tərk edib.
Düz 32 ildir həsrətlə bu günü gözləyirmiş.
Uzun ayrılıqdan sonra dağıdılmış kəndlərini
görmək ona çox pis təsir edir. Yoldaşlarımız
Ruhiyyə xanıma ürək-dirək verir, tezliklə
doğma yurduna qayıdacağı günün xəbərini
verməsini diləyirlər.
Elə bu an gözlərimiz önünə gələn
ürəkaçan mənzərə aşıq Ruhiyyənin
də toxtamasına səbəb olur. Məmmədbəyli kəndi
yenidən tikilir, evlər sıralanıb. Bundan gözəl nə
ola bilər ki?! Maşından enib onların evinin
xarabalıqlarına baxmaq istəyirik. Əfsus ki, təhlükəsizliklə
əlaqədar buna icazə verilmir. Amma tikinti aparılan ərazini
rahat şəkildə görə bilirik.
Beləcə, acılı-şirinli xatirələrlə
Zəngilanın Ağalı kəndinə
çatırıq. Ağalı işğaldan azad edilmiş ərazilərimizdə,
ümumiyyətlə, Azərbaycanda ərsəyə gətirilən
ilk “ağıllı kənd”dir...
“Ağalı” hotel elə də tez-tez qonaq qəbul
etmir, deyəsən. Hotelin gülərüz personalı təcili
otaqların istilik sistemini işə salır. Özlərinin
münasibəti də istidir, səmimidir.
Rahatlığımız üçün əllərindən
gələni etməyə çalışırlar.
Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları
da bayram tədbirinin yüksək səviyyədə keçməsi
üçün bütün qüvvələrini səfərbər
ediblər. İlhamiyyə Rza, Nigar Əhmədova, Elgiz Nəbili,
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında
Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı
Zəka Quluyev və xidmətin digər əməkdaşları
gecə saatlarına qədər sabahkı konsertlərin
proqramına təkrar-təkrar nəzər yetirirlər...
İşğaldan əvvəlki firavan dövrün tək
nişanəsi – işıq dirəyi
Zəngilanda açılan bir payız səhəri. Təmiz
hava, sakitlik... Hotelin qarşısında toplaşıb Cəbrayıla
yollanırıq. Bir saata Cəbrayıldayıq deyirlər. Bəlkə
də tez. Arazın o tayından, Cənubi Azərbaycanın
Arazboyu kəndlərindən ərşə qalxan duman bizi izləyir.
Arabir qonşu ölkənin mobil şəbəkələri
telefonlarımızı “işğal” edir.
Bakı-Mincivan dəmir yol xətti, yeni salınan
magistral yol göz oxşayır. Araz çayının bizə
yol uzunu yoldaşlıq etməsinin özü də sanki bir
nağıldır. Buradakı hər işıq dirəyi dəmir
yol xətti ilə Arazboyu stansiyalarda qatarlarımızın
fit səsinin yenidən eşidiləcəyi günün
heç də uzaqda olmadığını
pıçıldayır...
Cəbrayıla yaxınlaşırıq. Rayonun girəcəyindəki
dairədə işıq dirəyi görünür – erməni
işğalından əvvəl, rayonun firavan dövründən
qalan tək nişanə. İlhamiyyə xanım bu dirəyi
eksponat kimi saxlamaq fikirlərinin olduğunu bildirir.
Bu məqamda deyim ki, Zəfər konsertinə gedən
musiqiçilərdən biri də xanəndə Məbud
Əhmədovdur. 44 günlük Vətən müharibəsinin
qazisi olan ifaçı döyüş yolundan bəhs edir, xatirələrini
bölüşür. Bəzən kədərlənir, bəzən
də kədərini gənc xanəndə Rəvan
Qaçayevlə birlikdə vətən bayatıları ilə
muğama söykəyib gizlətmək istəyir. Deyir ki,
döyüş yolu Füzuli rayonunun Horadiz qəsəbəsi
istiqamətindən başlayıb. Üzü Cəbrayıla
gedirik axı. Məbud da Cəbrayıldakı
döyüş yolundan danışır. Duman içində
qarşıdakı təpənin arxasında ermənilərlə
üz-üzə dayanmalarından söz açır, elə
bu ərazilərdə zabit və əsgərlərimizin necə
rəşadətlə, peşəkarcasına
vuruşduqlarını deyir...
“6 yaşımda çıxdığım yurduma 6
yaşlı oğlumla qayıdıram...”
Cəbrayıla çatırıq. Elə dünən
Cəbrayıl şəhərinə daha 30 ailə (150 nəfər)
köçürülüb. Yeni binalarda məskunlaşan
sakinlər məmnun və şən görünürlər.
Çünki Zəfər bayramını ilk dəfə Cəbrayılda
qeyd edirlər. Bayram şənliyində Cəbrayıl şəhəri
və Cocuq Mərcanlı kəndinin sakinləri, bölgədə
quruculuq-abadlıq işlərini həyata keçirən, fəhlə
və ustalar, müxtəlif qurumların əməkdaşları,
hərbçilər və onların ailə üzvləri
iştirak edirlər. İmkan tapıb sakinlərdən bəziləri
ilə həmsöhbət oluram.
Nübar Qəhrəmanova şəhərə yeni
köç edən ailələrdəndir. İki qızı
ilə birlikdə Zəfər konsertini izləməyə gəliblər.
Deyir ki, hələ tam yerbəyer olmayıblar. Amma ev hər
cür şəraitlə təmin olunub. Buna görə də
dövlətimizə minnətdarlığını ifadə
edir.
Burada Bakıdan qonaq gəlib qismətinə konsert izləmək
düşən cəbrayıllılar da var. Çox
sevinclidirlər. Tezliklə doğma yurda qayıdacaqları
günü gözləyirlər. Məryəm xanım müəllimdir.
Cəbrayıla əmisigilə qonaq gəlib. Deyir ki, yolboyu
ağlımda yalnız bu düşüncə var idi: 6
yaşımda çıxdığım yurduma indi 6
yaşlı oğlumla qayıdıram. Əmisinin həyat
yoldaşı da çox razılıq edir. Bildirir ki, burada hər
bir şəraitlə təmin olunmuşuq.
Qeyd edim ki, indiyədək Cəbrayıl şəhərində
ümumilikdə 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması
təmin olunub. Doğma yurda qayıdış mərhələli
şəkildə davam edir.
Budur, gözlənilən məqam yetişir, Zəfər
konserti başlanır. Uşaqlar, qadınlar, əsgərlər
böyük sevinc içərisində rəqs edir, şənlənirlər.
Bayram konserti böyük coşqu ilə
qarşılandı. Bir daha bu qənaətə gəldim ki, Zəfər,
həqiqətən də, böyük qürur, ruh yüksəkliyi,
həyatdan dördəlli yapışmaq deməkmiş. Zəfər
həm də onu canı-qanı bahasına qazanan Vətən
oğullarına minnətdar olmaqdır. Mən də Cəbrayıl
sakinlərində məhz bu əhvalı, bu hissləri müşahidə
etdim...
Köksümüzü dolduran əminlik...
Cəbrayılda qalibiyyət əhvallı konsert
proqramı böyük alqış sədaları altında
yekunlaşır. Musiqiçilər qrupunun bir hissəsini
Şuşa və Xankəndiyə yola salıb Zəngilanın
Ağalı kəndinə qayıdırıq.
Kəndin mərkəzindəki göyərçinlər
abidə-kompozisiyasının yanında xatirə fotosu çəkdirib,
qurulan səhnədə konsertə başlayırıq. Vətənpərvərlik
ruhunda, eləcə də şən-şux xalq və bəstəkar
mahnıları sakinlərin könlünü oxşayır.
Xüsusən də uşaqlar və əsgərlərimiz
ürəkdən sevinirlər.
İfaçılarımızın
çıxışları böyük alqışlarla
qarşılanır. Burada da səmimi atmosferdə keçən
Zəfər konsertimiz başa çatır.
Günəş yavaş-yavaş cənub-qərbdə
sıralanan dağların arxasına doğru əyilir. O
başqa məmləkətləri işıqlandırmağa
gedir. Bizsə əks istiqamətə, şərqə sarı
– Bakıya yol alırıq...
Bir qədər yorğunluğumuz var. Təki Zəfər
soraqlı tədbirlərdə yorulaq. Yolboyu böyük bir əminlik
hissi köksümüzü doldurur: dövlətimizin
“Böyük Qayıdış” proqramı ilə Qarabağ və
Şərqi Zəngəzurun işğaldan azad olunmuş
bütün yurd yerləri işıqlı günlərinə
qovuşacaq...
Lalə Azəri
Bakı-Zəngilan-Cəbrayıl-Bakı
Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.5.